Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1301/2021 22.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X2 üzərində X4 qəyyumluğuna xitam verilməsi və iddiaçının X2 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X2 üzərində X4 qəyyumluğuna xitam verilməsi və iddiaçının X2 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. 1-ci qrup əlildir (daun sindromu). Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli, 392 saylı sərəncamı ilə X2 üzərində qardaşı X3 həyat yoldaşı X7 qəyyum təyin edilmişdir. X8 qardaşına baxmır, onun müalicəsi ilə məşğul olmur, onun əmlakını isə öz məqsədləri üçün istifadə edir. Bu yaxınlarda Aidə Rəhimova iddiaçının qardaşı Vüqar Rəhimovu və anası X1 yaşadıqları mənzildən qovmuşdur. Bundan başqa X13 Rəhimova aid şəxsiyyət vəsiqəsini və digər sənədləri gizlətmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edərək qardaşının şəxsiyyət vəsiqəsinin və ona aid digər sənədlərin ona təqdim edilmsəini xahiş etmişdir. Məqsədi isə qardaşının üzərində öz qəyyumluğunun təyin edilməsi üçün lazım olan sənədlərin hazırlanması idi. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaçıya 03.03.2021-ci il tarixli məktubu ilə sənədləri verməkdən imtina etmişdir. İddiaçı Asan Xidmətə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də sənədləri əldə edə bilməmişdir. Sonradan iddiaçı yenidən icra hakimiyyətinə ərizə ilə müraciət edərək Vüqar Rəhimovun qəyyumluğuna xitam verilməsi barədə sərəncam verməyi xahiş etmişdir. İddiaçı həmin ərizəyə qəyyumluğun təyin edilməsi ilə əlaqədar bütün sənədləri əlavə etmişdir. Lakin iddiaçıya 24.05.2021-ci il tarixli məktubla imtina verilmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, mübahisə predmeti olan sərəncam inzibati akt olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının 24.05.2021-ci il məktubu ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 27 dekabr 2019-cu il tarixdə 215 nömrəli sərəncam imzalanmışdır. Hazırda mübahisələndirilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2019cu il tarixli 215 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla X2 üzərində X7 qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən sərəncam 1-ci qrup əlil (daun sindromu) və özünü idarə etmək qabiliyyətində olmayan şəxs üzərində qəyyum təyin edilməsi ilə bağlıdır ki, həmin şəxslər üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Göründüyü ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2019-cu il tarixli 215 nömrəli sərəncamı inzibati akın əlamətlərini özündə əks etdirmir və bu səbəbdən də inzibati akt hesab edilmir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2019-cu il tarixli 215 nömrəli sərəncamı inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X2 üzərində X4 qəyyumluğuna xitam verilməsi və iddiaçının X2 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1301/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1301/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver