Məhkəmə qərarları › İş №2-1(118)-1291/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1291/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1291/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən 1992-ci ilə qədər çalışmışdır. Bu onun əmək kitabçasında da qeyd olunmuşdur. 2016-cı il tarixdən 3 uşağa görə 130 manat müavinət alır. 01 iyul 2020-ci il - 30 iyun 2021-ci il üçün qadınlar üzrə pensiya yaşı 62 il təyin olunmuşdur. Pensiya yaşına çatdığına görə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh orqanın 06.05.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, pensiya yaşma çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Onun sığorta stajı isə 16 il 05 ay 17 gün təşkil etdiyinə görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdehin verdiyi cavab qanunsuz və əsassızdır. Çünki 2006-cı ildən sonrakı 1 ay belə olsun sığorta stajı varsa, yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Əmək kitabçasında da qeyd olunduğu kimi 07.04.2011-ci ildən 01.10.2012-ci ilə qədər Sumqayıt şəhər “Lift-Servis“ Birliyinin 47/12 mkr sahəsi üzrə lift nəzarətçisi kimi çalışmışdır. Buna görə də 2006-cı ildən sonrakı dövr üçün 1 il 6 ay sığorta stajı yaranır. Eyni zamanda ona müəyyən məbləğdə pensiya kapitalı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu, 07.04.2011-ci dən 01.10.2012-ci ilədək Sumqayıt şəhər “Lift - Servis” Birliyinin 47/12 mkr sahəsi üzrə lift nəzarətçisi kimi işlədiyini və əmək haqqı aldığını iddia edir. Bu səbəblə də, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. İşin mübahisələndirilməyən halı kimi iddiaçının əmək kitabçasında qeyd edilən dövrləridir. Ümumilikdə iddiaçının 16 il 05 ay 17 gün sosial sığorta stajı olduğu görünür. P. Quliyeva sosial müavinət aldığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilə bilməz. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Məmmədova Leyla Ramiz qızı iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. - İddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 fevral 1977-ci il tarixdən 11 sentyabr 1990-cı il tarixədək, 24 sentyabr 1990-cı il tarixdən 01 sentyabr 1992-ci il tarixədək, 07.04.2011-ci il tarixdən 01.10.2012-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 06.05.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının pensiya təyinatı ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı 2006-cı ildən sonra, yəni 07.04.2011-ci il tarixdən 01.10.2012-ci il tarixədək Sumqayıt şəhər “Lift Servis” Birliyində işlədiyindən yaşa görə əmək pensiyası almaq hüququna malik olduğunu iddia edir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərini müəyyən edən 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt müəyyən edilmişdir: qanunla müəyyən olunmuş yaş həddinə çatmaq və zəruri pensiya kapitalına və ya 25 il sığorta stajına malik olmaq; Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki işdə iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) onun əmək pensiyası hüququ 62 yaşdan yaranmışdır. Yəni ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş birinci şərt mövcuddur. Qanunun yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına və ya sığorta stajı şərtinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. Belə ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. İddiaçı hesab edir ki, 2006-cı ildən sonra, yəni 07.04.2011-ci ildən 01.10.2012-ci ilə qədər Sumqayıt şəhər “Lift Servis” Birliyində işlədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri iş stajına malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qanunun mənasından göründüyü kimi qanunvericilik sosial müavinət alan şəxslərə yaşa görə əmək pensiyasının hesablanması zamanı Əmək pensiyaları haqqında qanunun yuxarıda qeyd olunan 22-1.1-ci maddəsinin tətbiq edilməsini istisna edir. Hazırki işdə də iddiaçı sosial müavinət alır. Belə olan halda qeyd olunan normanın ona münasibətdə tətbiqini qanun istisna edir. Beləliklə iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan sığorta stajına və pensiya kapitalına malik deyildirdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar