Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1293/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı regional “Asan Xidmət” X3nə qarşı “Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1970-ci il tarixli 716 nömrəli doğum haqqında akt qeydində düzəliş edərək uşaq haqqında məlumat qrafasında adının “Qumru”dan “Gülnur”a dəyişdirilməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şamaxı regional “Asan Xidmət” Mərkəzinə qarşı iddia qaldıraraq “Şamaxı Regional “Asan-Xidmət” X2 əsaslandığı “Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1970-ci il tarixli, 716 saylı doğum aktı” sənədində adının səhvən “Qumru” yazılması şəxsiyyət vəsiqəsindəki adının Gülnar yazısı ilə düz gəlmədiyinə görə hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, səhv yazılmış Qumru adı ilə düzgün yazılmış Gülnar adının eyni şəxsə məxsus olması, Şamaxı rayon məhkəməsinin 2(074)- 1411/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında yazılanlar doğrudursa, bu səhvin düzəldilməsinin öhdəlik kimi Şamaxı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasını, əks halda Şamaxı rayon məhkəməsinin öz səlahiyyətinə aid olan məsələni başqa orqanların o cümlədən İnzibati Məhkəmənin üzərinə atırsa, belə halda yaşadığı Şamaxı rayonundakı birinci instansiya məhkəməsinin üzərinə öhdəlik qoyulsun ki, öz səlahiyyətlərinə aid olan məsələni həll etmələri” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “Şamaxı Rayon Məhkəməsinin cavahdehlər sırasından çıxarılması və Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1970-ci il tarixli 716 nömrəli doğum haqqında akt qeydində düzəliş edərək uşaq haqqında məlumat qrafasında adının “Qumru”dan “Gülnur”a dəyişdirilməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı Regional “Asan Xidmət” Mərkəz Qeydiyyat şöbəsi tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-l 137/15 saylı məktubda yazılmışdır ki, Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1970-ci il tarixli, 716 saylı doğum aktı qeydində uşaq haqqında məlumat qrafasında adı “Qumru” kimi qeyd edilməklə səhv yazılmışdır. Onun atası və anası vəfat etmişlər. Yaşadığı evə öz adına Çıxarış almaq istəyir. Lakin bu ərizədə qeyd etdiyi kimi adının Gülnar olduğu halda qeyd etdiyi sənəddə “Qumru” yazılması ona problem yaratmışdır. Odur ki, Şamaxı Regional “Asan Xidmət” X3 bu səhvin düzəldiİməsi üçün məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etmişdir. Beləliklə sənədlər arasında onun adı ilə bağlı uyğunsuzluq olduğundan o atasından qalan Daşınmaz Əmlaka öz adına çıxarış ala bilmir. Şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, onun soyadı, adı, və atasının adı – Qumru yox, Gülnar yazılmışdır, Şamaxı şəhər İƏD üzrə nümayəndəsinin ona verdiyi xx.xx.2021-ci il tarixli, 3171 saylı yaşayış yerindən arayışın əslindən görünür ki, onun adı Gülnardır, yaşadıqları evin 17 saylı, forma 18 adlanan üzərində rus əlifbası ilə “Domovaya Kniqa” yazılmış sənədinin adı surətində 3cü sırada yazılmışdır ki, onun adı Gülnardır və xx.xx.1988-ci ildən həmin mənzilə qeydiyyatdadır. Bildirir ki, şəxsiyyət vəsiqəsində və iş materiallarına daxil etdiyi digər sənədlərində onun adı Gülnar kimi doğru yazılmışdır. Lakin yaranmış ziddiyyətlə bağlı yuxarıda qeyd etdiyi səhvliyin aradan qaldırılması üçür məhkəmə qətnaməsinə ehtiyac yaranmışdır. Lakin Şamaxı rayon məhkəməsinin 2(074)-1411/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixdə qərardadı ilə xüsusi icraat qaydasında ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şamaxı rayon məhkəməsi 2(074)-1411/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini özünə geri qaytarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərinin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Yuxarıda göstərilən doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Qumru”dan “Gülnar”a dəyişiklik edilməsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq işə iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Şamaxı regional “ASAN xidmət” X3 tərəfindən imtina edilmişdir. Vətəndaşa aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibətində işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, АЗБ 068645 saylı doğum haqqında şəhadətnamənin, PT-İ seriyalı, 101041 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Gülnar” kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş 134 saylı 31 dekabr 1970-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, həmin akt qeydində iddiaçının adı “Qumru” kimi qeyd edilmişdir. - Şamaxı Regional “Asan Xidmət” X3 tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının yazılı tələbindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə doğum haqqında şəhadətnaməsi və eyni zamanda şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq mövcuddur (iddiaçının adı bir sənəddə “Qumru”, digərində isə “Gülnar” göstərilmişdir) və iddiaçı doğum haqqında akt qeydində adının “Gülnar” kimi düzəliş edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Şamaxı Regional “Asan Xidmət” X3nə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (adın düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının adına münasibətdə qanunvericiliklə “adın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəz qeydiyyat şöbəsi tərəfindən iddiaçının adına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçı adının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə adın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının adı ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının doğum haqqında akt qeydində onun adına “Qumru”dan “Gülnar”a düzəliş edilməsindən Şamaxı Regional “Asan Xidmət” Mərkəz qeydiyyat şöbəsi tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində adı “Qumru” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - iddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, АЗБ 068645 saylı doğum haqqında şəhadətnamənin, PT-İ seriyalı, 101041 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətlərində onun adı Gülnar kimi qeyd edilmişdir. Bir sənəddə adının “Qumru”, digərlərində isə “Gülnar” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Qumru” adının “Gülnar” kimi yazılması öhdəliyi cavabdeh Şamaxı Regional “Asan Xidmət” X2 üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Qumru” adının “Gülnar” kimi yazılması öhdəliyi cavabdeh Şamaxı Regional “Asan Xidmət” X2 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1293/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1293/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver