Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1281/2025 12.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Küsnət Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona satılmış Quba rayonu, Küsnət kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Küsnət bələdiyyəsinin qərarı ilə ona yaşadığı kəndin ərazisindən 0,10 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.Bununla əlaqədar, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun sənədləşmə işi aparılmış, bələdiyyə sədrinin, DT və XK-nın müdirinin iştirakı ilə alqı-satqı aktı tərtib (təsdiq) edilmiş və müvafiq ödəniş olunmuşdur. Həmçinin, qeyd olunan idarələr tərəfindən torpaq sahəsinin plan xəritəsi də təsdiq olunmuşdur.Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, yeni sistemdə ona ayrılmış ərazi kənd təsərrüfatı təyinatlı göstərilmişdir. Torpaq sahəsi ona verilərkən qanunvericiliyin tələblərinə uyğun iş aparılmış və həmin vaxt buna məsul şəxslər tərəfindən sənədləşmə işləri görülmüşdür. Məsələyə bu formada yanaşılması onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur.Onun təqdim etdiyi sənədlər qanunauyğun formada müəyyən edilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Quba rayonu, Küsnət kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə 12.03.z024- cü il tarixli ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-M-0131-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, müraciət etdiyiniz, Quba rayon isnovqışlaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Sizə satılmış 0.10 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.Bundan əlavə, 0.10 ha torpaq sahəsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməmişdir. Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər.Həmin məcəllənin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. H iquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və malqara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərlitdərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur”. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-M-0131-8/2024 nömrəli imtina məktubu, etiraz ərizəsi, Quba rayon Küsnət Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 saylı qərarının surəti, torpağın alqı-satqısına dair aktın surəti, X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-18090/2024 nömrəli mütəxəssis rəyi, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-M-0131-8/2024 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 18090/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.26 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planı sxemində gösterilən torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası örüş kimi göstərilmişdir. Müayinə zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisə halı qeydə alınmamışdır. Həmin ərazi faktiki olara iddiaçı tərəfindən dəmir tor və ağaclarla bərkidilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının qonşuluqda yerləşən torpaq sahələrinə dair digər şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.Göründüyü kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarında olması müəyyən olmuşdur. Ona görə də müvafiq torpaq sahəsi alqı-satqı predmeti ola bilməz.Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, sözügedən bələdiyyə qərarı qanunvericilik aktlarına zidd olaraq qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunvericilik aktlarından göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Küsnət Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona satılmış Quba rayonu, Küsnət kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2-1(118)-1281/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1281/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver