Məhkəmə qərarları › İş №2-1(118)-1272/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1272/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1272/2023 11.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-nin Amasya rayonunda anadan olmuş İddiaçı adına verilən, 1961-ci il tarixli, 26 saylı doğum akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt inzibati məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “xx.xx.1961-ci il tarixdə Ermənistan SSRnin Amasya rayonunda anadan olmuş İddiaçı adına verilən, 1961-ci il tarixli, 26 saylı doğum akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında ona izah olunmuşdur ki, doğumun dövlət qeydiyyatının aparılması üçün doğum haqqında akt qeydinin olması tələb olunur. Həmin sənəd olmadığı təqdirdə mülki qaydada doğum haqqında akt qeydinin bərpası ilə bağlı iddia qadıra bilər. İddiaçı iddiasına olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazır ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmçinin 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin hazırki işdə iddiaçının doğum haqqında akt qeydi mövcud deyildir. Doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı isə həmin sənəd olmadan doğumun dövlət qeydiyyatının aparılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamışdır. Belə ki, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək imkanı vardır, hansı ki inzibati orqan öz imtinasında bunu iddiaçıya izah etmişdir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etmək əvəzinə inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı “xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-nin Amasya rayonunda anadan olmuş İddiaçı adına verilən, 1961-ci il tarixli, 26 saylı doğum akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar