Məhkəmə qərarları › İş №2-1(118)-1281/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1281/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1281/2024 18.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı X9 Hajı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində uşaq və ata bəndində soyadın “Hajı” soyadından “Hacı” soyadına düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X9 Hajı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində uşaq və ata bəndində soyadın “Hajı” soyadından “Hacı” soyadına düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci ildə İraq vətəndaşı X3 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və nikahlarını 3 saylı Bakı Asan Xidmət Mərkəzində rəsmiləşdirmişlər, bu barədə AZ-İİ № 187770 saylı 13 mart 2017-ci il tarixli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Alina adında bir övladları anadan olmuşdur. Nikah haqqında şəhadətnamədə iddiaçının və həyat yoldaşının soyadının “Hacı” kimi qeyd olunmasına baxmayaraq uşağın doğum haqqında şəhadətnaməsində onun və həyat yoldaşının soyadı “Hajı” kimi qeyd olunmuşdur. Halbuki, onlar nikaha daxil olarkən o, Azərbaycanda olmuş və soyadı “Hacı” olduğu üçün iddiaçıya da həmin soyad verilmişdir. Uşağın soyadı ilə hər iki valideynin soyadları arasında olan bu fərq bir sıra çətinliklər yaradır. İddiaçı bu uyğunsuzluğun aradan qaldırılması və uşağın doğum haqqında şəhadətnaməsində düzəlişin edilərək “Hajı” soyadının “Hacı” soyadı ilə əvəz olunması barədə cavabdeh təşkilata müraciət etmiş, lakin iddiaçıya xx.xx.2023-cü il tarixdə imtina verilmiş və bildirilmişdir ki, soyadda düzəlişin edilməsində mübahisə olduqda bu məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - X1 məxsus şəxsiyyət vəsiqəsində soyadı “Hajı”, atasının adı “X11” kimi qeyd olunduğu müəyyən edilmişdir. - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində soyadı “Hacı” kimi qeyd olunduğu müəyyən edilmişdir. - 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 187770 nömrəli xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X4 X10 Hacı ilə nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. - Məhkəmənin sorğusuna əsasən 1 saylı Sumqayıt Regional “Asan Xidmət”i Mərkəzindən alınmış xx.xx.2019-cu il tarixli, 7968 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, uşağın soyadı “Hajı”, ana haqqında məlumatda “İddiaçı”, ata haqqında məlumatda “Hajı X11” kimi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən 3 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktudan görünür ki, X10 Hacı ilə İddiaçı adına tərtib edilmiş 657 saylı xx.xx.2017-ci il tarixli nikah haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş sənədlərin saxlama müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirinin 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”-ın 11- 12-ci hissələrinə və həmin Təlimata 15 nömrəli əlavə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”-na əsasən xx.xx.2023-cü il tarixdə məhv etmək üçün ayrılmış sənədlərlə birgə məhv edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X8: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, valideynlərinin soyadı “Hacı”, nikah haqqında şəhadətnamədə valideynlərinin soyadı “Hacı” kimi göstərilməsinə baxmayaraq övladları Reyhanın doğum akt qeydində uşağın soyadı “Hajı” kimi qeyd edilmişdir. Hazırda sənədlərin arasında yaranmış ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Məhkəmə qeyd edir ki, doğum akt qeydində xx.xx.2019-cu il tarixli, 7968 saylı doğum haqqında akt qeydində uşağın soyadı “Hajı”, ana haqqında məlumatda “İddiaçı”, ata haqqında məlumatda “Hajı X11” kimi qeyd edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 7968 saylı 1 saylı Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış iddiaçı X1 aid doğum haqqında akt qeydində uşağın və ata qrafasında soyadının “Hajı”dan “Hacı”ya dəyişiklik edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar