Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1295/2025 03.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddaçının nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli, 25 nömrəli qərarı ilə rayon kooperativlər ittifaqının idarə heyətinin müraciəti nəzərə alınmaqla Şamaxı şəhərində “Şərq” stilində "Kolxoz bazarı’’nın tikilməsi ilə əlaqədar olaraq şəhərin aşağı hissəsində, Bakı-Qazax yolunun aşağı cənub hissəsində 48 nömrəli məhəllədə 3,0 ha torpaq sahəsi ayrılmışdır. Şamaxı rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Şamaxı XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli, 25 nömrəli qərarında qismən dəyişiklik edilərək, şəhərin 48 nömrəli məhəlləsində bazarın tikintisi üçün ayrılmış 3,0 ha torpaq sahəsi və görüləcək tikinti-quraşdırma işləri Respublika “İnkişaf” Assosiasiyasına verilmişdir. Şamaxı rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə “İnkişaf” Assosiasiyası tərəfindən tikintisinə başlanılmış “Şirvan” Ticarət Kompleksinin inşası üçün əvvəlki qərarla ayrılmış 3,0 ha torpaq sahəsi azlıq təşkil etdiyindən, həmin kompleksin əhatə etdiyi torpaq sahəsinə bitişik əlavə olaraq 2,0 ha torpaq sahəsi də ayrılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2 nömrəli sərəncamı ilə “İnkişaf’ Assosiasiyasının müraciəti nəzərə alınaraq, şəhərin 48-ci məhəlləsində tikiləcək “Şirvan" Ticarət Kompleksinə ticarət mərkəzinin genişləndirilməsi məqsədilə əlavə 3,0 ha torpaq sahəsi də ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin əməkdaşlarının keçirdiyi monitorinq zamanı məlum olmuşdur ki, hazırda həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Şamaxı rayonu Şəhriyar Bələdiyyəsi tərəfindən əvvəlcə xx.xx.2005-ci il tarixli, 01 nömrəli qərarla 5,8 ha, daha sonra 11 05.2005-ci il tarixli, 04 nömrəli qərarla 4 ha olmaqla “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Aşağıdakı səbəblərdən hesab edirik ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarları qanunsuzdur və həmin qərarlar etibarsız hesab edilməlidir. Belə ki, qeyd edildiyi kimi, yuxarıda göstərilən dövlət orqanları tərəfindən “Şirvan" Ticarət Kompleksinin inşası üçün ümumilikdə 8,0 ha torpaq sahəsi “İnkişaf’ Assosiasiyasının istifadəsinə ayrılmışdır. Həmin torpaq sahələri “İnkişaf’ Assosiasiyasının istifadəsinə verilməklə dövlət mülkiyyətində qalmışdır. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla ümumilikdə sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq “Şirvan" Ticarət Kompleksinin direktoru X2. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına və həmin Fərmanla ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti (bələdiyyə qərarının verildiyi zaman Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti) tərəfindən satıla bilərdi. Belə ki, Əsasnamənin 11-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla həmin torpaq sahələrinin satılması hüququ səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi isə qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə prosessual müddətin ötürülmədiyini bildirərək, ərizə təqdim etməmiş və iddia ərizəsinə təqdim edilmiş qayda mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı məhkəmədən cavabdehin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinə əsasən inzibati aktlar aşağıdakı hallarda etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə bildirir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi olsa da, yuxarıda qeyd edilən qanunun normasında göstərilən inzibati aktın etibarsız hesab edilməsi əsasları hazırki mübahisə üzrə mövcud deyildir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin 2007-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncam xx.xx.2011-ci ilədək qəbul edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məlumatı olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsinə inzibati aktın etibarsız sayılması üçün Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 65ci maddəsində nəzərdə tutulmuş halların hazırki mübahisədə öz əksini tapmaması səbəbindən, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1295/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1295/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver