Məhkəmə qərarları › İş №2-1(118)-1297/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1297/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1297/2024 27.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı onun və ikiazyaşlı övladlarının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 AAAF-Park yaşayış massivinin 22 saylı küçəsi, 4 saylı evdə yerləşən 22 saylı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ikiazyaşlı övladlarının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 AAAF-Park yaşayış massivinin 22 saylı küçəsi, 4 saylı evdə yerləşən 22 saylı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 aprel 2023-cü il tarixdə AAAF-Park Mənzil Tikinti Koorperatvinin hesabına razılaşdırılmış məbləğdə nəğd şəkildə pul ödəyərək Abşeron rayonu, Xirdalan şəhəri AAAF-park yaşayış massivinə məxsus 22 saylı küçədə yerləşən 4 nömrəli binanin 22 saylı mənzilini satın almışdır. Bu barədə AAAF-Park yaşayış massivinin direktoru T.M.Heydərovun imzası və MTK-nın möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü ildə maliyyə arayışı verilmişdir. Hazırda MTK-ya mənzil üzrə borcu yoxdur. İddiaçı iki azyaşlı uşaqları ilə birgə 2023-cü il aprel ayının axırlarından başlayaraq həmin mənzilə köçüb yaşayır. İddiaçı özünün və azyaşlı uşaqlarının qeydiyyata alınması üçün cavabdeh Abşeron rayon Polis idarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - 20 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 22 saylı küçəsi, ev 4, 22 nömrəli mənzili İddiaçı satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında - “AAAF-Park” yaşayış massivində yerləşən 22 saylı küçədə inşa edilmiş 04 saylı yaşayış binasının 22 saylı mənzilinin kommunal borcu yoxdur. -Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizələrdən görünür ki, X2 “Azəriqaz” İstehalat Birliyi, "xxxx" ASC, ”Azərsu” ASC tərəfindən verilən abonent kodunun kompüter məlumat bazasında dəyişdirilərək İddiaçı adına keçirilməsinə etiraz etmir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF-Park yaşayış massivi, 22-ci küçə, 22 saylı mənzilin yerləşdiyi "xxxx" MMC-yə məxsus mənzillərin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onların müraciətinin təmin olunmasından imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Beləliklə, qanunvericilikdə şəxsin şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda – bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda qeydiyyat aparıla bilər. Hazırkı işin hallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkəti qanuni hesab edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı onun və iki azyaşlı övladlarının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 AAAF-Park yaşayış massivinin 22 saylı küçəsi, 4 saylı evdə yerləşən 22 saylı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar