Məhkəmə qərarları › İş №2-1(118)-1282/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1282/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1282/2024 15.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 11 may 2023-cü il tarixli 3-17-1/3-3-10267/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ona hüququnun yarandığı vaxtdan 52 yaşından güzəştli əsaslarla təyin edilmiş yaşa görə əmək pensiyasının bərpası və işlədiyi üçün sosial sığorta hesabında toplanan kapital əsasında pensiyasının yenidən hesablanaraq, artılırması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 11 may 2023-cü il tarixli 3-17-1/3-3-10267/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur, hazırda 61 yaşı vardır, 1979-cu ildən əmək fəaliyyətinə 8 saylı TTİ-də başlamış, 1980- 1983-cü illərdə hərbi xidmətdə olmuş, 1984-cü ildə isə işdən çıxaraq Boruyayma zavoduna işə düzəlmişdir. Onun 20 ildən artıq ümumi stajının olması və onun da 10 ildən artıq bir hissəsini ağır şəraitli zərərli işlərdə-Azərboru ASC-nin (əvvəlki adı Boruyayma zavodu) sexlərində xx.xx.1984-cü ildən işləməsi nəzərə alınaraq, 52 yaşında, yəni 20.07. 2014-cü ildə yaşa görə əmək pensiyasına çıxmış və lakin işləməkdə davam etmişdir. Pensiyaya çıxarkən onun 2006-cı il 01 yanvar tarixinə kimi olan əmək stajı nəzərə alınmışdır. O, pensiyaya çıxdıqdan sonra işlədiyi üçün ona təyin edilmiş pensiyanın yenidən hesblanması və artırılması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş və 2006-2017-ci illərdə işlədiyi dövr üçün 50-60 manat artım olmuş və 2017-2023-cu illər üçün (son 6 il) pensiyanın yenidən hesablanması aparılmaqla bu məbləğ 537,50 qəpik olmuş. Lakin sonradan bu pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi guya pensiya təyin olunarkən onun tam əmək stajı düzgün hesablanmamış və bu staj 20 ildən az, yəni 19 il 11 ay 11 gün olmuşdur. Bu səbəbdən də pensiya onun 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2022-ci ildən yenidən hesablanmış və sığorta kapitalı nəzərə alınaraq və indeksləşdirilməklə 326,78 manat məbləğində müəyyən olunmuşdur. Bu vəsaitin də 10 faizinin guya ona artıq ödənilmiş 7526,55 manata görə hər ay 32,68 manat olmaqla pensiyadan tutulacaqdır. Cavabdehin bu addımından sonra o, işlədiyi Azərboru ASC-yə müraciət edərək, onun əmək stajı ilə bağlı ətraflı arayışın verilməsini istəmiş və ona xx.xx.2023-cü ildə arayış təqdim olunmuşdur. Həmin arayışda onun bütün əmək fəaliyyəti qeyd olunmuş və məlum olmuşdur ki, cavabdeh təşkilat ona ünvanladığı məktubda 2001-ci ilin yanvar ayından xx.xx.2003-cü ilədək olan əmək stajını nəzərə almamışdır, halbuki o, bu dövrdə də işləmiş, əmək vəzifəsini yerinə yetirmişdir. Belə olduqda onun ümumi stajı 20 ildən artıq (23 il) təşkil edir ki, bu da ona 52 yaşında pensiyanın düzgün təyin olunduğunu sübuta yetirir, buna görə də ona 52 yaşdan təyin edilmiş əmək pensiyası bərpa edilməli və sosial sığorta hesabında toplanan kapital əsasında pensiyası yenidən hesablanmaqla artırılmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə Azərboru ASC-nin ona dair 11 iyul 2014-cü il tarixli 18-92 nömrəli arayışında xx.xx.1997- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Buna görə də, yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (19 il 11 ay 11 gün ((xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1984- cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1997-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 52 yaşının tamam olduğu 20 iyul 2014-cü il tarixindən qanunnvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunub. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı iddiaçının pensiya hüququnun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən təyin edilərək hesablanmalı olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 41025,33 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünərək əmək pensiyası xx.xx.2022-ci il tarixindən 284,90 manat (41025,33:144) (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 326,78 manat) məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 7526,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib Həmin artıq ödənilmiş 7526,55 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə (hər ay 32,68 manat) onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 326,78 manat təşkil edir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildiririk ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: AZE seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; “Əmək pensiyasının yenidən hesablanması haqqında” 11 may 2023-cü il tarixli, 3-17-1/3-3-10267/2023 saylı qərar və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digəri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 11 may 2023-cü il tarixli, 3-17-1/3-3- 10267/2023 saylı qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 52 yaşının tamam olduğu xx.xx.2014-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-10267/2023 saylı qərarla iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq, ona 326 manat 78 qəpik qəpik pensiya təyin edilmişdir və iddiaçının aylıq pensiya məbləğindən tutulmalar aparılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasından tutulmaların dayandırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin ona ünvanladığı məktub ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-10267/2023 saylı qərar üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. Belə ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilən zaman, inzibati orqan tərəfindn inzibati icraatın prinsipləri pozulmuş, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş və işdə onların iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verilməmiş və bu barədə onların mülahizələri dinlənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-10267/2023 saylı qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3- 3-10267/2023 saylı qərar ləğv edilməli, əvvəlki pensiya məbləği bərpa edilməli və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-10267/2023 saylı qərar ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləği bərpa edilsin, pensiyasından tutulmuş məbləğ geri qaytarılsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar