Məhkəmə qərarları › İş №2-1(118)-1300/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1300/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1300/2025 17.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X14 Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 2/55 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 2/55 saylı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, İddiaçı 02 avqust 1955-ci il tarixdə Əli- Bayramlı rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 25 ünvanında yerləşən 2/55 saylı ev 31508 reyestr və 4697 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum həyat yoldaşı X2 mülkiyyətində olmuşdur. Həyat yoldaşı 17 may 2023-cü il tarixdə vəfat etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 2/55 saylı fərdi yaşayış evi üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinasını tamamilə əsassız və qanunsuz hesab edir.Belə ki, qeydiyyat vəsiqəsində düzəliş nə onun, nə mərhum həyat yoldaşın nə də hər hansı ailə üzvün tərəfindən edilməmişdir. Vəsiqə dövlət orqanı tərəfindən məhz bu vəziyyətdə təqdim edilmişdir. Həmçinin cavabdeh qeyd edir ki, guya müayinə baxşının keçirilməsi üçün lazımi şərait yaradılmamışdır. Tamamilə yalandır, bu barədə cavabdeh orqanın hər hansı nümayəndəsi onlarla əlaqə saxlamamışdır.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 31508 reyestr və 4697 inventar nömrəli qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin yerləşdiyi ünvana münasibətdə təsdiq olunmamış düzəliş olunduğu, əlavə olaraq daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şəraitin yaradılmadığı, X1 adına arayışın verilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq, iddia ərizəsində X6 adına çıxarışın verilməsi qeyd edilərək məhkəməyə müraciət olunduğu müəyyən olunmuşdur.Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X9 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-3667/2024 nömrəli imtina məktubu, etirazı, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Abşeron rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastr idarəsi tərəfindən verilmiş inventar işi 4697 olan 31508 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamənin surəti, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 395 nömrəli məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlaklar DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3- 32/2-3667/2024 nömrəli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququları qeydə alınmalıdır. Təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Abşeron rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastr idarəsi tərəfindən verilmiş inventar işi 4697 olan 31508 reyestr nömrəli Qeydiyyat vəsiqəsində aparılmış qeydlərdən görünür ki, mübahsiəli daşınmaz əmlak mərhum X4 mülkiyyət hüququ rəsmiləşdirilmişdir.İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanda yerləşən və onun qanuni istifadəsində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında götərdiyi arqumentlər qeydiyyat vəsiqəsinə təsdiqlənməmiş düzəlişin olduğu, baxışa şərait yaradılmadığı və idarəyə müraciətlə, məhkəməyə edilmiş müraciətin fərqli olmasıdır. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, torpaq sahəsi qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Abşeron rayon Dövlət Texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastr idarəsi tərəfindən verilmiş inventar işi 4697 olan 31508 reyestr nömrəli Qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin iddiaçının mərhum arvadının mülkiyyətində olması göstərilmiş və qeyd olunan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Həmin qeydiyyat vəsiqənin mövcudluğu cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır.Belə ki, idarənin arxivində olan reyestr kitablarında 2004-cü ildə müvafiq qeydlər aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qeydiyyat vəsiqəsində qeyd edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mərhum arvadının mülkiyyət hüququ qeyd alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Qeydiyyat vəsiqəsinə təsdiqlənməmiş düzəlişin olduğuna dair məhkəmə qeyd etməyi zəruri bilir ki, “25-ci məhəllə” ünvanda qaralamanın olması nəzərə çarpacaq şəkildə olmayan texniki səhvin olması iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı uzun müddətdit ki, həmin evədə mübahisəsi yaşayış və istifadə edir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - “Dəyişikliklərin (düzəlişlərin) məzmunu” qrafasına daxil edilir. Müvafiq fəslin “Sənədlər - əsaslar” qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir.Qeyd olunanlara əsasən məhkəmə cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentidə əsassız hesab edir. Həmçinin, tədqim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda göstərilmiş cizgilər ilə uyğunluq təşkil edir. Belə olan halda cavabdehin etirazında göstərdiyi 2-ci arqument əsassızdır. Cavabdehin etirazında qeyd etdiyi 3-cü arqumentə münasibətdə bildirilir ki, iddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi verərək mülkiyyət hüququnun mərhum arvadına çməxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Ona görə də iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 2/55 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar