Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1281/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bölgəsində yerləşən 600 kv.m sahəsi olan 1647 saylı bağ sahəsinin onun adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dalğa” X1 Heyətinin 11.05.2007-ci il tarixli 2 saylı protokoluna əsasən Sumqayıt şəhəri, “Yaşma” bölgəsində yerləşən 600 kv.m sahəsi olan 1647 saylı bağ sahəsinin onun istifadəsinə verilməsinə dair qərar qəbul edilmişdir. 20.12.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, “Dalğa” X1 Heyətinin 11.05.2007-ci il tarixli 2 saylı protokoluna əsasən onun mülkiyyətinə verilmiş 1647 nömrəli bağ sahəsinin xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18.01.2022-ci il tarixli **********16 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda yuxarıda qeyd olunan bağçılığa dair arxiv sənədlərinin cavabdehin arxivinə təhvil verilmədiyi, verildiyi təqdirdə müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınması ilə bağlı müraciətimə baxılacağı qeyd olunmuşdur. Hesab edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilsə də, cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən ərizə üzrə tələbin yerinə yetirilməsindən imtina etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhəri, “Yaşma” bölgəsində yerləşən sahəsi 600 m2 olan 1647 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Dalğa” B/Y 1647 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 20.12.2021-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinin tələblərinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahəıərinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Araşdırma zaman məlum olmuşdur ki, İddiaçı və o cümlədən həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş “Dalğa” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Dalğa” bağçılıq yoldaşlığının nümayəndəsi məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasına gələ bilməyəcəyini və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 18.01.2022-ci il tarixli **********16 nömrəli imtina məktubu, etiraz ərizəsi, Sumqayıt şəhər prokurorluğu tərəfindən verilmiş 1 nömrəli protokolun surəti, “Dalğa” X1 Heyətinin 11.05.2007-ci il tarixli 2 saylı protokolunun surəti, “Dalğa” bağçılıq yoldaşlığının 1/2 nömrəli, 12 may 2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması barədə “Dalğa” X1 Heyətinin 11.05.2007-ci il tarixli 2 saylı protokolun qəbul edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 18.01.2022-ci il tarixli **********16 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Dalğa” X1 Heyətinin 11.05.2007ci il tarixli 2 saylı protokoluna əsasən Sumqayıt şəhəri, “Yaşma” bölgəsində yerləşən sahəsi 600 m2 olan 1647 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilməsinə dair qərar qəbul edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti” haqqında Qanunun 8.0.7-ci maddəsinə əsaən iddiaçı Xidmətə müraciət edərək, əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh təşkilat “Dalğa” bağçılıq yoldaşlığı tərəfindən 1647 saylı bağ sahəsinin arxiv əsaslarının DƏDRXin 2 saylı Ərazi İdarəsinə təqdim etməməsini əsas gətirərək, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin sorğusu əsasında “Dalğa” bağçılıq yoldaşlığının 1/2 nömrəli, 12 may 2022-ci il tarixli məktub iş materiallarına əlavə edilmişdir. Həmin məktubdan görünür ki, “Dalğa” bağçılıq yoldaşlığının adlı siyahısından çıxarışda İddiaçı adı ikinci sırada vardır. Həmçinin iş materiallarında olan “Dalğa” X1 Heyətinin 11.05.2007-ci il tarixli 2 saylı protokoluna əsasən Sumqayıt şəhəri, “Yaşma” bölgəsində yerləşən sahəsi 600 m2 olan 1647 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Həmin Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh təşkilat tərəfindən gətirilən arqumentə münasibət bildirərək, məhkəmə hesab edir ki, “Dalğa” bağçılıq yoldaşlığının 1647 saylı bağ sahəsinə dair arxiv sənədlərinin dövlət qurumlarının və ya bələdiyyənin səhvi ucbatından axiv sənədlərinin DƏDRX-in 2 saylı Ərazi İdarəsinə təqdim edilməməsində İddiaçı təqsiri yoxdur. Belə ki, iddiaçının hüquqları mötəbərlik prezumpsiyası prinsipinə əsasən qorunur. Nəzərə alınmalıdır ki, DƏDRX-in 2 saylı Ərazi İdarəsinin tələb etdiyi siyahı məhkəmə tərəfindən tələb edilərək iş materiallarına əlavə edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hesab olunur ki, İddiaçı cavabdeh təşkilata təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmaması sübuta yetirilmədiyinə görə həqiqi hesab edilməli və onun sahibliyində olan 1647 saylı bağ sahəsi üzrə yaranmış mülkiyyət hüquqları cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olmadığından iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, “Yaşma” bölgəsində yerləşən sahəsi 600 m2 olan 1647 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1281/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1281/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver