Məhkəmə qərarları › İş №2-1(118)-1267/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1267/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1267/2022 14.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hörülməsi nəticəsində ona dəyən maddi zərərin əvəzi 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hörülməsi nəticəsində ona dəyən maddi zərərin əvəzi 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 36-cı məhəllə 1/22 saylı evin 1ci mərtəbəsində yerləşən 32 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 1995-ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranın təmirinə xeyli pul xərcləmiş, onu qeyriyaşayış sahəsinə çevirmişdir. Bu hərəkəti etməzdən əvvəl o, Sumqayıt şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək qeyri yaşayış sahəsi kimi istifadə etmək üçün şifahi icazə almışdır. Beləcə o uzun illər həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. O, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsini rəsmişləşdirmək üçün dəfələrlə müraciət etsə də, bürokratik maneələr səbəbindən bunu həyata keçirə bilməmişdir. 2014-2015-ci ildən Sumqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin işçiləri “şəhərin yenidənqurulması və abadlaşdırılması’’ adı altında ona hədə-qorxu gələrək, Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyinin göstərişi ilə qeyri yaşayış sahəsi kimi istifadə etdiyi mağazanın qarşısını hörərək bağlamışlar. Lakin həmin sahənin ətrafındakı digər qeyriyaşayış sahələri fəaliyyət göstərməyə davam etmişdir. Dəfələrlə Sumqayıt Şəhər icra Hakimiyyətinə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi 24 dekabr 2021-ci ildə iş üzrə icraata xitam vermişdir. Belə ki, işə baxılan dövrdə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 05 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qeyri-dövlət qurumlarının, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi üzrə komissiyanın 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktına görə, komissiyanın keçirdiyi texniki baxış zamanı vətəndaş İddiaçı məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı binanın, ümumi sahəsi 41.64 kv.m olan 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində o, 2014-cü ildən indiyə qədər obyektindən istifadə edə bilməmişdir. 2014-cü ildə obyektində xeyli sayda ayaqqabı var idi. Sumqayıt şəhər icra hakimiyyəti ona obyektdən istifadə etməyə icazə vermədikdə obyektin qapısını daşla hörmüşlər və onun ayaqqabıları obyektin daxilində qalmışdır. Sumqayıt şəhər İcra hakimiyyəti yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsinə dair qərar verdikdən sonra o xərc çəkib hörgünü sökmüş və içəri daxil olduqda ayaqqabıların sıradan çıxdığının şahidi olmuşdur. Obyekt 7 il ərzində bağlı vəziyyətdə qaldığından içəri nəmişlik olmuş və o orada təmir işlərini aparmağa məcbur olmuşdur. Obyektin bu vəziyyətə düşməsində Sumqayıt şəhər İcra hakimiyyətinin əməkdaşlarının rolu var. Çünki onlar obyektin qapısını 2014-cü ildə bağlamışlar və həmin vaxtdan o obyektə daxil ola bilməmişdir. O, obyektə dəyən zərəri ümumilikdə 70.000 manat qiymətləndirir. Bu məbləğə həm obyektin təmirinə çəkilən xərclər, 2014-cü ildə ora yığdığı və sıradan çıxan ayaqqabıların xərci, həmçinin 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Sumqayıt şəhər icra hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində o, 70.000 manat ziyan çəkmişdir. O, Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək ona dəyən zərərin əvəzi olaraq 70.000 manat məbləğin ona ödənilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti 07 fevral 2022-ci ildə ona məktub göndərərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır, ona dəymiş maddi zərərin əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi»nə dair iddiasını əsassız və qanunsuz hesab edirlər və aşağıdakı səbəblərdən təmin edilməməsini məhkəmədən xahiş edirlər. İddiaçı cavabdeh Sumqayıt Şəhər icra Hakimiyyətinə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerində qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışı predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 saylı sərəncamına əsasən, vətəndaşın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt Şəhər icra Hakimiyyəti başçısının təsdiq etdiyi 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki baxış zamanı qeyd olunan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda vətəndaşa yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək vətəndaşın tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1 (105)-139/2021 saylı Qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı qeyd edir ki, təyinatı mənzil olan yaşayış sahəsindən sahibkarlıq obyekti kimi istifadə etmiş və istifadə etdiyi mağazanın qarşısını guya Şəhər İcra Hakimiyyətinin göstərişi ilə hörmüşlər. İlk öncə qeyd edirlər ki, Şəhər icra Hakimiyyəti tərəfindən hərhansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, vətəndaş İddiaçı tərəfindən təyinatı mənzil olan yaşayış sahəsində qanunsuz olaraq küçə istiqamətində mənzilin pəncərələrində və mənzilin döşəmə və zirzəmi hissəsində qanunsuz və icazəsiz konstruksiya dəyişikliyi etməyə cəhd edilmiş, lakin ona izah edilmişdir ki, mənzildə yenidənqurma və yenidənplanlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçı guya mənzilə daxil ola bilməməsi də əsassız və həqiqətə uyğun deyildir. Belə ki, mənzilə giriş qapısı binanın ümumi istifadədə olan və bina sakinlərinin də hamısının istifadə etdiyi ümumi girişdən (blok) olduğu halda iddiaçının hansı səbəbdən mənzilinə daxil olub, iddia etdiyi kimi mənzilində olan “ayaqqabılarını” götürə bilməməsi təəccüb doğurur və bir daha onun tələbinin əsassız və süni olduğunu təsdiq edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 8 saylı 22 avqust 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-87/2020 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanlmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2- 1(102)-1214/2020 saylı qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(105)-139/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qərarın etibarsız sayılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 07 fevral 2022-ci il tarixli, İ-16-150 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 8 saylı 22 avqust 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-87/2020 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanlmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-1(102)-1214/2020 saylı qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(105)-139/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qərarın etibarsız sayılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı ona məxsus obyektin qapısının cavabdeh inzibati orqan tərəfindən bağlandığını iddia edir və bunun nəticəsində dəymiş zərərin əvəzinin həmin orqan tərəfindən ödənilməsini məhkəmədən xahiş edir. Lakin iddiaçı öz tələbinin əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Belə ki, o, obyektinə məxsus qapının qarşısının cavabdeh tərəfindən hörülməsini iddia etsə də buna dair hər hansı sübutu, qeyd edilən mübahisə ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi hər hansı aktı iş materiallarına əlavə etməmiş, eyni zamanda məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan tərəfindən bununla bağlı hər hansı aktın qəbul olunduğu müəyyən edilməmişdir. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaya qarşı etirazında iddiaçıya məxsus obyektin qarşısının onlar tərəfindən hörülmədiyini bildirmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində ona məxsus obyektin qapısının 2014-2015-ci illərdə hörüldüyünü qeyd etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş, yuxarıda da adı qeyd olunan Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-139/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarında cavabdeh tərəfindən iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin xx.xx.2021-ci il tarixdə təqdim edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qapısı hörülən zaman ona həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni ona məxsus mənzil yaşayış sahəsi statusuna malik bir mənzil olmuşdur. Yalnız 23 dekabr 2021-ci il tarixində iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında icazə verilmişdir. Belə olan halda həmin tikintinin aparılması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Eyni zamanda iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2017-ci il tarixli, 8 nömrəli Qərarından görünür ki, İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinin təmin edilməməsi və həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin İddiaçı tələb edilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının cavabdeh orqan tərəfindən hörüldüyünü iddia etdiyi qapı, cavabdeh orqanın yuxarıda qeyd edilən qərarı ilə iddiaçıdan tələb edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbini təsdiq edən hər hansı sübutu yəni, mübahisəli tikintinin həqiqətən cavabdeh orqan tərəfindən aparıldığını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, tələb olunan ziyanın məhz cavabdeh inzibati orqan tərəfindən vurulduğunu müəyyən etmək mümkün olmamışdır ki, bu halda da məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hörülməsi nəticəsində ona dəyən maddi zərərin əvəzi 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hörülməsi nəticəsində ona dəyən maddi zərərin əvəzi 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar