Məhkəmə qərarları › İş №2-1(118)-1297/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1297/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1297/2025 26.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: borcun ümidsiz borc kimi silinməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı 5 mart 2024-cü il tarixli, **********320400 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına müraciət ərizəsi.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 mart 2024-cü il tarixli, **********424900 nömrəli “Müraciətə baxılması haqqında” İddiaçı dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə 5 mart 2024-cü il tarixli müraciətinə dair göndərilmiş məktubundan görünür ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.

3. İddiaçı “Şəxsi hesab vərəqəsi”ndən elektron çıxarış.

4. İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 13 iyun 2024-cü il tarixli borcun silinməsi haqqında müraciət ərizəsi.

5. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 iyun 2024-cü il tarixli İddiaçınə göndərilmiş “Müraciətin qeydiyyata alınması haqqında” bildiriş.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin İddiaçınə göndərilmiş “Müraciətə baxılması haqqında” **********626500 nömrəli məktubundan görünür ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.

7. İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 14 iyun 2024-cü il tarixli müraciət ərizəsindən görünür ki, İddiaçı şəxsi hesab vərəqəsi üzrə mövcud olan 662.472,46 manat borcun 329.716,37 manat hissəsinin 5 illik tələbetmə müddəti ötmüşdür. Sözügedən borcun tərkibi maliyyə sanksiyasından ibarət olmaqla aşağıdakı kimidir: VMCQ – **********46990 - (AZM) -MS- (MNFTV 2018) 84.866,43 manat VMCQ - 2**********46990-(AZM) -MS-(ƏDV 2017) 8.110,43 manat VMCQ - 2**********46990-(AZM) -MS-(ƏDV 2018) 79.828,89 manat VMCQ - 2**********46990-(AZM) -MS-(ƏV 2017) 1.987,06 manat VMCQ - 2**********46990- (AZM) - MS-(MİƏÖMTV(ƏDV) 2017) 38,91 manat VMCQ - 2**********46990-(AZM) -MS- (2018) 103.223,05 manat VMCQ - 2**********46990-(AZM) -MS-(2017) 51.661,60 manat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən qeyd edilən tələbetmə müddəti keçmiş 329.716,37 manat vəsaitin şəxsi hesab vərəqəsində göstərilən ümumi borc məbləğindən azaldılmaqla müvafiq qaydada silinməsinin təmin edilməsi xahiş edilmişdir.

8. İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 29 oktyabr 2024-cü il tarixli müraciət ərizəsindən görünür ki, hazırda şəxsi hesab vərəqəsi üzrə 282.747,66 manat borc məbləği üzrə də tələbetmə müddəti keçmişdir. Həmin borcun tərkibi maliyyə sanskiyasından ibarət olmaqla aşağıdakı kimidir. VMCQ-2**********46990- (AZM)-MS- (MNFTV 2019) VMCQ- 2**********46990 - (AZM)- MS (ƏDV 2019) VMCQ- 2**********46990 - (AZM)-MS- (2019) Vergi Məcəlləsinin 85.4-cü Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Tələbetmə müddəti keçmiş borcun silinməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin 20 noyabr 2024-cü il tarixli, 3-21-2-8/2-A-3xx-xx/2024 nömrəli İddiaçınə göndərilmiş “Müraciətə baxılması haqqında” məktubundan görünür ki, vergi borcunun silinməsi tələbinə dair məhkəmə instansiyasına edilmiş müraciət üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatına verilmiş 2-1(118)-4342/2024 nömrəli iş üzrə proses yekunlaşmamışdır. Məhkəmə instansiyası üzrə yekun qanuni qüvvəyə minmiş qərar qəbul edildikdən sonra borcun silinməsi məsələsinə baxıla bilər. Şirkətin dövlət büdcəsinə (və ya müvafiq fondlara) 19 noyabr 2024-cü il tarixə borcu aşağıdakı kimidir: -Vergilər üzrə 32.142,49 manat əsas, 616.489,61 manat maliyyə sanksiyası, 21.480,11 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 3.543,75 manat əsas, 7.130,91 manat faiz borcu; - İşsizlikdən sığorta haqları üzrə 40,87 manat əsas, 1,73 manat faiz borcu; - İcbari tibbi sığorta haqları üzrə 567 manat əsas, 290,02 manat faiz borcu; - İnzibati cərimə üzrə 9.639,25 manat borc.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin “Əsasnamə”si.

10. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2025-ci il tarixli, 2**********46990 nömrəli İddiaçınə dair qəbul edilmiş qərardan görünür ki, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmış, həmçinin qeyd edilmişdir ki, 2018-ci və 2019-cu ildə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illərdə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, 2017-ci ildə əmlak vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmişdir. Bundan başqa 2018-ci, 2019-cu və 2020-ci illərdə əlavə dəyər vergisinin və 2018-ci ildə əmlak vergisinin artıq hesablandığı müəyyən edilmişdir. - “azaldılmış vergi” 818.893,29 manat; - “artıq hesablanmış” 11.710,3 manat; - “əlavə hesablama” 810.720,69 manat; - “artıq hesablama” 3.537,7 manat; - “maliyyə sanksiyası” 616.149,61 manat olaraq göstərilmişdir.

11. İddiaçı 23 iyul 2024-cü il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” -6.244,13 manat, “hesablanmışdır” 75.109.305,56 manat, “ödənilmişdir” 46.661.068,30 manat, “azaldılmışdır” 28.131.782,24 manat, “faiz saldo” 1.047,92 manat, “23 iyul 2024-cü il tarixə faiz borcu” 22.650,69 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” -668.331,81 manat, “23 iyul 2024-cü il tarixə saldo” -668.331,81, “cəmi ödənilməli borc” 668.331,81 manat, “sosial üzrə bölüşdürülməmiş ödənişlər” 58,63 manat olaraq göstərilmişdir.

12. İddiaçı 21 avqust 2024-cü il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” -6.244,13 manat, “hesablanmışdır” 75.115.085,15 manat, “ödənilmişdir” 46.661.068,30 manat, “azaldılmışdır” 28.131.782,24 manat, “faiz saldo” 1.047,92 manat, “21 avqust 2024-cü il tarixə faiz borcu” 23.246,61 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” -674.707,32 manat, “23 iyul 2024-cü il tarixə saldo” -674.707,32, “cəmi ödənilməli borc” 674.707,32 manat, “sosial üzrə bölüşdürülməmiş ödənişlər” 58,63 manat olaraq göstərilmişdir.

13. İddiaçı 21 fevral 2025-ci il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” - 6.244,13 manat, “hesablanmışdır” 75.828.456,86 manat, “ödənilmişdir” 47.136.337,70 manat, “azaldılmışdır” 28.646.599,03 manat, “faiz saldo” 1.047,92 manat, “21 fevral 2025-ci il tarixə faiz borcu” 13.657,16 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” - 367.827,08 manat, “21 fevral 2025-ci il tarixə saldo” - 367.827,08, “cəmi ödənilməli borc” 410.178,78 manat olaraq göstərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbetmə müddəti keçmiş 329.716,37 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbində işin hallarına (§1-8) istinad edilərək bildirilmişdir ki, şəxsi hesab vərəqəsi üzrə mövcud olan 656.026,83 manat borcdan 329.716,37 manat hissəsinin 5 illik tələbetmə müddəti ötmüşdür. Sözügedən borcun tərkibi maliyyə sanksiyasından ibarət olmaqla aşağıdakı kimidir. VMCQ- 2**********46990-(AZM) -MS-(MNFTV 2018) 84.866,43 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(ƏDV 2017) 8.110,43 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(ƏDV 2018) 79.828,89 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(ƏV 2017) 1.987,06 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(MİƏÖMTV (ƏDV) 2017) 38,91 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(2018) 103.223,05 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(2017) 51.661,60 manat. Odur ki, iddiaçı tərəfindən tələbetmə müddəti keçmiş 329.716,37 manat borcun silinməsi ilə bağlı 5 mart 2024-cü il tarixli, **********320400 nömrəli məktubla cavabdehə müraciət olunmuş, lakin cavabdeh 13 mart 2024-cü il tarixli, **********424900 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur və 329.716,37 manat borcun silinməsi öhdəliyi ona həvalə edilməlidir. Vergi orqanları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyicilərı tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

16. İddia tələbinin maddi hüquqi əsası kimi VM-in (bundan sonra - “VM”) 85.4, 85.5-2, 93.1, 93.2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 34.1-ci maddələrinə istinad olunmuşdur.

17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

18. Məhkəmənin 13 iyun 2024-cü il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəsatəti təmin edilərək, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

19. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkənin 31 yanvar 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

21. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

22. Etirazda qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun VM-in 93.1.1-ci maddəsinə əsasən 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etmişdir. İddiaçının iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği cavabdehin “Vergi ödəyicisinin və ya şığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edilmişdir.

23. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə, hesab edilir ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir.

24. Etirazın maddi hüquqi əsası kimi VM-in 77, 78.1, 85, 93, prosessual hüquqi əsası kimi isə İPM-in 48.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.

26. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirilmişdir ki, borcun tələb olunması ilə bağlı müddət ötürülməmiş, sonuncu səyyar vergi yoxlanılması, yəni 21 may 2021-ci il tarixli qərarın qəbul edildiyi tarixdən müddət hesablanmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

31. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etmiş, həmçinin bildirmişdir ki, cavabdehin mövqeyinə görə borc 2021-ci il tarixli qərarı ilə hesablanmışdır. Lakin həmin dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Hazırda qüvvədə olan redaksiyada qeyd olunur ki, səyyar yoxlamaya münasibətdə qərarın ləğv olunma tarixindən 5 illik tələb etmə müddəti hesablanır. Əvvəlki redaksiyada isə belə bir cümlə mövcud olmamışdır. Həmin dövrdə isə hansı dövrə hesablanmışdırsa, həmin müddət bitdikdən sonrakı 5 illik dövr üçün hesablanma aparıla bilərdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

32. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

33. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

34. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

36. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

37. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

38. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

39. İddiaçı tərəfin mövqeyinə görə, cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun VM-in 93.1.1-ci maddəsinə əsasən 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etmişdir.

40. Cavabdeh tərəfin mövqeyinə görə, iddiaçının iddia ərizəsində cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş borcun VM-in 93.1.1-ci maddəsinə əsasən 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etsə də, tələbdə göstərilən maliyyə sanksiyası məbləği cavabdehin “Vergi ödəyicisinin və ya şığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edilmişdir.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edilmişdir.

42. VM-in 16.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisnin vəzifəsidir. Həmçinin, VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi odənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi odəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

43. VM-in 93-cü maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

44. Bundan əlavə, VM-in 85-ci maddəsinə əsasən: - hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata kecirilə bilər. - vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət gostərilməklə müəyyən olunur. - vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövru qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

45. VM-in 77-ci maddəsinə əsasən: - bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. - Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin odənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

46. Beləliklə, yuxarıda qeyd olunan hallar və sadalanmış normaları əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən maliyyə sanksiyası cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edildiyi üçün (yəni vergi qanunvericiliyində nəzərdə tutulmuş 5 il müddət keçmədiyindən) iddia tələbi təmin edilə bilməz.

47. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən isə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar