Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1287/2021 22.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin 05 may 2021-ci il tarixli, 123-16799N-3221 saylı imtinasının qanunsuz hesab edilməsi, 24.06.1985-ci il təvəllüdlü X1 və onun yetkinlik yaşına çatmayan uşaqları 16.04.2007-ci il təvəllüdlü X3 və 19.09.2008-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 101-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin 05 may 2021-ci il tarixli, 123-16799N-3221 saylı imtinasının qanunsuz hesab edilməsi, 24.06.1985-ci il təvəllüdlü X1 və onun yetkinlik yaşına çatmayan uşaqları 16.04.2007-ci il təvəllüdlü X3 və 19.09.2008-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 101-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35-də yerləşən 101 saylı mənzil 2007-ci ildən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı 1984-cü ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Hazırda həmin evdə iddiaçının ailə üzvlərindən başqa, gəlinlərinin bacısı və bacısı uşaqları pasport qeydiyyatındadırlar. Gəlinin bacısı X5 və onun yetkinlik yaşına çatmayan uşaqları X6 və X7 bir gün belə iddiaçıya məxsus evdə yaşamamışlar. Onlar iddiaçının ailə üzvləri deyildir və mənzildə hər hansı hüquqları yoxdur. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılmasını cavabdehdən xahiş etsə də, iddiaçıya ünvanlanan 05 may 2021-ci il tarixli, 123-16799N- 3221 saylı imtina məktubunda hazırkı məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılması tövsiyə edilmişdir. Cavabdehin imtinası formal və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1287/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadına əsasən X5 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə 18.06.2021-ci il tarixdə ərizə ünvanlayaraq iddia ərizəsinə heç bir etirazının olmadığı və qərar qəbul olunacağı təqdirdə icra olunacağı bildirilmişdir. Məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunmuş X2 məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, iddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 101-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 05.05.2021-ci il tarixli, 123-16799N-3221 saylı imtina məktubunda hazırkı məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 24.06.1985-ci il təvəllüdlü X5 və onun yetkinlik yaşına çatmayan uşaqları - 16.04.2007-ci il təvəllüdlü X6 və 19.09.2008-ci il təvəllüdlü X7 mübahisəli mənzildə qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İş materialarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 13 saylı MKS tərəfindən verilən Akt və ətraflı arayışa əsasən X5, X6 və X7 mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar və heç bir vaxt həmin mənzildə yaşamamışlar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 101-də yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3cü şəxs X5 və onun yetkinlik yaşına çatmayan övladları - 16.04.2007-ci il təvəllüdlü X6 və 19.09.2008-ci il təvəllüdlü X7 mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. 13 saylı Mənzil Kommunal Sahəsinin 04.03.2021-ci il tarixli aktından da göründüyü kimi X5, X6, X7 mübahisəli mənzildə heç vaxt yaşamamışlar. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında həmin şəxslər ona məxsus olan mənzilə pasport qeydiyyatına düşmüşlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 24.06.1985-ci il təvəllüdlü X5 və onun yetkinlik yaşına çatmayan uşaqları 16.04.2007-ci il təvəllüdlü X6 və 19.09.2008-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı evin 101 nömrəli mənzili üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Belə ki, X5 mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığı üçün onun yetkinlik yaşına çatmayan övladları da həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdırlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 və onun yetkinlik yaşına çatmayan uşaqları 16.04.2007-ci il təvəllüdlü X6 və 19.09.2008-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı evin 101 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1287/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1287/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver