Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1264/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X7 (Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 23/5, mənzil 5-də yaşayan), Cavabdehin nümayəndəsi X8 (2 saylı Ərazi Vergilər Departamentində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 18.06.2020-ci il tarixli **********802300 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli **********802300 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı xəbəri olmadan İddiaçı əsassız əlavə vergi məbləği hesablamışdır. Qeyd olunan vergi borcunun silinməsi ilə bağlı Dövlət Vergi Xidmətinə 08.02.2021-ci il tarixdə müraciət etdmişdir. Lakin vergi orqanı həmin şikayətə baxaraq 04.05.2021-ci il tarixli "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarı qəbul etmişdir. Həmin qərardan ona məlum olmuşdur ki, cavabdeh vergi orqanı iddiaçının adına aparılmış valyuta əməliyyatlarını rəhbər tutaraq 18.06.2020-ci il tarixli **********802300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən 11440,8 manat məbləğində əlavə vergi məbləği hesablamışdır. Belə ki, kameral vergi yoxlaması nəticəsində vergi orqanına məlum olmuşdur ki, iddiaçı tərəfindən 81720,0 manat məbləğində pul vəsaitinin üzərində valyuta mübadiləsi əməliyyatı aparılmışdır. Bununla da üzərində valyuta mübadiləsi həyata keçirilən pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Sözügedən pul vəsaiti iddiaçının və ailə üzvlərinin pensiya və əmək haqqlarından yığılmışdır. İddiaçı həmin pul vəsaitinin 22.000 manat məbləğini atası X11, 33.000 manat məbləğini anası X4, 30.000 manat məbləğini həyat yoldaşı X6, 24.000 manat məbləğini isə dostu X1 almışdır. Eyni zamanda anası, atası, həyat yoldaşı və dostundan aldığı pullar barədə onlar təfindən verilmiş iltizamları cavabdeh vergi orqanına təqdim etmişdir. Lakin inzibati şikayətə baxan vergi orqanı qərarda qeyd etmişdir ki, konvertasiya edilmiş pul vəsaitinin mənbəyi müəyyən edilməmiş, sahibkarlıq fəaliyyətindən əldə edilməsi təsdiqlənməmiş, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlər təqdim edilməmiş, bununla da konvertasiya olunmuş vəsaitin mənbəyi müəyyən anmamış və onun vergiyə cəlb edilmiş olduğu sübuta yetirilməmişdir. Halbuki, pul vəsaitinin əldə edilməsinə dair iltizamlar və bank hesabından çıxarışlar inzibati araşdırma aparan vergi orqanına təqdim edilmişdir.Göründüyü kimi qeyd edilən pul vəsaiti hər hansı sahibkarlıq və yaxud qevri- sahibkarlıq fəaliyyətindən olan gəliri deyildir. Həmin vəsait yuxarıda adını çəkdiyi yaxınları tərəfindən ona verildiyinə və həmin pul vəsaitləri özünün və yaxınlarının pensiya və əmək haqqlarından ibarət olduğuna görə, onun vergiyə cəlb edilməsi ilə bağlı vergi qanunvericiliyində hər hansı norma mövcud deyildir. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi N.Tağıyev iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməyərək izah etdi ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin vergi orqanı tərəfindən 02.06.2020ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” olduğu müəyyən edilmişdir.Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 81720,0 manat məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir.Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 04.06.2020-ci il tarixli **********880800 nömrəli məktub göndərilmiş, lakin fiziki şəxs tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi üzrə 11440,8 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.06.2020-ci il tarixli **********802300 nömrəli qərar qəbul edilərək fiziki şəxsə göndərilmişdir.Vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 08.02.2021-ci il tarixli inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən 04 may 2021-ci il tarixli **********608100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, fərdi sahibkar İddiaçı şikayətində 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - Baş İdarə) tərəfindən 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 11440,8 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir.İnzibati şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə vergi ödəyicisinə 1723.02.2021-ci il tarixli **********358300 nömrəli, 01.03.2021-ci il tarixli**********666400 nömrəli və 19.03.2021-ci il tarixli **********884600 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktub göndərilmiş, müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə, vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlər araşdırmaya tam təqdim edilməmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Fiziki şəxs müraciətində mübadilə edilmiş məbləğin özünün və ailə üzvlərinin pensiya və əmək haqlarından ibarət olduğunu bildirmişdir. Fiziki şəxs atası X17, anası X13, həyat yoldaşı X15 və dostu X3 tərəfindən verilmiş iltizamları araşdırmaya təqdim etmişdir. İltizamlarda 2020-ci ilin mart ayı ərzində fiziki şəxsə ABŞ dollarına konvertasiya etmək məqsədilə X17 tərəfindən 22000,0 manat, X13 tərəfindən 33000,0 manat, X15 tərəfindən 24000,0 manat və X3 tərəfindən 30000,0 manat verildiyi qeyd edildiyi lakin müvafiq iltizamların notarial qaydada təsdiq olunmadığı müəyyən edilmişdir. Araşdırmaya təqdim edilmiş bank hesabından çıxarışlara əsasən 2019-cu il ərzində X16 2359,23 manat, X9 4106,5 manat, X12 12378,56 manat məbləğində vəsait köçürüldüyü müəyyən edilmiş, lakin X2 gəlirləri ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda vergi orqanının uçot-baza məlumatlarına əsasən fiziki şəxsin 2020-ci ilin mart ayınadək əmək müqaviləsi əsasında heç bir yerdə işləmədiyi müəyyən edilmişdir. Göründüyü kimi fiziki şəxsin konvertasiya olunmuş vəsaitin mənbəyi barədə məlumatların iddianın təmin edilməsinə əsas vermədiyinin inzibati araşdırma ilə təsdiqləndiyini, fiziki şəxsə ABŞ dollarına konvertasiya etmək məqsədilə verilmiş iltizamların notarial qaydada təsdiq olunmadığını, habelə əlavə araşdırma ilə vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyini, araşdırma ilə müəyyən edilən aylıq gəlirlərinin ailə üzvlərinin yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğunu, bu məqsədlə nağdsız qaydada ödənişlərin edildiyini, bununla vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsinin real olmadığını, inzibati araşdırma zamanı bunun əksinin sübuta yetrilmədiyini, habelə gəlirlərin sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğunun sübuta yetirilmədiyini nəzərə alaraq iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş : -2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 18.06.2020-ci il tarixli **********802300 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 2019-cu il üçün gəlir vergisi üzrə 11440,80 manat vergi borcu hesablanmışdır. -Dövlət Vergi Xidmətinin **********095600 nömrəli qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 08.02.2021-ci il, 17.02.2021-ci il inzibati şikayəti təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli **********802300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - X17, X13, X15 və X3 tərəfindən verilmiş iltizamlardan görünür ki, onlara məxsus pul vəsaitləri İddiaçı tərəfindən konvertasiya edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********802300 nömrəli “Vergilərin hesablanması haqqında” qərar tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılmış və 2016-ci ilin sonlarından hal-hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər olmuşdur. X22 Heyəti 21 dekabr 2015-ci il tarixdə manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etmiş və bundan sonra 1 ABŞ dolları 1,55 manata, 2016-cı ilin dekabr ayından bu günə kimi isə rəsmi məzənnə ilə 1 ABŞ dolları 1.700 manata bərabər olmuşdur. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitin konvertasiyası nəticəsində 25525.0 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı tərəfindən aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçıf Hümbət oğlu barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli **********802300 saylı “Vergilərin hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddia müddəti ilə bağlı məhkəmə qeyd edir ki, mübahiəsləndirilən qərarın iddiaçıya təqdim edilməsi (elan edilməsi, poçt vasitəsi ilə göndərilməsi və s.) barədə sübut olmadığından iddia müddəti otürülməmiş hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 18.06.2020-ci il tarixli **********802300 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1264/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1264/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver