Məhkəmə qərarları › İş №2-1(118)-1299/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1299/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1299/2023 24.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Fatmayi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04/465 saylı qərarı ilə Fatmayi Bələdiyyəsi ərazisində yerləşən 0.0752 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu Fatmayı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04/465 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində yerləşən 0.0776 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04/465 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Bununla bağlı xx.xx.2007-ci il tarixli qəbz iddia ərizəsinə əlavə edilmişdir. Faktiki olaraq həmin tarixdən 0.08 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Hər il torpaq vergisini vaxtlı-vaxtında bələdiyyəyə ödəmişdir və bələdiyyəyə torpaq vergisinə görə heç-bir borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Fatmayı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04/465 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində istifadəsinə və sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli bildiriş məktubu ilə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizənin icrasından imtina edir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli bildiriş məktubunda Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04/465 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin ayrıldığı halda: Alqı-satqı aktının xx.xx.2021-ci il tarixdə verildiyi; Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilmədiyi (Fatmayı Bələdiyyəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və müvafiq icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən); Torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, bu səbəblərdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Bildirir ki: Alqı-satqı aktının xx.xx.2021-ci il tarixdə verilməsi o vaxtın Fatmayı Bələdiyyəsinin müdriyyətinin səlahiyyətində olduğu üçün Bələdiyyənin səhvidir. Çünki Bələdiyyənin qərarının xx.xx.2007-ci il tarixdə verilməsinə və torpaq sahəsinin dəyərinin xx.xx.2007-cı il tarixdə ödənildiyinə baxmayaraq alqı-satqı aktı xx.xx.2021-ci il tarixdə verilmişdir. Yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsi müvafiq bələdiyyənin nöqsanıdır. Belə ki, sənədləşmə Bələdiyyə tərəfindən aparılmalı idi. Ərizəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi təqdim edilmişdir. 0.08 ha torpaq sahəsinin 24 kv.m hissəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi səbəbindən həmin 24 kv.m hissədən imtina edir və yerdə qalan 0.0776 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Daha sonra iddia tələbinin həcmini azaldaraq Abşeron rayonu, Fatmayi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04/465 saylı qərarı ilə Fatmayi Bələdiyyəsi ərazisində yerləşən 0.0752 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 24 aprel 2007-ci il tarixində, 04/465 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 30 dekabr 2021-ci il tarixində verildiyi; Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının müvafiq bələdiyyənin, ləğv olunmuş DT və XK-nın Abşeron rayon şöbəsinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsinin (24 kv.m) başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi faktı aşkarlanmışdır. Cavabdeh torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, Əsasnamənin 19-cu bəndinə , Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə, Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə, 13-cü maddəsinin 1-ci, 2-ci, 3-cü bəndlərinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə , 82-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, 8-ci maddəsinə, 9-cu maddəsinə, 11.1-ci maddəsinə və 15-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Fatmayi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04/465 saylı qərarı ilə Fatmayi Bələdiyyəsi ərazisində yerləşən 0.0752 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 24 aprel 2007-ci il tarixində, 04/465 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 30 dekabr 2021-ci il tarixində verildiyi; Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının müvafiq bələdiyyənin, ləğv olunmuş DT və XK-nın Abşeron rayon şöbəsinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsinin (24 kv.m) başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi faktı aşkarlanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir: Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 04/465 saylı, 24 aprel 2007-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası DTXK-sı Abşeron rayon şöbəsinin rəyini nəzərə alaraq Fatmayı Bələdiyyəsi hüdudları daxilində təhkim aktına əsasən 800 kv.m torpaq sahəsi İddiaçı Oktay qızına fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə satılmış, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə 18 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 28 mart 2023-cü il tarixli T/208 saylı məktubu ilə Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04/465 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Fatmayı Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 24 aprel 2007-ci il tarixində, 04/465 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 30 dekabr 2021-ci il tarixində verilməsi səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdeh orqanın imtinasının digər əsasını Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının müvafiq bələdiyyənin, ləğv olunmuş DT və XK-nın Abşeron rayon şöbəsinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənməməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının müvafiq bələdiyyənin möhürü ilə təsdiqlənmədiyini bildirsə də bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Bundan əlavə cavabdeh orqan Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının ləğv olunmuş DT və XK-nın Abşeron rayon şöbəsinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmədiyi bildirsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Bundan əlavə cavabdeh qeyd edir ki, torpaq sahəsinin bir hissəsinin (24 kv.m) başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi faktı aşkarlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir. Torpaq sahəsi təyinatına görə kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidə yerləşir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 09 mart 2023-cü il tarixli, 3-21-3-32/2-2552/2023 saylı məktubu) Lakin növbəti məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sənəd üzrə torpaq sahəsinin 12 kv.m hissəsi X3 (**********78 reyestr nömrəli) və 12 kv.m hissəsi X1 (**********60-10301 reyestr nömrəli) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 04 aprel 2023-cü il tarixli, 3-21-3-32/2-3399/2023 saylı məktubu) Bu səbəbdən iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldıltmışdır. Göründüyü kimi torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı mübahisə qalmamışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Fatmayi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04/465 saylı qərarı ilə ayrılmış Fatmayi Bələdiyyəsi ərazisində yerləşən 0.0752 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar