Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-129/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının X6 2434 kv m torpaq sahəsinin ayrılmasına dair 07 noyabr 2006-cı il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Aqrar İslahat Komissiyasının X6 2434 kv m torpaq sahəsinin ayrılmasına dair 07 noyabr 2006-cı il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evini tikmək üçün Sabir qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinə dair ona plan və ölçü sənədi verilmişdir. O, torpaq sahəsinə dair çıxarış almaq istədikdə ona həmin torpaq sahəsinə dair başqa şəxsin adına çıxarışın verilməsi bildirilərək imtina cavabı verilmişdir. Belə ki, ona ayrılmış torpaq sahəsinin koordinatlarının X6 ayrılmış 0.24 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi bildirilmişdir. O, çıxarışın etibarsız hesab edilməsi üçün Şamaxı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tədqiqatı zamanı verilmiş ekspertiza rəyinə əsaslanaraq məhkəmə onun iddiasını təmin etməmişdir. Bundan sonra o, X2 müraciət etmiş və torpaq sahələrin koordinatlarının üst-üstə düşmədiyi barədə rəy verilmişdir. Hazırda X.Dəmirovun mülkiyyətində olan 0.2434 ha torpaq sahəsinin 0.12 ha hissəsi İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsidir. DƏDRX-nin Şamaxı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə verdiyi məktubunda isə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan dövlət məktəbinə aid torpaq sahəsinin olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Üçüncü şəxs qismində cəlb edilmiş X9 iddianı qəbul etmədi və izah etdi ki, ona və ailə üzvlərinə aqrar islahat komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsi 1996-cı ildən onun ailə üzvlərinin istifadəsində olmuşdur. 2006-cı ildə aqrar islahat komissiyası qərar verdikdən sonra, onlar həmin sahədə ev tikməyə başlayanda mübahisələr başlamışdr. Torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada onun atasına, daha sonra vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının, onun nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edildi ki, iddiaçı X3 cavabdehlər X7 və qeyrilərinə qarşı çıxarışın, torpaq sənədinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası Şamaxı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(074)-24/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli 2(105)- 602/2022 saylı qətnaməsi ilə çıxarışın, torpaq sənədinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir və iddiaçıya eyni tələblə Sumqayıt İnzibati Məhkəməsunə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı mülkiyyyət hüququnun qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının bu müraciətinə cavab olaraq həmin idarə imtina bildirişi verərək iddiaçının tqdim etdiyi sənəd ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu və elektron baza xəritəsində iddiaçının adına qeyd olunan torpaq sahəsinin Sabir qəsəbə orta məktəbin ərazisinə düşməklə dövlət mülkiyyəti olması, plan və ölşü sənədində göstərilən torpaq sahəsinin başqa şəxsə verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşməsi bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən Şamaxı rayon Məhkəməsində mülki işə baxılarkən alınmış mütəxəssis rəyindən görünür ki, ...X9, Dəmirova Narxanım və qeyrilərinin mülkiyətinə alınmış torpaq sahəsinə aid “Torpaq sahəsinin plan və ölçü sənədi”ndə göstərilən koordinatlarda yerləşən 0.2434 ha torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür. Naturada mübahisələndirilən torpaq sahəsi cavabdeh X9 tərəfindən istifadə edilir. Göstəirilən bu ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə tərəfindən tikintitexniki ekspertizası təyin edilmişdir və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) Şamaxı rayon Aqrar İskahat Komissiyasının xx.xx.2006-cı il tarixli 09 saylı qərarı ilə Kərimov Bəxtiyar (Famil) Balakərim oğluna ayrılmış 1200 kv m torpaq sahəsinin koordinatları (Torpaq sahəsinin plan və ölçü sənədi A215927) naturada göstərdiyi torpaq sahəsinin koordinatlarına uyğundurmu? 2) X4 mülkiyətində olan 0.21434 ha torpaq sahəsi (Plan və ölçü sənədi AA013118) onun naturada göstərdiyi torpaq sahəsinin koordinatlarına uyğundurmu? 3) Kərimov Bəxtiyar (Famil) Balakərim oğluna ayrılmış 1200 kv m torpaq sahəsinin koordinatları (Torpaq sahəsinin plan və ölçü sənədi A215927) Dəmirov Xosrov Həsən oğlunun mülkiyyətində olan (Plan və ölçü sənədi AA013118) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü? 4) 3-cü sualda gösərilən koordinatların üst-üstə düşməsi müəyyən edildiyi təqdirdə hansı hissədə və ölçüdə düşməsi müəyyən edilsin. 5) iddiaçıya ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olan orta məktəbin ərazisi ilə üstüstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli 10/2306 saylı rəy ilə müəyyən edilmişdir ki: 1)Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 09 saylı qərarı ilə X1 ayrılmış 1200 kv m torpaq sahəsinin koordinatları (Torpaq sahəsinin plan və ölçü sənədi A215927) naturada göstərilən torpaq sahəsinin koordinatlarına uyğun olmadığı, birbirindən 108.86 m aralıda olduğu müəyyən edilmişdir. 2) X4 mülkiyətində olan 0.21434 ha torpaq sahəsi (Plan və ölçü sənədi AA013118) naturada göstərilən 2624 kv m torpaq sahəsi ilə 2364 kv m hissədə üst-üstə düşdüyü müəyyən olundu; 3) Kərimov Bəxtiyar (Famil) Balakərim oğluna ayrılmış 1200 kv m torpaq sahəsinin koordinatları (Torpaq sahəsinin plan və ölçü sənədi A215927) Dəmirov Xosrov Həsən oğlunun mülkiyyətində olan (Plan və ölçü sənədi AA013118) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olundu; 4) iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olan orta məktəbin ərazisi ilə üst-üstə düşməsi barədə suala mütəxəssis rəyi daxil olandan sonra cavab verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının X6 2434 kv m torpaq sahəsinin ayrılmasına dair 07 noyabr 2006-cı il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının X6 2434 kv m torpaq sahəsinin ayrılmasına dair 07 noyabr 2006-cı il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-129/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-129/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver