Məhkəmə qərarları › İş №2-1(118)-1305/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1305/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1305/2022 06.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Ermənistan Respublikası Vardenis rayonu, Pəmbək icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 22.09.1980-ci il tarixli 60 saylı doğum haqqında akt qeydində düzəliş edilərək uşaq bəndində soyadının Məmmədov, adı Adil ata adı “Məmmədxan” valideynləri bəndində atası “X1”, anası “X7” yazılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Ermənistan Respublikası Vardenis rayonu, Pəmbək icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 22.09.1980-ci il tarixli 60 saylı doğum haqqında akt qeydində düzəliş edilərək uşaq bəndində soyadının Məmmədov, adı Adil ata adı “Məmmədxan” valideynləri bəndində atası “X1”, anası “X7” yazılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Dərə kəndində anadan olmuş və bu barədə 22.09.1980-cı ildə doğum aktlarının qeydiyyatı kitabında 60 saylı akt qeydi aparılmışdır. Miliyyətcə azərbaycanlı, atası X1, anası isə X6r. Valideynlərinin hər ikisinin miliyyəti azərbaycanlıdır. Atası 06.01.2005-ci il ildə, anası isə 02.02.1998-ci ildə rəhmətə getmişlər. Atasına və anasına məxsus olan ölüm haqqında şəhadətnamələrdə onların soyadı, adı və ata adları «X2» və «X7» kimi qeyd edilmişdir. Lakin ona məxsus olan doğum haqqında şəhadətnamədə isə onun soyadı «Mamedov» ata və anasının soyadlarıda «Mamedov- Mamedova» kimi yazılmışdır. Həta doğum haqqında şəhadətnaməmdə anasının adı Ruquya kimi qeyd edilsə də, anasına məxsus olan ölüm haqqında şəhadətnamədə isə adı Urquya kimi yazılmışdır. Ona məxsus olan şəxsiyyət vəsiqəsində də soyadı Mamedov kimi qeyd edilmişdir. Sənəddə belə bir yanlışlığın olması ona bəzi sənədləşdirmə işlərinin aparılmasında müəyyən problemlərin yaranmasına səbəb olmuşdur. Bundan əlavə iddiaçı 23.11.2007-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ona verilmiş nikah haqqında AZ-İ 372537 nömrəli şəhadətnamədə soyadı «Məmmədov», həyat yoldaşının soyadı isə «Məmmədova», hətta birgə nikahdan olan uşaqlara məxsus doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində də onaların soyadları Məmmədov- Məmmədova kimi qeyd edilmişdir. İddiaçı doğum akt qeydinə düzəliş edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat bundan imtina edərək bildirmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə bildirişi və elektron SMS bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə prosesinə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi məlumatın verilməsinə baxmayaraq, cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı Ermənistan Respublikası Vardenis rayonu, Pəmbək icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 22.09.1980-ci il tarixli 60 saylı doğum haqqında akt qeydində düzəliş edilərək uşaq bəndində soyadının Məmmədov, adı Adil ata adı “Məmmədxan” valideynləri bəndində atası “X1”, anası “X7” yazılması kimi qeyd etmək niyyətindədir. Doğum haqqında şəhadətnamədə düzəlişin edilməsini məhkəmədən tələb etməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (Qeyd:“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı “ 24 ” dekabr 2021-ci il tarixli Qərarı nəzərə alınmaqla son redaksiyası) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə “şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə” dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalanan maddi hüquq normalarından məlum olur ki, VVAQ orqanlarına qarşı verilən iddia tələbinə o halda inzibati məhkəmələr tərəfindən baxılır ki, şəxsin doğumu faktı barədə VVAQ idarəsində məlumat olsun və həmin məlumatın əsasında müvafiq qeydin arparılmasından imtina edilmiş olsun. İddia tələbinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, iddiaçının adına Ermənistan Respublikası Vardenis rayonu, Pəmbək icra nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə doğum haqqında akt qeydləri kitabında 60 nömrəsi ilə qeydə alınmışdır. Sumqayıt “Asan xidmət” Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 15 mart 2022-ci il tarixli 05/Q-997/76 saylı məktubundan məlum olmuşdur ki, VVA reyestrində iddiaçının doğumunun qeydiyyatı barədə məlumat mövcud deyil. Ona görə də iddiaçının doğumu barədə qeydinin bərpa edilməsi üçün onun doğum qeydi faktı müəyyən edilməlidir. Hesab olunur ki, İddiaçı cavabdeh Sumqayıt “Asan xidmət” Qeydiyyat şöbəsinə qarşı Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi əsasında baxılmalı olan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair iddia ilə ümumi şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Ermənistan Respublikası Vardenis rayonu, Pəmbək icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 22.09.1980-ci il tarixli 60 saylı doğum haqqında akt qeydində düzəliş edilərək uşaq bəndində soyadının Məmmədov, adı Adil ata adı “Məmmədxan” valideynləri bəndində atası “X1”, anası “X7” yazılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar