Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1279/2023 23.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “onun adına açılmış (təsisçi və rəhbər kimi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyat məlumatlarında həmin Cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirmiş və onları yaratmış (təsis etmiş) X1 adına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailə vəziyyətinin ağır olması, işsizlik və digər səbəblərdən qiyabi tanıdığını (ortaq tanışlar tərəfindən) Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəs., Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan X4 tərəfindən işlə təmin olunacağım barədə 2020-ci ilin dekabr ayında vəd verərək işlə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və müvafiq rəsmiləşdirmələr aparıldıqdan sonra bir daha çağıracağını və ona etibarnamə verməli olduğunu bildirmişdir. İddiaçı isə işə çox ehtiyacı olduğundan onunla razılaşmış və o da ona olan inamından və etibarından sui-istifadə edərək iddiaçının xəbəri və razılığı olmadan adına 5 və 7 yanvar 2021-ci il tarixlərdə onun şəxsiyyət vəsiqəsinin FİN kodu ilə hüquqi şəxslər açmışdır (bu barədə onun ünvanına borc bildirişləri gəldikdən sonra vergi orqanında araşdırma apardıqdan sonra məlumatı olmuşdur). İlk öncə xx.xx.2021-ci il tarixdə X4 ilə Bakı şəhərində görüşərək 54 saylı notariat ofisinə getmiş və orada ondan bir neçə etibarnaməyə (7E-304 nömrəli, 7E-305 nömrəli və 7E-306 nömrəli etibarnamələrin surəti əlavə edilir) imza etməyini istəmiş və bunun nə ilə əlaqədar olduğunu soruşduqda cibindən çıxardığı möhürləri göstərərək bu firmalarda işlər olacağını, iddiaçının o firmalarda işləyəcəyini bildirmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixdə yenidən onu dəvət edərək bu səfər Bakı şəhəri 3 saylı notariat ofisinə gedərək onun üçün maaş kartı açılacağını bildirərək yenidən etibarnaməyə imza etməyini bildirmiş və tərəfindən etibarnaməyə imza edildi (xx.xx.2021 -ci il tarixli 7E-39 reyestr nömrəli etibarnamənin surəti əlavə edilir). Lakin şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə adına hüquqi şəxslər açacağını, onu aldadaraq imza etdirdiyi etibarnamələr ilə adına ASAN-imza alacağını, həmin hüquqi şəxslərlə bağlı bank hesablan açacağını və bank əməliyyatları aparacağını bilmirmiş və təsəvvür belə etmirdi. X4 onun adına heç bir xəbəri, razılığı və məlumatı olmadan 05-xx.xx.2021 -ci il tarixlərdə 4 hüquqi şəxsin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC dövlət qeydiyyatına alınması üçün müraciət edərək dövlət qeydiyyatından keçirmişdir. Adına açılmış müəssiələrdən və həmin müəssisələrin dövlət büdcəsinə yaranan borclarından ünvanıma gəlmiş bildirişlərə əsasən məlumatı olmuş və bundan sonra X4 ilə əlaqə saxlayaraq bu barədə ona məlumat vermiş və qısa müddət ərzində həmin məsələnin həll olunacağını və müəyyən səhvlik olduğunu bildirmişdir. Lakin sonradan isə X4 ilə əlaqə yaratmaq mümkün olmamışdır. Yaranan borcla bağlı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Buradan da açıq şəkildə göründüyü kimi X4 tərəfindən əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında saxta yollarla dövlət qeydiyyatından keçirdiyi müəssisələrə möhürlər hazırlatdırmışdır, sonra məndən ASANimza üçün etibarnamə alaraq yuxarıda qeyd etdiyi 3 hüquqi şəxsə bank hesabları açaraq, həmin müəssisələrin dövriyyəsi və sairə bağlı faktiki rəhbərliyi və idarəetməni özü təşkil etmişdir. Bu halı bank əməliyyatlarında da X4 tərəfindən aparılması faktiki sübut olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində bildirilir ki, iddiaçıya X4 tərəfindən işlə təmin olunacağı vədi verilərək ona məxsus ASAN imza ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) dövlət qeydiyyatına alınmış, lakin iddiaçı hüquqi şəxslərin fəaliyyəti ilə məşğul olmamışdır. Bildirilir ki, İddiaçı tərəfindən edilmiş 17.01,2022-ci il tarixli **********390500 nömrəli müraciət Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022- ci il tarixli **********123400 nömrəli məktubla əsaslı şəkildə cavablandırılmışdır. İddiaçı təsisçi və qanuni təmsilçi (rəhbər) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021- ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2021-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişlər. Həmin hüquqi şəxslərin qeydiyyata alınması üçün İddiaçı elektron qeydiyyat sisteminə müraciət edərək, ona aid olan elektron imza ilə müvafiq sənədləri imzalamışdır. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinin 3.0.11 -ci maddəsinə əsasən Xidmət kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır. Göstərilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli **********123400 nömrəli imtina məktubunun surəti, cavabdehin etirazı, X3 verilmiş etibarnamələrin surəti və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı təsisçi və qanuni təmsilçi (rəhbər) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021- ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2021-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. İddiaçı həmin hüquqi şəxslərin təsisçi və qanuni təmsilçiliyini (rəhbərinin) X1 adına dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş və müraciəti müsbət həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş etibarnamələrdən müəyyən olunur ki, iddiaçı özünü iradə ifadəsini əks etdirən imzaları ilə hüquqi şəxslərin yaradılmasına razılığı olmuşdur.Yəni iddiaçı müvafiq rəsmiləşdirmə işlərinin onun iradəsinə zidd olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” xx.xx.2003-cü il tarixli 560- İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin iddiaçının qanuni təmsilçi təyin edilməsinin etibarsız hesab edilməsini tələb etdiyi hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı zaman qüvvədə olmuş mətninə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Qanunun hazırda qüvvədə olan 5.2-ci və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatını tənzimləyən 5-1-ci maddəsində ərizənin qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanmalı olması müddəasının həmin dövrdə müvafiq normada təsbit olunmaması, hüquqi şəxsin dövlət qeydiyyatı və elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanuni təmsilçi kimi təyin edilən şəxsin razılığının alınması tələbini istisna edir və bu hal iddiaçı tərəfindən verilmiş etinbarnamələr ilə öz təsdiqini tapır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. İcraatın dayandırılması ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, elektron imza iddiaçının özü tərəfindən əldə edildiyindən sonradan onun tərəfindən verilən etibarnamə əsasında edilən hüquqi hərəkətlərə təsir edə bilər, yəni etibarnamənin sonradan məhkəmə tərəfindən etibarsız hesab edilməsi həmin etibarnamə əsasında həyata keçirilmiş hüquqi hərəkətlərin etibarsızlığına səbəb ola bilər. Elektron imzanın şəxsən iddiaçının özü tərəfindən əldə edilməsi məhkəmə tərəfindən icraatın dayandırılmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “onun adına açılmış (təsisçi və rəhbər kimi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyat məlumatlarında həmin Cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirmiş və onları yaratmış (təsis etmiş) X1 adına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1279/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1279/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver