Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1292/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Pirəkeşkül-Qobustan bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 350 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Pirəkeşkül qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair 20 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X2 adına arayışın (çxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Pirəkeşkül-Qobustan bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 350 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayon Pirəkəşkül-Qobustan Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 350 nömrəli qərarı ilə mərhum atası X3 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Bələdiyyə tərəfindən mərhum X1 torpaq sahəsinə görə 23 oktyabr 2007-ci il tarixdə 168 manat Pirəkəşkül- Qobustan bələdiyyəsinin Kapital Bankda olan hesabına 28 nömrəli qəbz əsasında ödəniş edilmişdir. Həmin torpaq sahəsinə görə Pirəkəşkıil-Qobustan Bələdiyyəsi ilə mərhum X5 arasında “torpaqların alqı-satqısına dair akt’’ bağlanmışdır. Həmçinin ayrılan torpaq sahəsinə dair ayrıc aktı, Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin 08 noyabr 2007-ci il tarixli 364 nömrəli rəyi və DTXK-nin Abşeron rayon şöbəsinin 12 noyabr 2007-ci il tarixli 1440 nömrəli rəyi mərhum atasına verilmişdir. Bundan sonra, sözügedən qərara əsasən ayrılmış həmin torpaq sahəsinin ətrafı divar daşı ilə iddiaçının mərhum atası tərəfindən hasarlanmışdır və hazıradək ailə üzvlərinin istifadəsindədir. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Pirəkəşkül-Qobustan bələdiyyəsi tərəfindan X3 0,10 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixli 350 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının Azerbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 12 noyabr 2007-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin isə 08 noyabr 2007-ci il tarixində verildiyi, arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, idarəyə təqdim edilmiş təhkim aktında müvafiq bələdiyyənin 04 iyul 2007-ci il tarixli, 06 nömrəli qərarına istinad edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Pirəkeskül-Qobustan bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçının müraciətinin təmin olunamsından imtina edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Pirəkəşkül-Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 350 saylı qərarından görünür ki, vətəndaş X3 Pirəkəşkül-Qobustan bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Pirəkəşkül-Qobustan bələdiyyəsi tərəfindən X3 0,10 ha torpaq sahəsi satımışdır. - DTXK-nin Abşeron rayon şöbəsi və Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş aktda görünür ki, Pirəkəşkül-Qobustan bələdiyyəsinin xx.xx.2007ci il tarixli 350 saylı qərarına əsasən O.Orucova ayrılmış 0,10 ha torpaq sahəsi ona təhvil verilmişdir. -DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəydən görünür ki, idarə X3 və digərlərinə tikinti işlərinin aparılması üçün torpaq sahələrinin ayılmasına etiraz etmir. - Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, idarə O.Orucov və digərlərinə ayrılmış torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. - Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış O.Orucova məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. - xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, X5 tərəfindən torpaq alqı-satqısı üçün Pirəkəşkül-Qobustan bələdiyyəsinin hesabına 168 manat ödənilmişdir - Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli 319 saylı DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə ünvanlanmış məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə vəfat etmiş X2 vərəsəsi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli X3 ayrılmış 0,10 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsi faktiki yerindədir, sərhəd nişanları ilə bərkidilmişdir. - Məhkəmə sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Pirəkəşkül-Qobustan bələdiyyəsinin 350 saylı xx.xx.2007-ci il tarixli qərarının və həmin qərarla bağlı mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının, DTXK-nin Abşeron rayon şöbəsinin rəyinin və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçı O.Orucova həqiqətən də 2007-ci ilin noyabr ayında satılmışdır. Lakin alqı-satqı aktında tərtib edildiyi tarix göstərilməmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçının mərhum atasına bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktında taruixin göstərilməməsi, memarlıq və tikinti şöbəsinin rəyinin bir neçə gündən sonra verilməsi, təhkim aktında bələdiyyə qərarının tarixinin səhvən “04 iyul 2007-ci il tarixli” göstərilməsi və ya yerquruluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK_nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə təsdiqlənməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırıması üçün əsas ola bilməz. Cavabdehin etirazında göstərilən dəlillər iddiaçının mərhum atasının həmin torpaq sahəsini alması faktını inkar etmir və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında qeyd olunduğu kimi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu Pirəkeşkül-Qobustan bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 350 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Abşeron rayon Pirəkeşkül-Qobustan bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 350 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1292/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1292/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver