Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1279/2022 15.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 İdarəsinə qarşı əmrlərin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3 İdarəsinin onun işdən azad edilməsi ilə bağlı 25.10.2017-ci il tarixli 175/01 və 25.10.2017-ci il tarixli 175/2 saylı əmrlərin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etməklə, hərbi xidmət dövründə yaralanmış, ll qrup müharibə əlilidir. O, 10.01.2018-ci il tarixdə Qusar rayon Mədəniyət Mərkəzinin şöbə müdirinin 05 saylı əmrinə əsasən Qusar rayon Cibir kənd klubunun müdiri vəzifəsinə təyin edilmişdir. Öz vəzifəsinin icrasına daimi nizam-intizamla yanaşmışdır. Lakin qanunsuz olaraq X3 İdarəsi tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası İnzibayti Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edildikdən sonra o, vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, o, özünün və hərbi qulluqçu olmuş oğlunun müalicəsi ilə əlaqədar müvafiq iddia ilə vaxtında məhkəməyə müraciət etməmişdir. Bununla bağlı ötürülmüş iddia müddətinin bərpa olunmasını xahiş edir. Cavabdehin nünmayəndəsi iddianı qəbul etməyərək izah etdi ki iddiaçının müvafiq iddiası Sumqayıt İnzibati Məhkəməsinin 26.11.2021-ci il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrlərin iddiaçıya vaxtlnda təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı həmin vaxtdan əmrdən xəbərdar olduğunu inkar etmir və özünün səhhəti ilə bağlı hazıradək iddia qaldırmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər iddiaçının məhkəməyə dörd ildən çox müddət keçdikdən sonra müraciət etməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı idida müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 İdarəsinə qarşı əmrlərin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iddiaçının iddia müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1279/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1279/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver