Məhkəmə qərarları › İş №2-1(118)-1269/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1269/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1269/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı cavabdehin hərəkətini qanunsuz hesab edib, ona təyin edilmiş yaşa görə pensiya növündən başqa əmək stajı pensiya növünə keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan Azəthaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi fondunun 1 saylı reqional ərazi filialı 2020-ci il tarixdən(aprel) ona yaşına görə pensiyası təyin etmişdir. Onun 25 iİdən artıq əmək stajı var. Təyin edilmiş pensiyanın digər staja görə əmək pensiyasına təyin edilməsi zərurətindən o, cavadeh orqana müraciət etmiş və ölkənin ərazisində karantin rejimi müəyyən edildiyi səbəbindən onu qəbul etməmişlər və şifahi əmək kitabçasının olmadığını bildirmişlər. Axırıncı iş yeri üzrə əmək(arxixdən) kitabçasının tapılmaması səbəbindən ona iş stajı haqqında rəsmi arayış verilmişdir. Bundan başqada onun əmək stajı barədə digər iş yerləri üzrə arxiv (əmək stajı) arayışları alınmışdır. Onun tərəfindən Sumqayıt İnzibati məhəkəməsinə ərizə verilmişdir. Məhkəmənin qərardadı əsasında ilkin qaydada inzibati orqana müraciət edilməsi tövsüyyə edilmişdir. Cavabdeh orqan ona rəsmi imtina verərərək tələbini təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası 07.10.2020-ci il tarixdən təyin edilmişdir. İddiaçının 01.01.2006-cı il tarixədək 25 il əmək stajı, 01.01.2006-cı il tarixdən 01.01.2019-cu il tarixədək 688.45 sığorta kapitalı manat nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1 maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış(əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış)pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçıya hesablanmış 25 il sığorta stajını sığorta kapitalına çevirdikdə 2020-ci il üzrə 18531.45 manat 01.01.2006-cı il tarixdən isə 688.45 manat təkil edir. (indekisləşmə nəzərə alınmaqla) “Əmək pensiyaları haqqında" Qanunun 10-cu maddəsinə əsasən vətəndaşın sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölündükdə pensiyanın məbləği müəyyən edilir. (18531.45+688.45/144=133.47 manat) Əmək pensiyaları haqqında Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bununla əlaqədar olaraq iddiaçının pensiyasının məbləği 133.47 manatdan 200 manata çatdırılmışdır. Həmçinin iddiaçının iddia etdiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının qeyd etdiyi illər əmək kitabçasında qeyd olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajım təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialının 25.05.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyi “Etilen- Polietilen” zavodunun 109 saylı, 24 sentyabr 2020-ci il tarixli arxiv arayışında İddiaçı 06.12.1971-ci ildən 01.06.1971-ci ilədək, 28.11.1972-ci ildən 17.10.1973-cü ilədək, 28.08.1987-ci ildən 28.11.1990-cı ilədək “Üzvi-Sintez” zavodunda işləməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 28 noyabr 2019-cu il tarixli arxiv arayışında İddiaçı 02.11.1991-ci ildən 10.09.1996-cı il tarixədək Sumqayıt şəhəri “İmdad” X1 (İKB) (keçmiş Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin bazasında) işlədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsinin 09/21 saylı, 15 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 1981-ci ilin 08 iyul ayından 20 dekabr 1981-ci ilə kimi 2 nömrəli Trest-in 20 saylı səyyar müxanikləşdirilmiş dəstəsində betonçu işləmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin 30.09.2020-ci il tarixli 31 saylı arayışında İddiaçı 13.01.1982-ci il tarixdən 26.08.1987-ci il tarixədək “Poladkonstruksiya Quraşdırma” TQİ-də işlədiyi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhəri Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin 19.08.2021-ci il tarixli 39 saylı arayışında İddiaçı 13.01.1982-ci il tarixdən 26.08.1987-ci il tarixədək aldığı əmək haqlarının miqdarı qeyd edilmişdir. - "xxxx" ASC-nin 128 saylı, 27.10.2020-ci il tarixli arayışında İddiaçı 05.07.1978-ci il tarixdən 03.04.1981-ci il tarixədək "xxxx" zavodunda işlədiyi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 141/1 saylı 03.09.2021-ci il tarixli məktubunda İddiaçı 1974-cü ilin noyabr, dekabr aylarında, 1975-1977-ci illər, 1978-ci ilin yanvar, fevral, mart, aprel aylarında “Azərikimyatəmir” Trestinin 1 saylı TTQİ-ndə işlədiyi və həmin illərdə aldığı əmək haqlarının məbləğləri qeyd edilmişdir. - НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, X2 04 noyabr 1973-cü ildən 28 dekabr 1973-cü ilədək hərbi xidmətdə olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçının tələbi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı hesab edir ki, əmək kitabçasında qeyd olunmayan, lakin arayışlarda əks olunmuş işlədiyi dövrlər ona əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin əmək stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sığorta stajına daxil edilir. Lakin hazırki işdə iddiaçı tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmasını istədiyi dövrlərdə sosial sığorta haqqlarının ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar