Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1267/2021 17.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin 27.06.2008-ci il tarixli,14 nömrəli qərarının - Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli iddiaçının mülkiyyətinə “Saray” bağları ərazisində verilmiş 600 (altı yüz) kv.metr bağ torpaq sahəsinə dair hissəsində ləğv olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia qaldıraraq Sumqayıt şəhər bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarının Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli mülkiyyətinə “Saray” bağları ərazisində verilmiş 600 (altı yüz) kv.m bağ torpaq sahəsinə dair hissəsində ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007ci il tarixli (protokol №14) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında Qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m olan rəsmiləşdirilməmiş istifadədə olan bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən onun mülkiyyətinə verilmişdir. Həmin Qərarın 2-ci bəndinə görə torpaq sahəsi İİİ qiymət zonasında yerləşir, 1 kv. metrin satış qiyməti 1.80 manatdır. Satış qiyməti normativ qiymətinə uyğundur. Tərəfindən 600 kv metr torpaq sahəsinin dəyəri 1080 manat məbləğində pul bələdiyyənin xəzinəsinə ödənilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqısatqısına dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında 22.02.2008-ci il tarixdə müvafiq akt imzalanmış, habelə torpağın yerində ona təhvil verilməsi barədə təhkim aktı tərtib edilərək ona təqdim olunmuşdur. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bağ torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. Lakin o göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də ona bildirilmişdir ki, həqiqətən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və o təkrarən bələdiyyəyə əlavə ödəniş etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən satın almalıdır. Halbuki o üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və bələdiyyə qərarının ləğvi onun məlumatı olmadan həyata keçirilmişdir. O, adı çəkilən qərarın ona təqdim edilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və həmin qərardan çıxarış ona təqdim olunmuşdur. Beləliklə, onun hüquqları Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, bələdiyyə tərəfindən qanuni istifadəsində olan bağ torpaq sahəsinə dair qərarın verilməsi əsassız olaraq ləngidilmiş və nəticədə həmin qərar yeni qanun normaları qüvvəyə mindikdən sonra verilmişdir. Belə ki, o öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və bələdiyyənin büdcəsinə tələb olunan 1080 manat məbləğində pulu köçürərək, torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmişdir. Bələdiyyənin qanunsuz hərəkətləri onun hüquqlarının, qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Bu səbəbdən o öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı qərarından görünür ki, “Saray” bağları ərazisində sahəsi 600 kv.m olan rəsmiləşdirilməmiş istifadə olunan bağ torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanunun 16.4-cü maddəsinə əsasən İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - Sumqayıt şəhər bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 saylı protokolundan çıxarışa əsasən Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı iclasının torpaq ayrılmasına dair qərarlarının ləğv edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxil olmaqla, hazırki iddianın məhkəmə də qalırılması üçün qanunvericilikdə prosessual müddət müəyyən edilmişdir. Lakin hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktdan əvvəldən məlumatlı olduğu müəyyən edilmir, bunun əksini sübut edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. İddianı mümkünsüz edən başqa hər hansı bir hal müəyyən edilməmişdir. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Sumqayıt şəhər bələdiyyəsinin yuxarıda adı qeyd olunan qərarı iddiaçıya torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli 41 nömrəli qərarın ləğv edilməsi hissəsində etibarsız sayılmalıdır. Belə ki, Sumqayıt şəhər bələdiyyəsi iddiaçıya hüquq tanıyan öz qərarının ləğv edilməsi barədə 27 iyun 2008-ci il tarixli 14 nömrəli yeni qərar qəbul etmişdir. Halbuki bələdiyyənin sözügedən qərarı onun özü tərəfindən deyil, məhkəmə tərəfindən ləğv edilə bilərdi. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər bələdiyyəsinin 27.06.2008-ci il tarixli,14 nömrəli qərarı Sumqayıt şəhər bələdiyyəsinin İddiaçı mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər bələdiyyəsinin 27.06.2008-ci il tarixli,14 nömrəli qərarı Sumqayıt şəhər bələdiyyəsinin İddiaçı mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1267/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1267/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver