Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-128/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X15 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Bakı şəhəri, Zərgərpalan küçəsi ev 88-də yaşayan) və iddiaçının vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ünvan 1 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 0,1578 ha torpaq sahəsinin ilkin qeydiyyatının Bədəlova (Həmzəyeva) X11 adına aparılması vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Fatmayı kəndi Timirzayev küçəsi, 50 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndi Timirzayev küçəsi ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası Bədəlova (Həmzəyevə) X16 məxsus olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçının ailəsinə məxsus, dədə-baba torpağı olmuşdur. Həmin torpaq sahəsində tikilmiş ev isə texniki pasportdan da göründüyü kimi 1918-ci ildən mövcud olmuşdur. İddiaçının mərhum anası 1988-ci ildə evə dair texniki pasport almış və texniki pasport 318 inventar nömrə ilə qeydiyyatdan keçmişdir. Lakin torpaq sahəsinə dair heç bir sənəd qalmamışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində yaşayış evi ilə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina edilmişdir. İmtinaya səbəb kimi isə ünvan 5 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılınadığı,fərdi yaşayış evinin yerləşdiyi 0.1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin olmadığı, eyni zamanda 318 inventar nömrəli texniki pasportda hüquq sahibinin X14 kimi qeyd edildiyi göstərilmişdir. Evin qeydiyyatdan keçməsi üçün mərhum iddiaçı anası müraciət etdikdə, 1988-ci ildə ona sənəd olaraq 318 inventar nömrəli texniki pasport verilmiş və həmin pasport qeydiyyata alınmamışdır ki, bunun da məsuliyyəti texniki pasportu verən orqana aid olmalıdır. Eyni zamanda 4 saylı Abşeron ərazi idarəsi hüquqların dövlət qeydiyyatına alınması uçun texniki pasportu nəzərə almamış, lakin həmin texniki pasporta əsaslanıb adların düz gəlmədiyini də bəhanə etmişdir. Halbuki, təqdim edilən sənədlərdən də görünür kı, ev Bədəlova (Həmzəyevə) X16 məxsusdur və texniki pasportda qeydin düzgün aparılmaması yenə də texniki paspoıtu verən orqanın səhvidir. Beləliklə, sözügedən texniki pasport da bir daha sübut edir ki, ünvan 6 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası Bədəlova (Həmzəyevə) X16 məxsus olmuş, fərdi yaşayış evinin yerləşdiyi 0.1578 ha torpaq sahəsi isə illərdir istifadələrindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edəərk iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq izah etdi ki, hazırki inzibati məhkəmə icraatının gedişində o, hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilərək Abşeron rayonu Fatmayi kəndi Timiryazev küçəsində yerləşən 50 saylı evə dair 1988-ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyeva) X16 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi qət edilmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı müraciəti ilə bağlı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəvvənedici sənədlərin əsillərinin təqdim edilməyi təklif edilmişdir. İddia ərizəsində qeyd edilən və bu barədə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə edilmiş müraciətə 08.112019-cu il tarixli 193220000-110 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. İş materiallarında olan: -1988-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport X4 məxsus Abşeron rayon Fatmayı kəndi Timiryazev küçəsi, 50 saylı evə dair tərib edilmişdir. - Bakı Apelllyasiya Məhkəməsinin 2(103)-4335/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli e-2(004)- 629/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış və ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi təmin edilərək Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı evə dair 1988-ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyevə) X16 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi qət edilmişdir. - Evlənmə haqqında ИЕ № 079568 seriyalı 13.12.1950-ci il tarixli şəhadətnamədən görünür ki, X1 Rzabala Baqvan oğlu ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. -doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X8 və X2 oğludur. -qanun üzrə vərəsəlik hüququ haqqında 23.10.2012-ci il tarixli şəhadətnamədən görünür ki, 15.10.2010-cu ildə vəfat etmiş X3 vərəsələri X12 və X13r. -AZ-İ № ******* seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 15.04.2010-cu il tarixdə vəfat etmişdir. -cavabdeh inzibati orqanın 23.01.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair bildirişdən görünür ki, mərhum Ç.Bədəlovaya məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqularının qeydə alınmadığı, təqdim edilmiş 318 saylı texniki pasportda göstərilən hüququ sahibinin ad və soyadında müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən ad və soyadı ilə kəskin fərqin olduğu aşkar edilmişdir. Belə ki, texniki pasportda hüquq sahibi “X18” göstərilməsinə baxmayaraq müraciət üzrə əlavə edilmiş sənədlərdə “Bədəlova (Həmzəyeva) X23” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa göstərilən ünvanda fərdi yaşayış evinin mövcud olmadığı və B tikilisinin yaşayışa yararsız (istifadəsiz) olduğu aşkar edilmişdir. 0,1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilmişdir. Göstərilən səbəblərdən ərizənin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Göstərilən Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsindən imtina əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1-ci və 1.11-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qitmətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüquqqları təsdiq edən sənədlərə aid edilmşdir. Məhkəmə qeyd edir ki, mərhum Ç.Bədəlovaya 1988-ci ilin fevral ayında verilmiş texniki pasport Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Məhkəmə qeyd edir ki, cavadeh inzibati orqan imtina bildirişində sözügedın evin dağıdıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddia tələbi evə dair deyil, evin altında yerlışən 1278 kv m torpaq sahəsinə dair verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 7 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 8 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin mərhum Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-128/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-128/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver