Məhkəmə qərarları › İş №2-1(118)-1271/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1271/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1271/2021 20.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şabran rayon şöbəsinə qarşı “qanunla müəyyən edilmiş qaydada onun sosial sığorta stajının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddia tələbi onunla əsaslandırılmışdır ki, mövcud iddia tələbi bağlı 2-ci dəfədir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Belə ki, birinci iddia ərizəsi ilə müraciəti zamanı cavabdeh kimi Şabran Rayon Sosial Müdafiə Fondunun nümayəndəsi məslənin həll oluna biləcəyini və ərizəni geri çəkəcəyi təqdirdə ona kömək edəcəklərini bildirsələr də vədlərinə əməl etməmiş və imtina cavabı gəlmişdir. O ailəlidir, 2 övladı var, övladlarından biri X5 08.12.1990-ci il təvəllüdlü və anadangəlmə l qrup əlildir. 24.06.2020-ci ildə **********2 saylı ərizə ilə pensiyaya çıxmaq üçün Şabran Sosial Müdafiə Fonduna müraciət etmiş, Sosial Müdafiə Fondu rəsmi cavabında bildirmişdir ki, “əmək kitabçası təqdim etmədiyimizə görə sığorta stajınız məhkəmə qaydasında təsdiq edildikdən sonra müraciətinizə yenidən baxılacaq”. Əmək kitabçası itsə də əmək fəaliyyətinin 8 ilini təsdiq edən sənədi Şabran Rayon Arxiv İdarəsindən əldə edə bilmişdir. Oğlu İ qrup əlildir və o 30 ildir ki, övladına baxır və buna görə də baxım pulu alır. Mümkünsə bunun pensiya stajı kimi əlavə olunmasını nəzərə almasını xahiş edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun 01.07.1982-ci ildən 01.12.1989-cü ilədək Dəvəçi (Şabran) rayonu Pirəbədil südçülük-tərəvəzçilik sovxozunda işlədiyi müddəti və sağlamlıq imkanları məhdud övladı X3 qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin 3 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Aşağıda qeyd olunanlara əsasən hesab edirlir ki, icraatınızda olan 2-1(118)-1271 /2021 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi (Şabran) filialına müraciət edərək, sağlamlıq imkanları məhdud uşağa qulluq müddətinin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin ona 01.01.2006-cı il tarixə qədər olan sığorta stajını təsdiqləyən heç bir sənəd təqdim etmədiyindən, həmçinin 01.01.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabı, hesabındakı məbləğ və sığorta stajı barədə X1 X7 pensiya hüququnun yoxlanılması zamanı heç bir məlumat aşkarlanmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991 -ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti, işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1 -ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;..... İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun Qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara yaşa görə pensiya təyin edilməsi üçün: 1) ana qanunla tələb olunan yaş həddinə çatmalı; 2) ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya 25 il sığorta stajına malik olmalı; 3) ana həmin uşağı 8 yaşına qədər tərbiyə etməli; 4) həmin uşağın sağlamlıq imkanlarının məhdudluğu məhz 8 yaşına qədər yaranmalıdır. Əgər uşağa qulluq etdiyini iddia etdiyi dövrlərdən başqa sığorta stajı olmadıqda, yəni qanunla tələb olunan 25 il staj tələbini təsdiq edən sənəd mövcud olmadıqda həmin xidmətin (qulluq müddətinin) həyata keçirilməsi ilə bağlı qulluq aktı təqdim edilməlidir. Həmin qulluq aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.11.2020-ci il tarixli 2- 1(102)-1989/2020 nömrəli qərarında müəyyən edilmişdir ki, şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyqun hesab oluna bilməz. Lakin iş materiallarına əlavə edilmiş 16 mart 2021-ci il tarixli aktın surətindən göründüyü kimi həmin akt müvafiq səlahiyyətli orqanlar (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri) tərəfindən rəsmiləşdirilməmiş, onun tərtib edilməsində yalnız 3 şahid çıxış etmişdir. Bu isə həmin aktın doğruluğunu, mötəbərliyini birbaşa şübhə altına almışdır. Digər tərəfdən həmin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.10-cu bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaon (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Lakin iş materiallarından göründüyü kimi, İddiaçı xeyrinə sığorta fəaliyyəti həyata keçirilən heç bir stajı mövcud deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, iddiaçının sağlamlıq imkanları məhdud övladı X2 şəxsiyyət vəsiqəsinin surətləri, Şabran rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 141 nömrəli arayış, DSMFnin 3 saylı regional ərazi filialının 14.04.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu və fondun etiraz ərizəsi, Şabran rayon Dövlət Arxivinin 29.08.2019-cu il tarixli 136 saylı arayışının notarial qaydada təsdiqlənmiş surəti, Şabran Rayon İcra Hakimiyyəti (Şabran şəhəri üzrə nümayəndəliyi) tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli müayinə Aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 14.04.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının və yaşının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud oğlu X2 anadan olduğu 08.12.1990-cı il tarixdən ona qulluq etdiyi dövrü nəzərə alaraq ona yaşaya görə təyin ediləcək pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin iddiaçının sağlamlıq imkanları məhdud oğlu X5 doğulduğu andan hal-hazıradək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Şabran Rayon İcra Hakimiyyəti (Şabran şəhəri üzrə nümayəndəliyi) tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli müayinə Aktından müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan 08.12.1990cı il təvəllüdlü X5 anadan olduğu gündən hal-hazıradək anası İddiaçı himayəsində olmuşdur. Qeyd olunan qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının arxiv arayışlarına əsasən işlədiyi müddətləri onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Hesab olunur ki, İddiaçı arxiv arayışlarına əsasən işlədiyi illəri sığorta stajına daxil edildiyi və sağlamlıq imkanları məhdud övladının tərbiyə etdiyi nəzərə alınırsa onun yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan başqa məhkəmə araşdırması zamanı oda müəyyən edilmişdir ki, arxiv arayışına və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayından 2021-ci ilin 30 iyununadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 ildir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan və sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. (57 yaşı tamam olduğu 03.11.2020-ci il tarixdən). Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 01.07.1982-ci ildən 01.12.1989-cü ilədək Dəvəçi (Şabran) rayonu Pirəbədil südçülüktərəvəzçilik sovxozunda işlədiyi müddəti və sağlamlıq imkanları məhdud övladı X3 qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu 03.11.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin 3 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01.07.1982-ci ildən 01.12.1989-cü ilədək Dəvəçi (Şabran) rayonu Pirəbədil südçülük-tərəvəzçilik sovxozunda işlədiyi müddəti və sağlamlıq imkanları məhdud övladı X3 qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu 03.11.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin 3 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar