Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1282/2021 19.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38a/44, mənzil 16-da yaşayan) Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsində baş hüquqşünas işləyən, Sumqayıt şəhəri, stansiya Sumqayıt, PÇ-14, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 16.04.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin və iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun tutulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 16.04.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 16.04.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin və iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2-1(118)-1284/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, pensiyaya çıxdıqdan sonra uşaqlara əyləncə təşkil etmək məqsədi ilə internet klub işlətməyə başlamışdır. Mütamadi olaraq vergi orqanına yazılı qaydada hesabat göndərmiş və daha sonra ərizə ilə müraciət edərək hesabatın qəbul edilibedilməməsi barədə məlumat almışdır. 16.04.2020-ci il tarixdə ərizə ilə cavabdeh vergi orqanına müraciət edərək 03.04.2020-ci il tarixli ərizəyə təcili cavab verilməsini və məlumat üçün şəxsi vərəqəsindən çıxarışın təcili olaraq ona göndərilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən 16.04.2020-ci il tarixdə qəbul edilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəyə cavab verilməmişdir. Bununla bağlı onun hüquqlarının pozulmasına yol verilmişdir. Həmin müraciətlə bağlı cavab 21.09.2020-ci il tarixdə poçta verilmiş, zərfin içərisinə isə 28.04.2020-ci il tarixli məktub qoyulmuşdur. 21.09.2020-ci il tarixli məktubun giriş hissəsində yazılmışdır ki, həmin məktub 08.07.2020-ci il və 20.04.2020-ci il tarixli məktublara cavabdır. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi ziyan çəkmişdir. Hazırda iddiaçı həmin ziyanı 2500 manat məbləğində qiymətləndirir və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı 03.04.2020-ci il tarixli ərizəsində 2020-ci ilin l rübünə görə sadələşdirilmiş vergi hesabatını təqdim etmişdir. Beləliklə, iddiaçının 03.04.2020-ci il tarixli ərizəsi vergi hesabatı ilə, 16.04.2020-ci il tarixli ərizəsi isə həmin hesabatın qəbul edilməsi və şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. İddiaçı tərəfindən qanunun qeyd edilən tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada deyil, vergi orqanına ərizə ilə müraciət edilərək hesabat rəqəmlərinin sistemə işlənməsi tələb edilmişdir. Vergi Məcəlləsinin 72.7-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilməsi vergi orqanının vəzifəsi kimi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq həmin ərizədə göstərilən hesabat rəqəmləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir. Qanunvericiliyin tələblərinə görə vergi ödəyicisinin təqdim etdiyi hesabat qəbul edilmədikdə və ya hər hansı uyğunsuzluq aşkar edildikdə vergi orqanı bu barədə vergi ödəyicisinə məlumat verməlidir. Digər hallarda, yəni hesabatla bağlı hər hansı qeyri-dəqiqlik aşkar olunmadıqda vergi orqanı hesabatı alması ilə bağlı vergi ödəyicisinə təsdiq cavabı vermək vəzifəsi daşımır. Bununla bağlı cavabdehin nümayəndəsi R.Musayev iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - İddiaçı 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 16.04.2020-ci il tarixli ərizəsindən görünür ki, o, idarənin arayışla birlikdə aldığı 03.04.2020-ci il tarixli ərizəsi barədə təcili məlumat verilməsini və məlumat üçün şəxsi vərəqindən çıxarışı ona göndərilməsini xahiş etmişdir. -Poçt göndərişlərinin izlənməsindən çıxarışdan görünür ki, 16.04.2020-ci il tarixdə iddiaçı tərəfindən göndərilmiş ərizə həmin tarixdə cavabdeh tərəfindən alınmışdır. -iddiaçının 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 23.09.2020-ci il tarixli ərizəsindən görünür ki, o, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Abbas İsmayılov və digərlərini məsuliyyətə cəlb edilməsi və ona dəymiş 2500 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı 28 aprel 2020-ci il tarixli **********88400 saylı məktubundan görünür ki, İddiaçı 08.04.2020-ci il tarixli və 20.04.2020-ci il tarixli müraciətlərinə cavab olaraq onun təqdim etdiyi məlumatların şəxsi hesab vərəqəsində əks edildiyi bildirilmişdir. Vergi bəyannaməsini elektron qaydada və ya kağız daşıyıcılar vasitəsi ilə təqdim etmək mümkündür. Kağız daşıyıcısında müraciətin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsasən vergi pdəyicisinə vergi bəyannaməsini Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə uçotda olduğu vergi orqanına kağız daşıyıcılarda və ya elektron qaydada təmin edilmnəsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 03.04.2020-ci il tarixli ərizə ilə 2020-ci ilin l rübünə görə vergi hesabatını təqdim etmişdir. Daha sonra 16.04.2020-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək 03.04.2020-ci il tarixli ərizəyə cavab verilməsini və şəxsi hesab vərəqindən çıxarışın təqdim edilməsini xahiş etmişdir, Həmin ərizə cavabdeh orqan tərəfindən 16.04.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Odur ki, iddiaçı 07.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 28.04.2020-cü il tarixli cavab məktubunu 21.09.2020-ci il tarixli zərfin içərisinə qoyaraq iddiaçıya ünvanlamışdır. İddiaçı tələbində onun ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması və bunun nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. Göründüyü kimi, elektron sənəd formasında aparılan mütləq qayda vergi ödəyicisi ilə vergi orqanı arasında olan yazışmaların bütün növlərinə aid deyil, yalnız bəyannamələrin (hesabatların) göndərilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışma qaydasını tənzimləyərkən, 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanının iddiaçının müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməsi öz təsdiqini tapmadı. Cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Göstərilən Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 10.2-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır (10.3). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının 16.04.2020-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi və İddiaçı tərəfindən müvafiq iddia qaldırdıqdan sonra cavab verilməsi qanunpozuntusu kimi tanınmalıdır. Eyni zamanda məhkəmə həmin qanunpozuntusu nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsinə dair iddiasını əsassız hesab edir. Belə ki, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı 16.04.2020-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi və iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsi qanunpozuntusu kimi tanınsın. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1282/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1282/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver