Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1283/2023 18.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı onun mülkiyyətində olan Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5199 ha torpaq sahəsinə dair plan və ölçü sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5199 ha torpaq sahəsinə dair plan və ölçü sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı 0,5199 ha torpaq sahəsi vardır və onun faktiki istifadəsindədir. Mülkiyyət hüququ həmin sahə üzərində 18 avqust 2021-ci il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsi iddiaçıya mərhum anasından vərəsəlik qaydasında keçmiş və ona dövlət aktı verilmişdir. O, bir müddət əvvəl həmin sahəyə dair plan və ölçünün verilməsi üçün cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Halbuki, 01 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşının iştirakı ilə yer faktiki olaraq ona GPS vəsitəsi ilə göstərilmiş və koordinatlarının yerində olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ərazi idarəsinin elektron baza məlumatlarına əsasən Aqrar islahat Komissiyası tərəfindən İddiaçı mərhum anası X2 ayrımış torpaq sahəsinin faktiki və sənəd üzrə (ləğv edilmiş DTXK-si tərəfindən tərtib olunmuş JN-1148 nömrəli dövlət aktı) koordinatlarının fərqli olması müəyyən edilmişdir. Faktiki istifadə olunan torpaq sahəsinin üzərində tikili mövcuddur və həmin tikili başqa şəxsə məxsusdur. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, İddiaçı ********** qeydiyyat nömrəli ərizəsinin torpaq sahəsinə planı və ölçüsü sənədinin işlənməsi hissəsinin icrası mümkün olmamışdır, torpaq sahəsinə yalnız reyestrdən çıxarış işlənilmişdir. İş materiallarında olan : -**********82 reyestr nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən 0.5199 ha torpaq sahsəi İddiaçı xüsusi mülkiyyətindədir. -xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1 qanun üzrə vərəsəsidir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki,naturada ölçülən torpaq sahəsi ilə baza məlumatlarında olan torpaq sahəsinin cizgiləri uyğunluq təşkil edir.Üzərində başqa vətəndaş tərəfindən yuyucu sex inşa edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2023cü il tarixli cavab məktubundan görünür ki, Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin koordinatları daxilində başqa şəxsə məxsus tikilinin (avtoyuma məntəqəsi) mövcud olduğu qeyd edilmişdir. Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında və idarənin arxivində həmin tikili üzərində mülkiyyət hüququnun qeydə alınması barədə heç bir məlumat aşkar olunmadı. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mərhum anasının mülkiyyətinə verildiyini iddia etdiyi 0,52 ha torpaq sahəsini naturada göstərmiş və koordinatları müəyyənləşdirilmişdir. JN-1148 kod 41001004 saylı Dövlət Aktına əsasən İddiaçı mərhum anasının mülkiyyətinə verilmiş 0,52 ha torpaq sahəsinin Dövlət Aktında qeyd olunan koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları eynilik təşkil etmir.Belə ki, islahat xəritəsində JN-1148 kod 41001004 saylı Dövlət Aktına əsasən İddiaçı mərhum anasının mülkiyyətinə verilmiş 0,52 ha torpaq sahəsi başqa ərazidə yerləşir. Lakin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin koordinatları ilə torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən mərhum anasının mülkiyyətinə verilmiş 0,52 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. JN-1148 kod 41001004 saylı Dövlət Aktına əsasən İddiaçı mərhum anasının mülkiyyətinə verilmiş 0,52 ha torpaq sahəsinin Dövlət Aktında qeyd olunan koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları arasında olan uyğunsuzluğun hansı hissədə olması rəyə əlavə olunmuş ortofoto görüntüdə öz əksini tapmışdır.Əlavə olaraq iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin koordinatları daxilində başqa şəxsə məxsus tikili (avtoyuma məntəqəsi) mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. İşin hallarından müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh iddiaçınnı müraciətini təmin etməkdən imtina etmiş və imtinaya əsas kimi mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki yer arasında uyğunsuzluğun olması, bundan başqa fakitki istifadədə olan torpaq sahəsində başqa şəxsə aid olan tikilinin yerləşməsi göstərilmişdir. Bu dəlillərin araşdırılması üçün məhkəmə mütəxəssis rəyinin alınması üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Ərfazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi islahat xəritəsinun göstəricilərinə görə başqa yerdə yerləşsə də, hazırki elektron baza məlumatlarına (xəritəsinə) uyğundur. Bundan başqa həmin ərazidə başqa şəxsə aid tikilinin yerləşməsi qeyd edilsə də, həmin tikili barəsində hər hansı şəxsin mülkiyyət hüququ qeydə alınmamış və kimə məxsus olması bəlli deyildir. Məhkəmə bu əsaslarla iddiaçıya imtina cavabı verilməsini əsassız hesab edir. Belə ki, həmin torpaq sahəsi uzun illərdir iddiaçının ailə üzvlərinin (mərhum anasının) istifadəsindədir, torpağın harada yerləşməsi bəllidir, islahat xəritəsində torpaq sahəsinin başqa yerin göstərilməsi səbəbindən iddiaçıya imtina cavabı verilməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5199 ha torpaq sahəsinə dair plan və ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1283/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1283/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver