Məhkəmə qərarları › İş №2-1(118)-1277/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1277/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1277/2025 16.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Bakı Şəhəri Təcili və X7 Stansiyası publik hüquqi şəxsin 29 sentyabr 2020-ci il tarixli, 1782 nömrəli əmrindən görünür ki, sərhəd zonalarına tibbi işçilərinin göndərilməsi təmin edilmiş, adları göstərilən heyətin siyahısı əmrə əlavə edilmişdir. İddiaçı 28 sentyabr 2020-ci ildən 29 sentyabr 2020-ci il qədər Naftalan rayon, 2 oktyabr 2020-ci ildən 9 oktyabr 2020-ci ilə qədər Naftalan rayon, 7 noyabr 2020-ci ildən 14 noyabr 2020-ci ilə qədər Füzuli rayon siyahısında adı keçmişdir.

2. SX seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, xx xxx 1993-cü il təvəllüdlü İddiaçı vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüş zamanı yaralı hərbçilərin və şəhidlərin Füzuli X9nə təxliyə olunmasında iştirak etmişdir. (Əsas: Füzuli MDM-nin arayışı)

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 4 aprel 2024-cü il tarixli, 2/2-3495 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 29 mart 2024-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020 - 10 noyabr 2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

4. “Tibbi Ərazi Bölmələrini X15 X8” publik hüquqi şəxsin 552 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışından görünür ki, TTY həkimi İddiaçı hərbi vəziyyətlə əlaqədar Füzuli, Cəbrayıl Zəngilan, Qubadlı, Hadrut ərazilərindən Füzuli X8nə yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 19 iyul 2024-cü il tarixli, 2173 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə 16 iyul 2024-cü il tarixədək İddiaçı barəsində müraciət daxil olmamışdır.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 19 noyabr 2024-cü il tarixli, 788 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin tabeliyində olan hərbi tibb müəssisələri tərəfindən rəhbərlik etdiyi təşkilata təhvil verilmiş tibbi sənədlərdə istinad edərək bildirilir ki, stasionar (ambulator) müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. Əlavə olaraq, “TƏBİB”-in Füzuli rayon X9 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində deyil və qeyd olunmuş Mərkəz Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindədir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

7. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin hallarına (§1-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, halhazırda Bakı şəhəri Təcili və X13 stansiyasının publik hüquqi şəxsin tərkibində həkim vəzifəsində çalışır. İkinci Qarabağ müharibəsinin başlanılması ilə əlaqədar olaraq işlədiyi Bakı şəhəri Təcili və X13 stansiyasının publik hüquqi şəxs tərəfindən 29 noyabr 2020-ci il tarixində, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası ərazisində əkshücumla bağlı döyüş zonalarına yaxın olan rayonlarda təcili tibbi xidmət göstərilməsi məqsədi ilə sərhəd zonalarına tibbi işçilərinin göndərilməsi təmin edilməsi ilə bağlı 1782 nömrəli əmr imzalanmışdır. Həmin əmrə əsasən döyüş bölgəsinə ezam olunmuşdur. Həmçinin, Füzuli X9nin direktorunun verdiyi 16 aprel 2021 -ci il tarixli arayışda qeyd olunur ki, o, hərbi vəziyyətlə əlaqədar Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən Füzuli X9nə yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Döyüş bölgəsinə iştirakı ilə bağlı hərbi biletində qeyd də mövcuddur.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbayca Azərbaycan Respublikasının Nazirlər Kabetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.8ci maddəsinə, 9 iyul 2007-ci il tarixdə X2 şikayətinə əsasən Ali Məhkəməsinə MİÜMK-nın 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair iş üzrə Konstitusiya məhkəməsinin qərarına, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 12.1, 33.1, 33.2, 36.1, 58.7, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.

10. Azərbaycan Respublikası İPM-nin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddiaçı daha sonra idda tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifiəsinin cavabdehin üzərinə qoyulmasını barədə qəbul edilməsini xahiş etmiş, iddia tələbini dəqiqləşdirmə barədə ərizə 22 oktyabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4310/2024 nömrəli qərardadı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi hazırki iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

14. Cavabdeh iddia tələbinə dair münasibətini bildirərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteran adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 38, 47, 47.2, 48.2, 154-cü maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir (§ 8).

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

28. Cavabdehin etirazında veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya imtina olunmaması, sənədlərin toplanıb müraciət etdikdən sonra ərizəsinə yenidən baxılacağına dair dəlilini məhkəmə iddia tələbinin mümkün sayılmaması üçün yetərli hesab etmir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh orqan isə son nəticədə tələbi təmin etməmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, “Bakı Şəhəri Təcili və X7 Stansiyası” publik hüquqi şəxsinin əmri ilə döyüş bölgəsinə getmiş və yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Bu səbəbdən də ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.

31. Cavabdehin mövqeyinə görə isə, iddiaçı ilə cavabdeh arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteran adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.

32. İlk növbədə məhkəmə cavabdeh orqanın etirazının dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(102)-3069/2023 nömrəli qərarında göstərilən hallar ilə hazırki işdəki hallar eynilik təşkil etdiyindən hazırki iş üzrə də cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmalıdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeydində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

34. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

35. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən edilir ki, iddiaçı hərbi vəziyyətlə əlaqədar döyüşlər gedən ərazilərdən Füzuli X8nə yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur.

36. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Xidməti və Azərbaycan Respublikasının Strateji X3 tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun.

37. Təqdim edilmiş sənədlərə əsasən, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı “Bakı Şəhəri Təcili və X7 Stansiyası” publik hüquqi şəxsi tərəfindən sərhəd zonalarına göndərilmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut əraziləri uğrunda gedən döyüşlər zamanı yaralı hərbçiləri Füzuli X8nə təxliyyə edilməsində iştirak etmişdir.

38. Həmçinin, məhkəmənin 30 aprel 2025-ci il tarixli iclasında iştirak edən şahid X1 ifadə verərək bildirmişdir ki, o, Qarabağ döyüşlərində iştirak etmişdir. Döyüş bölgəsində yaralı hərbçiləri iddiaçıya təhvil vermişdir. Polkovnik-leytenant X6, X10, baş leytenant X4, Bağırzadə Səraslan iddiaçıya təvhil verdiyi yaralı hərbçilər olmuşdur. Yaralı hərbçiləri ən yaxında olan tibb işçilərinə təhvil vermişdir. Yaralı hərbçiləri təhvil verdikdən sonra 8 noyabr tarixində yaralanmış, xəstəxanada olan zaman iddiaçının onu döyüş bölgəsindən təxliyyə etdiyini öyrənmişdir. İddiaçı onu müalicə etməmiş, huşsuz vəziyyətdə olduğu üçün döyüş bölgəsindən təxliyyə etmişdir. İddiaçının təxirəsalınmaz davrandığı üçün bir çox yaralı hərbçinin həyatını xilas etmək mümkün olmuşdur.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...”

40. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

41. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

42. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının vətən müharibəsi uğrunda gedən döyüşlər zamanı yaralı hərbçilərin və şəhidlərin Füzuli X9nə təxliyə olunmasında iştirak etməsi öz təsdiqini tapdığınan iddia tələbi təmin edilməlidir.

43. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar