Məhkəmə qərarları › İş №2-1(118)-1304/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1304/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1304/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Amsarqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı xə Reyestri Publuk Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonu, Amsarqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********22 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Barlı bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Quba rayonu, Amsarqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qevdiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin cavabdeh aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2022-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh Quba rayonu Amsarqışlaq bələdiyyəsinin heç bir il üçün sənədlərinin X8 filialına təhvil verilməməsi və ərizəyə əlavə edilmiş sxemlərdə torpaq sahəsinin ölçülərinin qeyd edilməmiş olması səbəbilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci, 12.2-ci, 13.1-ci, 13.2-ci, 15.1-ci maddəsinə, Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci və 152.2-ci maddəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 2.1-ci və 10cu maddələrinə, Azərbavean Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, iddiaçı tərəfindən 0.08 ha torpaq sahəsi üçün Quba rayonu Amsarqışlaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı və DTXK tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Bununla əlaqədar, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsi üçün təqdim edilmiş Quba rayonu Amsarqışlaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı və DTXK tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair aktın Quba rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumat verilməsi və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin Ərazi İdarəsinə göndərilməsi məqsədi ilə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Quba rayonu Amsarqışlaq bələdiyyəsinin heç bir il üçün sənədləri X8 filialına təhvil verilməmişdir. Bundan əlavə, ərizəyə əlavə edilmiş sxemlərdə torpaq sahəsinin ölçüləri qeyd edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubla imtina olunmuşdur. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricələrini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini.məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı Quba rayonu, Amsarqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinasının əsası kimi Quba rayonu Amsarqışlaq bələdiyyəsinin heç bir il üçün sənədlərinin X8 filialına təhvil verilməmiş olmasını və ərizəyə əlavə edilmiş sxemlərdə torpaq sahəsinin ölçülərinin qeyd edilməmiş olmasını göstərir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 fevral 2006-cı il tarixli, 016536 saylı kassa mədaxil orderinin qəbzindən görürür ki, həyətyanı torpaq sahəsi almaq üçün 300 manat Quba rayon Amsarqışlaq bələdiyyəsinin hesabına ödənilmişdir. Quba rayon Amsarqışlaq bələdiyyəsinin 24 fevral 2006-cı il tarixli 01 saylı protokol Qərarı ilə bələdiyyənin ümumi istifadəsindən alqı-satqı predmeti olan 0.08 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı 24 fevral 2006-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir, Quba rayon Torpaq və Xəritəçəkmə şöbəsində 30 dekabr 2006cı il tarixdə 3640 nömrə ilə qeydiyyata alınmışdır. DT və XK-nın Quba rayon Şöbəsinin rəyi, Quba rayon İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin 09 avqust 2022-ci il tarixli, 129 saylı rəyi, Quba rayon Barlı Bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarış da iş materiallarına əlavə edilmişdir. Cavabdeh imtinasında Quba rayonu Amsarqışlaq bələdiyyəsinin heç bir il üçün sənədlərinin X8 filialına təhvil verilmədiyi bildirir. Bununla bağlı məhkəmə araşdırması zamanı Quba rayon Barlı bələdiyyəsinin 47 saylı xx.xx.2023-cü il tarixli Arayışı məhkəməyə daxil olmuşdur. Arayışda qeyd edilmişdir ki, Amsarqışlaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı Qərarı ilə Amsarqışlaq kəndində 0.08 ha həyətyanı torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı verilmişdir. Verilmiş torpaq sahəsinin sağ və sol tərəf qonşu həyətyanıları X2 və X5, həmçinin arxa tərəfi özəl pay torpaqlar, qarşı tərəfindəki qonşusu isə X1r. Vətəndaşa verilmiş 0.080 ha torpaq sahəsində özü tərəfindən tikilmiş bir mərtəbəli, üç otaqlı ümumi sahəsi 108 kv.m olan yaşyış evi vardır. hal-hazırda vətəndaş 4 nəfər ailə üzvü ilə birlikdə həmin evdə yaşayır. Hal-hazırda 0.08 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vətəndaşın faktiki istifadəsindədir. Həmçinin vətəndaşın torpaq sahəsinə və yaşayış evinə görə Barlı bələdiyyəsinə torpaq və əmlak üzrə vergi borcu yoxdur. Həmçinin məhkəmə araşdırması zamanı Quba rayon Barlı Bələdiyyəsinin 17 oktyabr 2023-cü il tarixli 68 saylı məktubu ilə iddiaçı barəsində tərtib edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətləri ilə iddiaçının iş materiallarına əlavə etdiyi sənədlər eynilik təşkil edir. Bundan əlavə Bələdiyyənin 17 oktyabr 2023-cü il tarixli 296 saylı arayışında qeyd edilmişdir ki, Quba rayonu Amsar qışlaq bələdiyyəsinin 24 fevral 2006-ci il tarixli 01 saylı qərarı ilə Amsar qışlaq kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha (800kvm) həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə DAZ N 016536 saylı xx.xx.2006cı il tarixli kassa mədaxil orderinin qəbzi və DT və XK-nın Quba rayon Torpaq Şöbəsində xx.xx.2006-cı il tarixli 3540 N ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt vardır. Ona satılmış həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Digər şəxslərin istifadəsinə, icarəsinə və mülkiyyətinə verilməmişdir. Ona görə də həyətyanı torpaq sahəsi barədə verilmiş qərar və aidiyyatı üzrə torpaq ayırma sənədləri öz qüvvəsindədir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın DƏDRX-n verilməsinə etiraz etmirlər. Göründüyü kimi Quba rayonu Amsarqışlaq bələdiyyəsinin heç bir il üçün sənədləri X8 filialına təhvil verilməsə belə, bələdiyyə tərəfindən təqdim edilmiş sənədlərdə Amsarqışlaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı Qərarı ilə Amsarqışlaq kəndində 0.08 ha həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı verildiyi təsdiq olunur. Bundan əlavə Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(118)-1304/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? Həmin koordinatlat yerquruluşu planına uyğudurmu? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə və kimlərlə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-9746/2023 saylı, 20 iyul 2023-cü il tarixli məktubu ilə müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, Bələdiyyə Protokolundan çıxarışda ayrılmış torpaq sahəsi 0.08 ha göstərilsə də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.0856 ha təşkil edir. Faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri bələdiyyə tərəfindən təqdim edilmiş yerquruluşu planına qismən uyğundur, (sxem və ortofoto görüntüləri iş materiallarına əlavə edilmişdir). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X4 kateqoriyalı olub uqodiyası həyətyanı torpaq sahəsidir. Qeyd edilənlərdən görünür ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba rayonu, Amsarqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar