Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1304/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın və dövlət aktının ləğv edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. JN 270 KOD 30106018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı ilə X4, X6, X2, X5, X3, X1 4,43 ha torpaq sahəsi verilmişdir. Həmin aktda torpaq sahəsinin qaiməsi (sertifikatı), planı (cizgisi) (miqyas 1:5.000), koordinatları göstərilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 avqust 2008-ci il tarixli, 3-21-3-34/2-Ə-0369/2023 nömrəli İddiaçı1 göndərilmiş məktubundan görünür ki, Qusar rayonu, Balaqusar 4,43 ha torpaq sahəsinə verilmiş JN-270 KOD 30106018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” aşkar edilmiş və həmin dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. Həmin dövlət aktının təsdiq olunmuş surəti təqdim edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 2 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-13308/2023 nömrəli İddiaçı1 göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, JN-270 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 270 G nömrəli planşetində göstərilən 0,5859 ha torpaq sahəsi digər şəxsin istifadəsindədir və həmin torpaq sahəsinə digər şəxsin adına JN-671 nömrəli dövlət aktı işlənilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-1335/2023 nömrəli İddiaçı1 göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, ərizəyə əlavə olunmuş JN-270 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n 270 E nömrəli planşetində göstərilən 3,8399 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 aprel 2024-cü il tarixli, 3-21-3-34/2—006-8/2024 nömrəli İddiaçı1 göndərilmiş məktubudan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Bala Qusar kəndində yerləşən 0,5859 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN- 671 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və 3,8399 ha torpaq sahəsinə dair dövlət reyestrindən verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.
Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – “iddiaçılar”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Balaqusar kəndində yerləşən 3,8399 ha torpaq sahəsinə dair çıxarış qeydinin və 0,5859 ha torpaq sahəsinə dair JN-671 saylı dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı ilə Qusar rayonu, Balaqusar kəndində 4,43 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara verilmişdir. Onlara buna dair Torpağa mülkiyyət hüququna dair JN 270 (kod ********) seriyalı dövlət aktı verilmişdir. İddiaçıla cavabdehə 2023-cü ilin oktyabr ayında ayrılmış torpaq sahəsinə dair çıxarışın alınması üçün müraciət edilmiş, cavabdehin 2 oktyabr 2023-cü il 3 oktyabr 2023cü il tarixli məktublarında qeyd edilmişdir ki, JN-270 KOD 30106018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” akt əsasında verilmiş Qusar rayonu, Balaqusar kəndində yerləşən 3,8399 ha və 0,5859 ha torpaq sahələri başqa şəxsin istifadəsindədir və 3,8399 ha torpaq sahəsinə çıxarış, 0,5859 ha torpaq sahəsinə dair JN-671 saylı dövlət aktı verilmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, JN-270 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n 270 E nömrəli planşetində göstərilən 3,8399 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
Tərəflərin iştirakı və izahatları:
12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək, bildirmişdir ki, ona məxsus Dövlət Aktına əsasən torpaq sahəsi onun atasının adına verilmiş və o, həmin torpağı digər şəxslərə icarəyə vermişdir. Lakin həmin torpaq sahəsinin harada yerləşməsi və kim tərəfindən istifadə olunması barədə məlumatı yoxdur. Hazırkı tələbi isə torpaq sahəsinin yerləşdiyi ərazini və həmin şəxslərin kim olduğunu müəyyənləşdirib, icarə müqaviləsinin bağlandığı halda tərəflərindən icarə haqqının ödənilməsi və ya torpaq sahəsindən çıxarılmasıdan ibarətdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
18. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
19. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
21. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
22. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı tərəf iddia tələbi qaldıraraq, Qusar rayonu, Balaqusar kəndində yerləşən 3,8399 ha torpaq sahəsinə dair çıxarış qeydinin və 0,5859 ha torpaq sahəsinə dair JN-671 saylı dövlət aktının ləğv edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(102)-116/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından çıxarış deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir... Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan çıxarış əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.”
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2023-cü il tarixli, 2-1(102)-160/2023 nömrəli qərarına əsasən “...çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.”
25. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfə hüquqi yardım edərək, nəzərinə çatdırmışdır ki, hazırkı iddia tələbində çıxarış və dövlət aktı deyil, çıxarışın verilməsi üçün əsas olmuş sənəd mübahisələndirilməlidir.
26. Lakin iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatdan müəyyən edilmişdir ki, hazırkı iddia tələbi ona ayrılmış torpaq sahəsinin ərazisini, həmçinin həmin sahəni istifadə edən şəxslərin müəyyən edilməsidir. Belə olduğu halda məhkəmə iddiaçı tərəfə hüquqi yardım edərək, izah edir ki, istinad edilən sənədə əsasən torpaq sahəsinin yerinin müəyyənləşdirlməsi üçün cavabdeh orqana müraciət edə bilər. Müraciətin icrasından imtina edildiyi halda iddiaçı tərəfin həmin tələb ilə məhkəmədə iddia qaldırmaq hüququ izah olunur. Odur ki, iş materiallarında mövcud olan sənədlərdən qeyd edilən tələb ilə cavabdehə müraciət edilməmişdir.
27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
28. İstinad edilən Ali Məhkəməsi Plenumunun Qərarınına əsaslanaraq və məhkəmə iclasında iştirak edən tərəfin izahatını əsas götürərək, məhkəmə, hazırkı halda iddiaçı tərəfin hüququn pozulub-pozulmamasını araşdırmış, iddia ərizəsində qeyd edilən tələbə münasibətdə onun hüquqi marağının olmadığını müəyyən etmişdir. Belə ki, hazırkı iddia tələbi qaldırılaraq, onun əsas məqsədi iddiaçı tərəfə və ailə üzvlərinə məxsus torpaq sahəsinin yerləşdiyi sahəni və onu istifadə edən şəxslərin müəyyənləşdirilməsinə yönəlmişdir. Eyni zamanda görünük ki, iddiaçı mübahisələndirlən aktın və çıxarışın ona və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə əlaqəli olub-olmaması barədə də məlumatlı deyil.
29. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Balaqusar kəndində yerləşən 3,8399 ha torpaq sahəsinə dair çıxarış qeydinin və 0,5859 ha torpaq sahəsinə dair JN-671 saylı dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova