Məhkəmə qərarları › İş №2-1(118)-1293/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1293/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1293/2021 04.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Onu və azyaşlı uşaqları-X4, X6, X3 ünvan 1 ünvanına qeydiyyata alınmaqları vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun və azyaşlı uşaqları-X4, X6, X3 ünvan 1 ünvanına qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin 25 may 2021-ci il tarixli, 123-19583N-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildə X5 ilə rəsmi ailə qurmuşdur. Nigah bağlanan vaxt iddiaçı evində yəni ünvan 3 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ünvan 4 mənzil 6-da yaşamışdır. Ailə həyatı dövründə üç övladı anadan olmuşdur. Hal- hazırda 13-cu mikrorayon ərazisində yerləşən, anasına məxsus olan mənzil satılmış və iddiaçını məhkəmənin qətnaməsi ilə uşaqları ilə birlikdə həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllədə Qəhrəmanov küçəsi, 15-ci məhəllə, mənzil 6-ya qeydiyyata düşmək üçün Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinə müraciət etmişdir. Lakin onlar iddiaçını və uşaqlarını yuxarıda qeyd etdiyi ünvana qeydiyyata almaqdan imtina etdilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvatıq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin mübahisələndirmə və məcburetmə barədə 32 və 33-cü mədələrinin tələbinə görə iddiaçı inzibati aktın ləvğ olunmasını məhkəmədən xahiş edə bilər. Eyni zamanda məcbur etmə haqqında iddia ərizəsi ilə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək və vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddianı müdafiə etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, inzibati orqanın İddiaçı Şrinbəy qızına Onu və azyaşlı uşaqları-X4, X6, X3 ünvan 1 ünvanına qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatda alınması şərtlərini konkret olaraq müəyyən etmişdir. İddiaçı isə bu şərtlərdən hər hansı birinin mövcud olması ilə bağlı inzibati orqana hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin 01.10.2020-ci il tarixli 2(060)- 3954/2020 saylı Qətnaməsi ilə İddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqları 05 dekabr 2002-ci il təvəllüdlü X4, 29 dekabr 2004-cü il təvəllüdlü X6 və 06 mart 2011-ci il təvəllüdlü X1 Sumqayıt şəhər, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilmişdir. İddiaçı isə qeyd edir ki, iddiaçı 2001-ci ildə X5 ilə rəsmi ailə qurmuşdur. Nigah bağlanan vaxt iddiaçı evində yəni ünvan 3 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ünvan 4 mənzil 6-da yaşamışdır. Ailə həyatı dövründə üç övladı anadan olmuşdur.Halhazırda 13-cu mikrorayon ərazisində yerləşən, anasına məxsus olan mənzil satılmış və iddiaçını məhkəmənin qətnaməsi ilə uşaqları ilə birlikdə həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. Məhkəmə qeyd edir ki, bu halda iddiaçı düzgün olmayan hüquqi müdafiə vasitəsi seçmiş, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Halbu ki, yaranmış vəziyyətdə iddiaçı mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə edərək, mənzildən istifadə hüququnun olması müəyyən edildikdən sonra təkrar inzibati orqana müraciət edə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında istifadə hüququnun tanınması ilə bağlı iddia qaldıra və onun nəticəsinə uyğun olaraq, yenidən inzibati orqana müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar