Məhkəmə qərarları › İş №2-1(118)-1295/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1295/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1295/2021 21.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “onun faktiki olaraq işlədiyi 16.10.1994-cü ildən 01.01.2002-ci ilədək olan dövrü sosial sığorta stajı kimi nəzərə alaraq, onun yaşa görə əmək pensiyanın 01.02.2017-ci il tarixinədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.02.2017-ci il tarixdən DSMF-nin Abşeron rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasında qeyd edilmiş "xxxx" ASC-də 16.10.1994-cü ildən 01.01.2002-ci ilədək işlədiyi dövr sosial sığorta stajı kimi hesablanmamışdır. Buna əsas kimi cavabdeh qeyd etmişdir ki, həmin dövrlər barədə arxivlərdə məlumatın olmamasıdır. Qeyd etdi ki, o, əmək fəaliyyətinə başladığı vaxtdan pensiyaya çıxdığı vaxtadək fasiləsiz çalışmış və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək onun işlədiyi 16.10.1995-ci il tarixdən 01.01.2002-ci ilə qədər olan dövrü sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının 01.02.2017-ci il tarixdən etibarən yenidən hesablanmasını və ödənilməmiş məbləğin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, belə ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq üçün vətəndaşın müəssisədə işləməsi və sosial sığorta haqları ödəməsi barədə Fondun Hüquqi şəxslərlə iş departamentinə, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialında sorğu ünvanlanmışdır. İş materiallarında olan Fondun Hüquqi şəxslərlə iş departamentinin 23.02.2017-ci il tarixli cavab məktubuna əsasən Xalq İstehlak mallarının topdan pərakəndə ticarəti və istehsalı üzrə "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən 2002-2005-ci illər üçün sosial sığorta haqqları ödənildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialında vətəndaş 14.03.2017 tarixli 743 nömrəli arayışına əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin arxiv sənədlərinin əmr kitablarında 1995-ci illərə dair İddiaçı işə qəbul edilməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Lakin vətəndaş 01.07.2008-ci il tarixli 2kv saylı əmrlə 01.07.2008-ci il tarixdən işdən azad edilmişdir. Həmçinin arayışdan məlum olur ki, iddiaçı 01.01.2002-01.01.2006-cı illərdə sözügedən müəssisədə əmək haqqı almışdır. Araşdırmanın nəticəsi kimi İddiaçı həmin müəssisədə işləyib əmək haqqı aldığı, sosialsığorta haqqları ödənilmiş 01.01.2002-01.01.2006-cı illər staja daxil edilmişdir. 16.10.1995-01.01.2002-ci il tarixlərdə əmək haqqı almadığı dövr staj kimi qəbul edilməmişdir. Həmçinin qeyd edək ki, tərəfimizdən işin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 16.10.1995-ci tarixdən 01.01.2002-ci il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; Yuxarıda qeyd edilən təməl prinsipə əsasən vətəndaş 01.11.1996-cı ildən sonrakı dövrdə əmək haqqı almadığı üçün həmin dövr sosial sığorta stajı kimi hesablana bilməz. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin qeyd etmək lazımdır ki, vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə iş materialları təqdim edilmişdir. Həmin sənədlərə; İddiaçıya aid ИТ-İ ******* nömrəli Əmək kitabçasının surəti, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, BA-03650-2021 nömrəli arxiv arayışı, DSMF-nin 1 saylı regional ərazi filialının **********1 saylı, 30.04.2021-ci il tarixli imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşların iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onların iş stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olması və əməkhaqqı ödənişləri barədə heç bir məlumatın olmaması səbəb gətirərək iddiaçının tələb etdiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası qanunauyğun deyildir. Belə ki, əmək kitabçasına əsasən iddiaçının 16.10.1995-01.01.2002-ci il tarixlərdə Xalq İstehlak mallarının topdanpərakəndə ticarəti və istehsalı üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müəyyən olundu. Bu fakt eyni zamanda məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, BA-03650- 2021 nömrəli arxiv arayışı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən Xalq İstehlak mallarının topdan-pərakəndə ticarəti və istehsalı üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi 2006-cı ilin yanvarın 1-dək olan iş stajı onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin dövrlərin iş stajı kimi nəzərə alınmamasının əsası kimi sənədlərin arxivdə aşkar olunmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi İddiaçı sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, iddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Beləliklə, cavabdeh tərəfindən vətəndaşın iş stajının müəyyən olunaraq yenidən əmək pensiyasının hesablanmaması məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qərara gəlir ki, Əmək kitabçasında qeyd olunan 16.10.1995-01.01.2002-ci il tarixinədək olan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-də işlədiyi 16.10.1995-ci il tarixdən 01.01.2002-ci ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının 01.02.2017-ci il tarixdən etibarən yenidən hesablanmasını və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar