Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-13/2022 15.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (fərdi fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 4, mənzil 32-də yaşayan), Cavabdehin nümayəndəsi X4 (3 saylı Ərazi Vergilər İdarəsində hüquqşünas vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/1, mənzil 25-də yaşayan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 3 saylı Ərazi Vergilər İdarəsinin 21.08.2019-cu il tarixli **********188794 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 3 saylı Ərazi Vergilər İdarəsinin 21.08.2019-cu il tarixli **********188794 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 26.08.2020-ci il tarixli qərardadı ilə iddia iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 26.08.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 16.08.2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması aktının 1.1-ci bəndindən göründüyü kimi aparılan yoxlama 17.08.2018-ci il tarixdə başlamış və 05.07.2019-cu il tarixdı başa çatmış, yəni 323 təqvim günü davam etmişdir. Eyni zamanda 28.09.2018-ci il tarixli qərarla 1 dəfə müddət uzadılmış, 05.11.2018-ci il tarixli, 04.12.2018-ci il tarixli, 07.01.2019-cu il tarixli və 24.01.2019-cu il tarixli qərarlarla ardıcıl 4 dəfə dayandırılmış, sonradan “Səyyar vergi yoxlaması” aktı tərtib olunaraq onun nəticələrinə baxılarkən 16.04.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərar qəbul edilmiş, sonra yenidən 2 dəfə ardıcıl 08.05.2019-cu il tarixli və 10.06.2019-cu il tarixli qərarlarla yoxlama dayandırılmış, 08.07.2019-cu il tarixdə isə mübahisələndirilən qərarın qəbul olunması üzrə təkliflərin əks olunduğu sonuncu yoxlama aktı qəbul olunmuşdur. Yoxlamannın başlamasından sonra göstərilən müddətlərə nəzər yetirdikdə cavabdeh tərəfindən həmin müddətlərin kobud şəkildə pozulduğu müəyyən edilir. Yoxlamanın nəticələri üzrə 08.07.2019-cu il tarixli akt tərtib olunmuş və həmin akta əsasən 21.08.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya 31144,78 manat məbləğində əlavə vergi borcu hesablanmış və 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktının və mübahisələndirilən qərarın əsasını "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilən 03.07.2019-cu il tarixli rəy təşkil etmişdir. Rəyin 8-ci səhifəsindən göründüyü kimi, mütəxəssis kimi heç bir səlahiyyəti olmayan şəxs tərəfindən istehsal yerində 1 saat üçün enerji sərfiyyatı və istehsalı həcmi çıxarılmış və yoxlama dövrünün enerji sərfiyyatı bir saatın enerji sərfiyyatına bölünərək guya ümumi iş vaxtı müəyyən olunmuş və həmin göstərici bir saatın istehsal həcminə vurularaq ümumi istehsal həcmi çıxarılmışdır. Halbuki, qeyd olunan formada istehsal həcminin müəyyən olunmasına dair hər hansı normativə istinad olunmamışdır. Eyni zamanda elektrik enerjisi və qaz sərfiyyatı göstəriciləri əsasında vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Ekspert və ya mütəxəssis yalnız xüsusi bilik tələb olunan məsələlərə münasibət bildirə, yoxlama zamanı ortaya çıxan suallara aydınlıq gətirə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.08.2018-ci il tarixli **********160293 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 17.08.2018-ci il tarixdə KY181259348 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 08.07.2019-cu il tarixli **********162403 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21.08.2019-cu il tarixli **********188794 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə sadələşdirilmiş verginin 2074,90 manat və əlavə dəyər vergisinin 22077,19 manat, ödəmə mənbəyində tutulan verginin 6134,80 manat və əmlak vergisinin 857,89 manat olmaqla, ümumilikdə 31144,78 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (Sadələşdirilmiş vergi bəyannaməsi tərkibində) 537,20 manat, 2018-ci il üzrə sadələşdirilmiş verginin 45,09 manat artıq hesablandığı və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (ƏDV bəyannaməsi tərkibində) 537,20 manat azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 31144,78 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4713,61 manat və həmin məcəllənin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatı Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə 11038,60 manat, 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmaqla ödənişlər aparıldığına görə 8932,38 manat və 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 440,0 manat olmaqla, ümumilikdə 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 17.08.2018-ci il tarixli **********160497 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi 11.09.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildiririk ki, yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən təqdim olunmuş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən vergi tutulan əməliyyatların ümumi həcmi, yəni dövriyyəsi 89375,0 manat bəyan etmiş və həmin dövriyyədən 1787,50 manat sadələşdirilmiş vergi hesablanmışdır. Lakin, yoxlama zamanı dəvət edilmiş ekspertin verdiyi rəyinə əsasən yoxlama ilə əhatə olunan dövrdə (aprel 2017- iyun 2018) cəmiyyətin ümumi dövriyyəsinin 337848,45 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində büdcəyə hesablanmış 599,70 manat vergi məbləği 01.02.2018-ci il tarixdən ƏDV bəyannamələri (qeydiyyatsız) tətbiq edildiyi üçün azaldılmışdır.Vergi ödəyicisinin yoxlanılan dövrdə sadələşdirilmiş vergi üzrə dövriyyəsi ekspert rəyinə əsasən 193120,26 manat müəyyən olmuşdur. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən bəyan edilmiş 1787,50 manat sadələşdirilmiş vergi nəzərə alınmaqla, 2074,91 manat əlavə vergi hesablanmış (3862,40-1787,50=2074,90) və Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 1217,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. (Hesablama cədvəli əlavə olunur). Həmçinin vergi ödəyicisinə fevral 2018-ci il tarixdən qeydiyyatsız ƏDV bəyannamələri tətbiq edildiyinə görə, sadələşdirilmiş vergi bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyindənn tutulan vergi üzrə 537,20 manat azaldılmışdır.Ekspert rəyinə əsasən vergi ödəyicisinin yanvar 2018ci il tarixdən ardıcıl olan 12 ay üzrə dövriyyəsinin 200000,0 manatdan artıq olması müəyyən olunmuş və 01.02.2018-ci il tarixdən ƏDV öhdəliyi yaranmışdır. Vergi ödəyicisinə fevral 2018-ci il tarixdən qeydiyyatsız ƏDV bəyannamələri tərtib edilmişdir. Ekspert rəyinə əsasən ƏDV qeydiyyatı olmadan 01.02.2018-ci il tarixdən 30.06.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ƏDV-siz dövriyyəsi 122651,0 manat müəyyən olunmuşdur. Vergi ödəyicisinə qeydiyyatsız ƏDV üzrə 22077,19 manat vergi hesablanmış (122651,0x18%=22077,19) və Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında 11038,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Həmçinin, qeydiyyatsız ƏDV bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə vergi ödəyicisinə 537,20 manat verginin hesablanması təmin edilmişdir. Cəmiyyət 04.01.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 8 ha torpaq sahəsini qum-çınqıl istehsalı məqsədi ilə istifadəsi üçün 3 (üç) il müddətinə X1 icarəyə götürülmüşdür. Müqaviləyə əsasən aylıq icarə haqqı 1000,0 manat müəyyən edilmişdir. Cəmiyyət tərəfindən icarəyə alınmış təsərrüfat subyektinin icarə haqqının bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi ilə əlaqədar dəvət edilmiş ekspert rəyinə əsasən aylıq icarə haqqı 2500,0 manat müəyyən olunmuşdur. Ekspert rəyinə əsasən yoxlanılan dövrdə ödəmə mənbəyində vergiyə cəlb olunan icarə haqqının məbləğinin 37500,0 manat (15 ay*2500) olduğu müəyyən olunmuş və həmin icarə haqqı məbləğindən 14% dərəcə ilə 5250,0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 32745,0 manat əmək haqqı bəyan edilərək 1842,48 manat vergi hesablanmışdır. Lakin, ekspert rəyinə əsasən görülmüş işlərin tərkibində əmək tutumu 39000,0 manat müəyyən olunmuşdur. Ekspert rəyində orta aylıq əmək haqqının 2600,0 manat olması qeyd olunmuşdur. 2017-ci ilin aprel ayında vergi ödəyicisinin bəyan etdiyi 2600,0 manat əmək haqqı təsdiq olunmuş, yoxlama ilə əhatə olunan dövrün digər aylarında isə ekspert tərəfindən verilmiş rəydə qeyd olunmuş əmək haqqı məbləğləri əsasında ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1842,48 manat vergilər nəzərə alınmaqla, əmək tutumu üzrə əlavə 884,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır (39000,0- 32745,0=6320,0x14%=884,0). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinə ödəmə mənbəyində tutulan vergilər üzrə cəmi 6134,80 manat vergi hesablanmış (5250+884,80=6134,80) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 3067,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir (Hesablama cədvəli əlavə olunur). Əmlak vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən 2013-cü ildə idxal olunmuş 232716,78 manat məbləğində maşın və avadanlıqların olmasına baxmayaraq əmlak vergisinin bəyannaməsinin təqdim edilmədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi izahatı da nəzərə alınmaqla, cəmyyətə məxsus əmlakın qalıq dəyəri hesablanarkən 2013-cü ildən 2017-ci ilədək olan dövrdə əmlakın amortizasiya normaları nəzərə alınmışdır. Belə ki, 2013-cü ilin əvvəlinə əmlakın qalıq dəyəri 232716,78 manat amortizasiya məbləği (232716,78*20%) 46543,35 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 186173,43 manat (232716,78-46543,35) olmuşdur. 2014-cü ilin əvvəlinə əmlakın dəyəri 186173,43 manat amortizasiya məbləği (186173,43*20%) 37234,68 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 148938,75 manat (186173,43-37234,68) olmuşdur. 2015-ci ilin əvvəlinə əmlakın dəyəri 148938,75 manat amortizasiya məbləği (148938,75*20%) 29787,75 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 119151,00 manat (148938,75-29787,75) olmuşdur. 2016-cı ilin əvvəlinə əmlakın dəyəri 119151,00 manat amortizasiya məbləği (119151,0*20%) 23830,20 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 95320,80 manat (119151,00- 23830,20) olmuşdur. 2017-ci əvvəlinə əmlakın dəyəri 95320,80 manat amortizasiya məbləği (95320,80*20%) 19064,16 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 76256,64 manat (95320,80-19064,16) olmuşdur. Qeyd olunanları nəzərə alınmaqla vergi ödəyicisinin 2017-ci il üzrə əmlakın orta illik qalıq dəyəri 85788,72 manat (95320,80+76256,64=171577,44/2=85788,72) müəyyən olunmuşdur. Buna görə də əmlak vergisi üzrə vergi ödəyicisinə (İllər üzrə hesablanmalı amortizasiya ayırmaları nəzərə alınmaqla) 857,89 manat əmlak vergisi hesablanmış (85788,72*1 %=857,89,0) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında 428,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla əmək haqqı ilə bağlı ödənişlərin nağd qaydada aparıldığı müəyyən olunmuşdur. Buna görə də vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 01.05.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr üzrə əmək müqviləsi ilə çalışan işçilərə nağd qaydada may ayı üzrə 1921,52 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində birinci dəfə yol verdiyinə görə həmin məbləğin 10% miqdarında, yəni 192,15 manat, iyun ayı üzrə 1921,52 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində ikinci dəfə yol verildiyinə görə həmin məbləğin 20% miqdarında, yəni 384,30 manat müvafiq olaraq iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 11572,80 manat əmək haqqının nağd qaydada ödənilməsinə və belə hala il ərzində üçüncü və daha çox dəfə yol verdiyinə görə hər bir ay üzrə 40% miqdarında cəmi 4629,12 manat olmaqla ümumilikdə 2017-ci ilin 9 ayı üzrə 5205,57 manat, 2018-ci ilin yanvar ayı üzrə 1958,96 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində birinci dəfə yol verildiyinə görə həmin məbləğin 10% miqdarında, yəni 195,90 manat, fevral ayı üzrə 1958,96 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində ikinci dəfə yol verdiyinə görə həmin məbləğin 20% miqdarında, yəni 391,79 manat, müvafiq olaraq mart, aprel, may, iyun, ayları üzrə ümumilikdə 7847,84 manat əmək haqqının nağd qaydada ödənilməsinə və belə hala il ərzində üçüncü və daha çox dəfə yol verdiyinə görə hər bir ay üzrə 40% miqdarında cəmi 3139,13 manat olmaqla ümumilikdə 2018-ci ilin 6 ayı üzrə 3726,82 manat olmaqla, yoxlanılan dövr üzrə ümumilikdə 8932,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, vergi orqanının qərarına əsasən mütəxəssis dəvət edilmiş və daş-çınqıl karxanasının baza məlumatları, elektrik sayğaclarının göstəriciləri əsasında rəy hazırlanmış, hesablamalar istehsal avadanlıqlarının gücü və satış həcminə görəə aparılmış, ödəmə mənbəyində tutulan vergi vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi üzrə bəyannaməsinin göstəricilərinə uyğun olaraq və işçilərin izahatlarına əsasən mütəxəssis tərəfindən hesablanmışdır. Müəyyən edilmişdir ki, əmək haqqı bəyannamədə göstərilən məbləğdən artıq hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin 200.000 manatdan artıq olduğuna görə qeydiyyatsız ƏDV-yə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş : - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması barədə qərar reyestrdə qeydiyyata alınmışdır. -3 saylı Ərazi Vergilər İdarəsinin 24.08.2018-ci il tarixli qərarından görünür ki, İstehsal olunmuş məhsulun satış qiymətinin həcminin icarəyə veürilmiş təsərrüfat subyektlərinin (obyektlərinin) icarə haqqlarınını bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. -vergi orqanının 24.08.2018-ci il tarixli qərarından görünür ki, qum-çınqıl karxanasında istehsal avadanlıqlarının gücünün, istehsal həcminin istehsal zamanı çalışan işçilərin əmək tutumunun müəyyən edilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. - 08.07.2019-cu il tarixli **********162403 saylı səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC-də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi - 2017-ci il, əlavə dəyərə vergisi fevral 2018-iyun 2018,əmlak vergisi 2017-ci il sadələşdirilmiş vergi 2-ci rüb 2017 – 1-ci rüb 2018, ödəmə mənbəyində tutulan vergi 2ci rüb 2017-2-ci rüb 2018-ci il dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. -3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2019-cu il tarixli **********188794 nömrəl vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC-yə 31144,78 manat məbləğində əlavə vergi borcu (2017-ci il əmlak vergisi üzrə - 857,89 manat, sadələşdirilmiş vergi – 2119,99 manat, ödəmə mənbəyində tutulan vergi – 3661,00 manat, 2018-ci il sadələşdirilmiş vergi – 314,51 manat, ödəmə mənbəyində tutulan vergi – 2473,80 manat, Vergi Məcəlləsionin 58.4-cü maddəsinə uyğun olaraq ƏDV – (qeydiyyatsız) – 22077,19 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi – 537,20 manat) hesablanmış və 25124,59 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. -"xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli MB 12-636 saylı qiymətləndirmə rəylərindən görünür ki, yoxlama dövrü ərzində istehsal həcmi 107253.48 manat, satış qiyməti (ƏDV daxil) 337848,45 manat İddiaçı MMC-nin istifadəsində olan qum-çınqıl istehsal müəssisəsində fəaliyyət göstərən texniki avadanlqıların hazırki durumda bazar qiymətlərinə uyğun oilaraq icarə haqqı 2500 manat təşkil edir. - inzibati şikayətin təmin edilməməsi haqqında **********4791100 saylı 28 noyabr 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı MMC-nin rəhbəri X5 cəmiyyətin fəaliyyəti üzrə keçirlmiş səyyar vergi yoxlamasının nəticələrindən Vergilər Nazirliyinə verdiyi 30.08.2019-cu il tarixli şikayəti təmin edilməmiş, 08.07.2019-cu il tarixli **********162403 saylı “Səyyar vergi yoxlaması aktı” etibarlı hesa olunaraq həmin akt əsasında 3 saylı ƏVİ tərəfindən qəbul edilən 21.08.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. -3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 10.09.2018-ci il tarixli **********162733 nömrəli qərardan görünür ki, İddiaçı MMC-dən səyyar vergi yoxlaması ilə əlaqədar zəruri sənədlərin nümunə kimi götürülməsi qərara alınmışdır. - 3 saylı Ərazi Vergilər İdarəsinin 17.08.2020-ci il tarixli **********160497 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən səyyar vergi yoxlamasının keçrilməsi ilə əlaqədar zəruri sənədlər tələb edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3348 saylı 05.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış sadələşdirilmiş verginin, ÖMV-nin, ƏDV-nin və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan verginin düzgünlüyü müəyyən olunmur. Əmlak vergisinin isə hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Bundan başqa qeyd edilir ki, istehsal olunan mallar barədə iş materiallarında hər hansı məlumat olmadığı üçün həmin malların bazar qiymətini müəyyən etmək mümkün olmamış, icarəyə verilmiş təsərrüfat subyektlərinin icarə haqlarının bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi isə ekspertizanın predmetinə aid deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə hesab edir ki, elektrik enerjisinin sərfiyyatının mənbəyi bəlli olan məlumat hesab edilməklə vergi hesablanması üçün istifadə edilməsi kifayət qədər əsaslı hesab edilə bilməz, vergi orqanı tərəfindən bu hala əsasən vergi ödəyicisinin vergidən yayınma ehtimalını düşünməyə imkan verən hər hansı əsas yaranmışdırsa, vergi orqanının ağlabatan müddət ərzində həmin halı araşdırmaq, aşkar olunmuş vergi pozuntularını aktlaşdırmaq və qanunla müəyyən olunmuş müvafiq tədbirlər görmək imkanı olmuşdur. Qanunvericilikdə vergidən yayınmanın aşkar olunması üçün vergi orqanına kifayət qədər geniş səlahiyyətlər və imkanlar verildiyi halda, vergi orqanının vergi ödəyicisinin elektrik enerjisinin sərfiyyatına əsasən hər hansı əlavə araşdırma aparılmadan vergi hesablaması ağlabatan deyil, habelə hesablanmış vergilərin əsaslığını şübhə altına alır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.. 67.1-ci maddəsinin sonrakı müddəalarında vergi ödəyicisinin gəlirləri və xərclərinin hesablanmasının mümkün variantları müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsinin meyarları müəyyən edilmişdir. Vergilər Məcəlləsinin 67.14-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cü maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Cavabdeh iddiaçı üçün əlavə vergi hesablayarkən Vergilər Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh iddiaçının vergi məsuliyyətə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamışdır. Cavabdeh yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. Məhkəmə qeyd edir ki, istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında hesablanması məqsədəuyğun olmamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Məhkəmə ödəmə mənbəyində yuyulan vergi məbləği ilə hesab edir ki, iddia tələbi hissədə əsaslı hesab edilə bilməz. Belə ki, səyyar vergi yoxlaması zamanı görülmüş işlərin tərkibində əmək tutumunun 39000 manat müəyyən olunduöu, vergi ödəyicisi tərəfindən isə yoxlama ilə əhatə olunan dövr ərzində 32745,0 manat əmək haqqı bəyan edildiyi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bu hissədə verginin iddiaçı tərəfindən düzdün bəyan edilmədiyini etiraf etdi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində 21.08.2019-cu il tarixli **********188794 saylı qərarı ödəmə mənbəyində tutulan vergi hissəsi istisna olmaqla ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində 21.08.2019cu il tarixli **********188794 saylı qərarı ödəmə mənbəyində tutulan vergi hissəsi istisna olmaqla ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-13/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-13/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver