Məhkəmə qərarları › İş №2-1(118)-1302/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1302/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1302/2025 19.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Yardımlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 19 saylı Sərəncamı əsasında iddiaçıların yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil uçotuna götürülmələri öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Şəhər Hakimiyyətinə qarşı “xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı1 və 08 avqust 1958-ci il təvəllüdlü İddiaçı2 şəhid ailəsi kimi mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Yardımlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 19 saylı Sərəncamı əsasında iddiaçıların yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil növbəsinə götürülməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxx 1960-ci il tarixdə və İddiaçı2 08 avqust 1958-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. X1 2010-cu il tarixdə şəhid olmuşdur. Bu barədə iddiaçılara müvafiq olaraq 026655 və 026656 nömrəli müvafiq vəsiqələr verilmişdir. Qeyd edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 125 ünvanında yerləşən 75 saylı mənzil nəvələri X3 mülkiyyətindədir və yuxarıda da qeyd etdikləri kimi hər ikisi həmin mənzildə pasport qeydiyyatında olmaqla faktiki yaşayırlar. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2011-ci ildə şəhid valideyni kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdırlar. Yardımlı rayon İcra Hakimiyyəti başçısının 04 mart 2024-cü il tarixli, 19 saylı sərəncamı ilə mənzil uçotundan çıxarılmışdır. Mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsi barədə Yardımlı rayon İcra Hakimiyyətindən iş üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məktub daxil olmuş, lakin cavabdehin 09 aprel 2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Qeyd edirlər ki, hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayırlar. Bildirirlər ki, hər ikisinin səhhətində xəstəliklər vardır və rayonda tibbi ehtiyaclarının qarşılanması üçün zəruri şərait yoxdur. Rayonda yaşaya bilmirlər, bu səbəbdən də hazırda nəvələrinin mülkiyyətində olan mənzildə yaşayırlar. Həmin ev də balacadır və hazırda evdə 8 nəfər yaşayırıq. Mənzil şəraitləri acınacaqlı vəziyyətdədir. Qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız hesab edirlər. Hesab edirlər ki, məhkəmə tərəfindən iş üzrə ədalətli araşdırma aparılmalı və iddia tələbləri təmin edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh şəhər icra Hakimiyyətinə qarşı xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı1 və 08 avqust 1958-ci il təvəllüdlü İddiaçı2 şəhid ailəsi kimi mənzil növbəliyinin yaşayış yeri üzrə köçürülməsi öhdəliyinin cavabdeh şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunmasını təmin etmək barədə sərəncama şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, şəhid valideyni İddiaçı1 imtiyazı əsasında Yardımlı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2011-ci ildə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişərək xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanına qeydiyyata düşdüyü səbəbdən Yardımlı rayon icra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli. 19 saylı sərəncamı ilə mənzil uçotundan çıxarılmışdır. Qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq mənzil uçotuna götürülür. Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməsinə qarşı etiraz olunur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: AA ******* seriyalı şəxsiyyət vəsiqəsi; AA ******* seriyalı şəxsiyyət vəsiqəsi; cavabdehin 09 aprel 2024-cü il tarixli məktubu; 026656 nömrəli vəsiqənin surəti; 026655 nömrəli vəsiqənin surətivə digər sənədlər aiddir.

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar xx xxxxx 1960-cı il təvəllüdlü X8 və 08 avqust 1958-ci il təvəllüdlü İddiaçı2 olmaqla, X1 2010-cu il tarixdə şəhid olmuşdur. Övladlarının ölümündən onlar şəhid ailəsi kimi Yardımlı Rayonu İcra Hakimiyyətinin sərəncamı ilə 2011-ci il tarixdə mənzil növbəsinə götürülmüşdür. Daha sonra Yardımlı Rayonu İcra Hakimiyyəti Başçısının 19 saylı, 04 mart 2024-cü il tarixli sərəncamına əsasən vətəndaş X4 yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə köçürülməsi, X2 RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması, onun mənzil uçot tarixinin 2011-ci ildən hesablanması qərara alınmışdır. İddiaçı bundan sonra cavabdeh orqana müraciət edərək, həmin günə qədər mənzillə təmin olunmadığı üçün mənzil növbəsinə uçota alınmalarını xahiş etmişdir. Lakin cavabdeh orqan onun bu müraciətinin təmin edilməsindən imtina etdiyi üçün iddiaçı hal-hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtiası əsassız olmuşdur. Azərbaycam Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Məcəllənin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Qeyd olunan normaların tələbindən görünür ki, qanunvericilikdə nəzərdə tutulan tələblər konkret olaraq göstərilmişdir. Vətəndaşın mənzil növbəsində uçota alınması məhz onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında həmin orqan tərəfindən həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qanun normalarının tələblərindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınmasının əsası kimi həqiqətən də həmin şəxsin 5 il müddətində həmin ərazidə qeydiyyatda olması birbaşa nəzərdə tutulmuşdur. Eyni zamanda yuxarıdakı normaların təfsirindən görünür ki, Mənzil Məcəlləsində yuxarıda adıçəkilən qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət etmək üçün tək şərtin şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. İddiaçı Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı olan Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh orqan imtinasında iddiaçının 5 il ərzində Abşeron rayonu ərazisində pasport qeydiyyatında olmamasını göstərmişdir. İnzibati iş materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 19 saylı, 04 mart 2024-cü il tarixli sərəncamından aydın olur ki, vətəndaş İddiaçı1 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Məhkəmə qeyd edilən halla bağlı müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Yardımlı Rayon İcra Hakimiyyətinin 23 oktyabr 2024-cü il tarixli məktubunda iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzil və ya torpaq sahəsi ilə təmin edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçılar faktiki olaraq Sumqayıt şəhərində yaşayır. Bununla yanaşı Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 19 saylı, 04 mart 2024-cü il tarixli sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində rayonda uçotdan çıxarılaraq, sənədlərinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə köçürülməsi qərara alındığından vətəndaşların müraciətindən cavabdeh orqan tərəfindən imtina edilməsi onların sosial təminat hüququnun pozulmasına gətirib çıxara bilər. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Qeyd olunan normadan göründüyü kimi qanunvericilikdə vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina olunması üçün konkret əsaslar müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina olunması üçün Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Bundan əlavə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar (4-cü maddə). Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər (5-ci maddə). Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəs olmaqla, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşlarımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışlar. Onların əziz xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilmişdir, edilir və ediləcəkdir. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarını ödəmək, şəhid olanların ailə üzvlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin ərazi bütövlüyünün müdafiəsinə qalxan şəxs Vətən uğrunda həlak olacağı halda, Dövlətin və müvafiq qurumlarının onun ailəsinin yaşayış yeri və sair minimum ehtiyaclarını ödəyəcəyinə əmin olduğu üçün bu zirvəyə yüksəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Mcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər. Qaydaların 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr — əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər. Qaydaların 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə icazə verilir ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrində yaşayır və pasport qeydiyyatındadırlarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı respublika komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zurəri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinasının əsaslarını sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 19 saylı Sərəncamı əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil uçotuna götürülmələri öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 19 saylı Sərəncamı əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış sahəsinə ehtiyacı olanlar qismində mənzil uçotuna götürülmələri öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar