Məhkəmə qərarları › İş №2-1(118)-1265/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1265/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1265/2021 13.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X6 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “DƏDRX-in 2 saylı ünvan 1 ünvanında yerləşən 0,0296 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05.10.2017-ci il tarixli ******* nömrəli RX seriyalı çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nın nizamnamə kapitalını 03.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almış, Firmanın hasarının daxilində, faktiki firmanın istifadəsində olan dövlət mülkiyyətinə aid, lakin A.Sultanovun adına bələdiyyə qərarı olan və iddiaçıya satdığı 0,03 ha torpaq sahəsi vardır. Dəfələrlə Corat Bələdiyyəsi cavabdehə müraciət edərək mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh tərəfindən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilərək hüquqların dövlət qeydiyyatına alınmasına imtina edilmişdir. Firmanın daxilində yerləşən 0,03 ha torpaq sahəsi torpaq registrində dövlət torpağı kimi qeydə alındığından, Əmlak Komitəsinin ərazi şöbəsinin sabiq rəisi 2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həmin torpağa münasibətdə guya sürüşmə olduğunu və düzəliş edilməsini təklif edən məktubla müraciət etmişdir. Məktuba cavab verilməmişdir. Sumqayıt 2 saylı Ərazi İdarəsində mübahisəli torpaqla bağlı qovluğda olan həmin məktubla şəxsən tanış olmuşdur. Həmin məktub əsasında sahəsi 0,0296 ha olan torpağın daş-beton hasarın içərisində bağlı şəkildə firmanın istifadəsində və dövlət mülkiyyətində olmasına baxmayaraq, DƏDRX-in Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı Çıxarış verilmişdir. Sumqayıt şəhər Corat Bələdiyyəsinin 27.11.2017-ci il tarixli Qərarında /Protokol N 08/ firmanın faktiki istifadəsində olan, firmanın hasarının daxilində yerləşən 0,0296 ha torpaq sahəsinin guya firmanı və mübahisəli 0,0296 ha torpaq sahəsini ona satmış A.Sultanovun arvadı Səlimə Qasımovanın fərdi ev tikintisi üçün guya faktiki istifadəsində olduğu göstərilərək ona verilməsi qərara alınmışdır. 27.12.2017-ci ildə isə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri ilə X9 arasında 1 saylı notariat kontoıunda alqı-satqı müqaviləsi bağlanmışdır. Firmanın həyətində və faktiki istifadədə olan dövlət mülkiyyətində olan 0,0296 ha torpaq sahəsinin Corat qəsəbə Bələdiyyəsinin adına bələdiyyə torpağı kimi dövlət qeydiyyatına alınması və bələdiyyə sədrinin S.Qasımova ilə alqı-satqı müqaviləsi bağlaması firmanın darvazasının bağlanmasına, yolun kəsilməsinə səbəb olur və firmanın fəaliyyətini məhdudlaşdırır. Ona görə hesab edir ki, dövlət mülkiyyətində olan torpağın bələdiyyə mülkiyyəti kimi Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 05.10.2017-ci il tarixli ******* nömrəli RX seriyalı çıxarış etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Lakin məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümükün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı-nin nümayəndəsi Dadaşov Cavanşir Salam oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi üzərində Sumqayıt Şəhər Corat Bələdiyyəsinin və X6 adına qeydə alınmış çıxarışların ləğv edilməsi ilə bağlı 06 may 2021 -ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Dadaşov Cavanşir Salam oğluna bildirilmişdir ki, İddiaçı X7 məxsus qeyri-yaşayış binasının qonşuluğunda yerləşən sözügedən torpaq sahəsi üzərində əvvəlcə Sumqayıt Şəhər Corat Bələdiyyəsinin 03 may 2013-cü il tarixli 07 nömrəli qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş 29 avqust 2014-cü il tarixli 7411 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında Corat Bələdiyyəsinin mülkiyyət hüququ tanınmış, bələdiyyənin mülkiyyət hüququ tanındığı zaman torpaq sahəsinin təyinatı dəqiqləşdirilmiş, Əmlak Məsələlələri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş, elektron kadastr baza məlumatlarında dəyişiklik edilmişdir. Daha sonra Corat Bələdiyyəsinin nümayəndəsi ilə vətəndaş arasında 16 dekabr 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilə əsasında torpaq sahəsi 27 dekabr 2017-ci il tarixdə X6 adına qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, sözügedən daşınmaz əmlaka dair verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi Dadaşov Cavanşir Salam oğluna tövsiyə edilmiş və bu barədə ona 18 may 2021-ci il tarixli **********41 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Corat Bələdiyyəsinin mülkiyyətinə qanuni əsaslarla verilmiş və sonradan həmin torpaq sahəsi təmsil etdiyi şəxsə Corat Bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında satılmışdır. Hal-hazırda qeyd olunan torpaq sahəsi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxs olan Sumqayıt şəhər Corat Bələdiyyəsi məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə digər üçüncü şəxsin nüayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümükün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 18.05.2021-ci il tarixli, **********41 nömrəli imtina məktubu, cavabdehin etirazı, cavabdehin 26.07.2021-ci il tarixli, **********95 saylı məktubu, ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30.09.2021-ci il tarixli, **********51 saylı məktubu, DƏDRX tərəfindən verilmiş 05.10.2017-ci il tarixli, **********22 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsasını belə göstərmişdir ki, Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı çıxarış verilmişdir. Sumqayıt şəhər Corat Bələdiyyəsinin 27.11.2017-ci il tarixli qərarı ilə 0,0296 ha torpaq sahəsi Səlimə Qasımovaya fərdi ev tikintisi üçün ona verilməsi qərara alınmışdır. 27.12.2017-ci ildə isə Sumqayıt şəhər Corat Bələdiyyəsi ilə X9 arasında 1 saylı notariat kontoıunda alqı-satqı müqaviləsi bağlanmışdır. Firmanın həyətində və faktiki istifadədə olan dövlət mülkiyyətində olan 0,0296 ha torpaq sahəsinin Corat qəsəbə Bələdiyyəsinin adına bələdiyyə torpağı kimi dövlət qeydiyyatına alınması və bələdiyyə sədrinin S.Qasımova ilə alqı-satqı müqaviləsi bağlaması firmanın darvazasının bağlanmasına, yolun kəsilməsinə səbəb olur və firmanın fəaliyyətini məhdudlaşdırır. Ona görə də iddiaçı hesab edir ki, dövlət mülkiyyətində olan torpağın bələdiyyə mülkiyyəti kimi Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 05.10.2017-ci il tarixli ******* nömrəli RX seriyalı çıxarış etibarsız hesab edilməlidir. Qeyd olunan arqumenti araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərmiş və sorğuya verilmiş cavab məktubundan məlum olmuşdur ki, iddiaçı tərəfindən dövlət mülkiyyətinə aid olması iddia olunan 0,0296 ha torpaq sahəsi və onun ətrafındakı sahələr Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Corat Bələdiyyəsinin imzaladıqları 21.06.2001-ci il tarixli Torpaqların təhvil verilməsi protokoluna əsasən Corat Bələdiyyəsinə verilmişdir. Corat qəsəbə XDS İcrayyə Komitəsinin 12.09.1990-cı il tarixli qərarına əsasən Corat qəsəbəsi ərazisində İddiaçı kooperativinə 0,3 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29.06.2011-ci il tarixli 2(85)-340/2011 saylı qərarına əsasən İddiaçı kooperativinə həmin 0.03 ha torpaq sahəsinə çıxarış verilmiş və texniki pasport hazırlanmışdır. Eyni zamanda Sumqayıt Bələdiyyəsi özününün sahibliyində olan 0.03 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydə aldırmaq istəyərkən Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri tərəfindən müvafiq əraziyə baxış keçirilmiş və həmin 0.03 ha torpaq sahəsinin İddiaçı kooperativinin istifadəsində olan qapalı hasarın daxilində yerləşməsi müəyyən olunaraq bu barədə 25 sentyabr 2017-ci ildə müvafiq akt tərtib edilmişdir. Qeyd olunan akta əlavə edilmiş topoqrafik sxemin (fotogörüntü) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 512126 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətində də məlum olur ki, Sumqayıt Bələdiyyəsinin sahibliyində olan 0.03 ha torpaq sahəsi İddiaçı kooperativinin mülkiyyətində olan 0.3 ha torpaq sahəsindən kənarda yerləşir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyil. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt və kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız hesab edilir. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına rəsmiləşdirilmiş 05.10.2017-ci il tarixli, **********22 reyestr nömrəli çıxarışın qanunsuz verilməsinə dair gətirdiyi arqumentlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı DƏDRX-in 2 saylı ünvan 1 ünvanında yerləşən 0,0296 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05.10.2017-ci il tarixli ******* nömrəli RX seriyalı çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “DƏDRX-in 2 saylı ünvan 1 ünvanında yerləşən 0,0296 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05.10.2017-ci il tarixli ******* nömrəli RX seriyalı çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar