Məhkəmə qərarları › İş №2-1(118)-1292/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1292/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1292/2022 16.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi X1, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi Nümayəndə (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Abşeron-Xızı Regional Ərazi filialına qarşı xx.xx.1999-xx.xx.2008-ci il tarixlərdə “Tələbat-Ə” firmasında işlədiyi dövrün sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Abşeron-Xızı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Abşeron-Xızı Regional Ərazi filialının Hərəkət və (hərkətsizliyini) əsassız hesab edib, onun əmək pensiyasının yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qpyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,onun xx.xx.1999-xx.xx.2008-ci il tarixlərdə “Tələbat-Ə” firmasında işlədiyi dövrün sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1968-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2020-ci il tarixi üzrə əmək kitabçasının qeydiyyatı əsasında əmək fəaliyyəti başa çatmışdır. 2015-ci ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 165 manat məbləğində pensiya alır. Əmək pensiyasının yenidən hesablanıb təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və rəsmi müraciəti üzrə ona rəsmi məlumat verilmişdir. Cavabdeh orqan yanılış hüquqi nəticəyə gəlmişdir. Əsas tutulmuş hüquq təsnifatı 2006-cı ilədək onun 29 il əmək stajı üzrə pensiya təyin edilərək əmək pensiyanın məbləği göstərilmişdir. Belə ki, cavabdeh onun xx.xx.1999-xx.xx.2008-ci illərdə işlədiyi dövrü sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izah etdi ki, 10 yanvar 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********5 nömrəli cavab məktubu ilə xx.xx.2006-cı il tarixədək sosial sığorta stajının 29 il 7 ay təşkil etdiyi və pensiya məbləğinin isə xx.xx.2021-ci il tarixdən 262,37 manata çatdırıldığı bildirilmişdir.Bundan başqa, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Təlabat-Ə” firmasında işlədiyi dövr müəssisənin hüquqi ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin illərin iş stajının mötəbərliyini yoxlamaq mümkün olmamış və bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi məqsədə müvafiq hesab edilməmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasım təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat anzirlivi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qeyd edilən müəssisənin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliklər, hüquqi varisliyinin müəyyən edilib-edilməməsi, özəlləşdirilməsi, özəlləsdirilərkən öhdəliklərinin hüquqi varisə ötürülməsi və balansındakı əmlaklar barədə ətraflı məlumatların verilməsi barədə sorğu göndərilmişdir. Qeyd olunan sorğuya xx.xx.2022-ci il tarixli **********89 nömrəli cavab məktubu ilə “Tələbat- Ə” firması barədə hər hansı məlumatın olmadığı bildirilmişdir.Buna görə də iddiaçıya əmək kitabçasında əks olunmuş “Tələbat-Ə” firmasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İş materiallarında olan: - İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1951-cü il təvəllüdlüdür. - İddiaçının adına açılmış xx.xx.1968-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1968-cı ildən xx.xx.2020-ci il tarixədək müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən xx.xx.1999-xx.xx.2008-ci il tarixlərdə “Tələbat-Ə” firmasında işləmişdir. - - Dövlət Sosial Müdafiə X5 şəxsin Abşeron-Xızı Regional Ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, iddiaçının sosial sığorta stajı təqdim etdiyi sənədlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə 29 il 07 ay təşkil edir.Pensiya məbləği isə xx.xx.2021-ci il tarixdən 262,37 manat təşkil edir. -Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********77 saylı cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan “Tələbat-Ə” firması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Tələbat-Ə” firmasının arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Tələbat-Ə” firmasının arxiv sənədləri Milli Arxiv İdarəsinə və Dövlət Arxivinin Bakı filialına mühafizə olunması üçün təhvil verilməmişdir. - Dövlət Sosial Müdafiə X5 şəxsin Abşeron-Xızı Regional Ərazi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə əmək pensiyası təyin edilmişdir. Əmək kitabçasına əsasən 1970-1972-ci il hərbi xidmət illərini və xx.xx.1998-ci il tarixədək olan dövrləri də nəzərə aldıqda vətəndaşın sosial sığorta stajı 29 il 07 ay 12 gün təşkil edir.Vətəndaşın xx.xx.1999-ci il tarixdən 01.01 2006-ci il tarixədək “Təlabat-Ə’ firmasında olan sığorta stajının araşdırılması zərurəti yaranmışdır.Qeyd olunan müəssisənin hüquqi ünvanı və arxiv səmədlərinin saxlandığı yer məlum olmaması səbəbindən həmin illərin sosial sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Vətəndaş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 37.1 maddəsinə əsasən işdən azad olması ilə əlaqədar olaraq sənədləri şöbəyə təqdim etdikdən sonra pensiyanın yenidən hesablanmasına baxılacaqdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli dövrlərdə istinad olunan müəssisədə işləməsini təsdiq edən sübut kimi əmək kitabçasını təqdim etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının 1999-2008-ci illərdə “Tələbat-Ə” müəssisəində işləməsini (işə qəbul edilməsi, işdən azad edilməsi) barədə əmrlər və əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Ümumiyyətlə, həmin müəssisənin mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının həmin dövrdə göstərilən müəssisədə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar