Məhkəmə qərarları › İş №2-1(118)-1305/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1305/2025

22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1305/2025 22.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AA seriyalı, 275510 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə İddiaçı Dövlətqaçqınkomun 26 sentyabr 2012-ci il tarixli qərarı ilə verilmişdir.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 19 noyabr 2019-cu il tarixli, 8/4135 nömrəli Nümayəndə2 göndərilmiş məktubundan görünür ki, 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar, 1996-cı il təvəllüdlü İddiaçı Xidmətin Laçın rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, səhhəti ilə əlaqədar Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin edilmiş diaqnoza müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasının tələblərinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. Möhlət hüququ bitdikdən sonra, İddiaçı təkrar tibbi müayinəyə cəlb olunacağı və barəsində yekun qərar qəbul ediləcəyi bildirilmişdir.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2 aprel 2020-ci il tarixli, Ş/1007 nömrəli Nümayəndə2 göndərilmiş məktubundan görünür ki, 1996-cı il təvəllüdlü İddiaçı 2020-ci ilin aprel çağırışı zamanı Xidmətin Laçın rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar 5 fevral 2020-ci il tarixdə akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. Müalicə üçün verilmiş möhlət hüququ bitdikdə İddiaçı təkrar tibbi müayinəyə cəlb olunacağı və hərbi xidmətə yararlı olub-olmaması barədə yekun qərarın qəbul ediləcəyi bildirilmişdir.

4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə dair” 25 noyabr 2020-ci il tarixli, **********120 nömrəli elektron arayışından görünür ki, 21 avqust 1996-cı il tarixli Şirinov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində hərbi qeydiyyatdadır və ona rayon çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 28 aprel 2021-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir.

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 aprel 2024-cü il tarixli, 3-43-94/2-Ş-428/41/24 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, səhhəti ilə əlaqədar verilmiş möhlət hüququ bitdiyi üçün, qeydiyyatda olduğu Xidmətin Laçın rayon bölməsi tərəfindən 2024-cü ilin aprel çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi müayinələrdən keçirilmiş və səhhəti ilə bağlı 29 yanvar 2024-cü il tarixdə Akademik M.A.Topçubaşov adına X8, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmişdir. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktlar”ına müvafiq olaraq, Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndiriləcək və barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən qərar qəbul ediləcəkdir.

6. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 aprel 2024-cü il tarixli, 3-43-94/2-Ş-498/41/24 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 15 aprel 2024-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə təkrar tibbi müayinəyə cəlb olunacağı və barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”min “Xəstəliklər cədvəli”nin İ qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəyi bildirilmişdir.

7. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə dair” 24 aprel 2024-cü il tarixli, **********424 nömrəli elektron arayışından görünür ki, 21 avqust 1996-cı il tarixli Şirinov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində hərbi qeydiyyatdadır və ona rayon çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1 oktyabr 2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir.

8. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 19 may 2020-ci il tarixli, 2/8633-20 nömrəli Nümayəndə2 göndərilmiş məktubundan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən, “Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər”.

9. “Çağırış məntəqəsinə təhkim edilmə haqqında” 370 nömrəli, 2 mart 2012-ci il tarixli vəsiqə.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin Laçın Rayon Polis Şöbəsinə göndərilmiş 19 may 2021ci il, 31 yanvar 2022-ci il, 6 may 2022-ci il,1 noyabr 2022-ci il, 6 fevral 2023-cü il, 1 may 2023-cü il, 4 noyabr 2023-cü il, 11 dekabr 2023-cü il tarixli məktublarından görünür ki, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışdan yayındığı üçün onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə gətirilməsi xahiş edilmişdir.

11. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 25 iyun 2025-ci il tarixli, 3-43-96/2-505/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - İddiaçı dair 27 oktyabr 2020-ci il tarixli, 6 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”. - İddiaçı dair 22 oktyabr 2022-ci il tarixli, 6 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”. - İddiaçı dair 2 fevral 2024-cü il tarixli, 6 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”. - İddiaçı dair 16 fevral 2024-cü il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”. - İddiaçı dair 25 fevral 2025-ci il tarixli, 6 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”. - İddiaçı dair 23 oktyabr 2019-cu il, 21 fevral 2024-cü il və 4 mart 2024-cü il tarixli “Tibbi şəhadətləndirilmə vərəqi”.

12. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2 sentyabr 2025-ci il tarixli, 3-43-96/2-844/2025 nömrəli məktubu ilə göndərilmiş məlumata əsasən Şirinov X3 hərbi həkim komissiyası tərəfindən 15 aprel 2024-cü il tarixdə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

13. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində sağlamlıq vəziyyətindən asılı olaraq, Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.2-ci maddəsinə əsasən qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı təhsilini başa vurmağı ilə əlaqədar hərbi xidmətə möhlət hüququ başa çatdığı üçün 2019cu ilin iyun ayında ilk dəfə olaraq hərbi xidmətə çağırılmışdır. İlk dəfə 26 avqust 2019-cu il tarixdə hərbi həkim komissiyasından keçmişdir. İddiaçı xidmətin Laçın Rayon Bölməsində bir neçə həkimdən keçirildikdən sonra göndəriş verib, Nizami rayon 26 saylı şəhər poliklinikasına göndərilmişdir. Orada ürək müayinəsindən, qan və sidik analizlərindən keçmişdir. EKQ-müayinəsinin cavabı olaraq ürəyində “Sinus taxikardiyası; Sağ his dəstəsinin hissəvi blokadası; Sol mədəciyin elektrik keçiriciliyinin artması; Sol mədəciyin hipertrofik əlaməti” olduğu müəyyən edilmiş, həmçinin anemiya aşkarlanmışdır. Hərbi həkim komissiyasının sədri buna baxmayaraq, çağırış vərəqəsinin tərtib edilməsini tapşırmışdır. Bu zaman iddiaçı bildirmişdir ki, hərbi xidmətə getməkdən qorxmur, lakin ağciyər müayinəsindən keçmədiyini bildirmişdir. Həmçinin, sol qolu zədəli olduğundan, hətta orta çəkili əşyaları qaldırmaqda çətinlik çəkir. Bütün bu göstərdikləri xəstəliklərə dair sənədləri də hərbi həkim komissiyasına təqdim etmiş, həmin vaxtı iddiaçını hərbi xidmətə aparmamışdırlar. Bundan əlavə, iddiaçı uşaqlıqdan olan babasil xəstəliyi ilə əlaqədar M.A.Qasımov adına Respublika Mərkəzi Klinik Xəstəxanasına müayinəyə göndərilmişdir. Göndəriş əsasında həmin xəstəxanadan müayinədən keçmişdir. İddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1-ci qrafasının tələblərinə əsasən 6 ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. Həmin vaxtdan başlayaraq hər altı aydan bir iddiaçını Xidmətin Laçın Rayon Bölməsinə çağırıb orada hərbi həkim komissiyasından keçirir və sonra da M.A.Qasımov adına Respublika Mərkəzi Klinik Xəstəxanasına müayinəyə göndərmiş və oradan müayinədən keçdikdən sonra yenə də 6 ay müddətinə möhlət hüququ verilmişdir. 2024-cü ilin yanvar ayında iddiaçını Xidmətin Laçın Rayon Bölməsinə çağırıb orada həkim yoxlanışından keçirildikdən sonra göndərişlə müayinədən keçmək üçün M.A.Qasımov adına Respublika Mərkəzi Klinik Xəstəxanasına və Zərifə Əliyeva adına göz xəstəxanasına göndərilmişdir. Xidmətin Mərkəzi hərbi həkim komissiyasına çağırılmış və orada müayinədən keçirdilmişdir. Lakin müayinənin nəticəsi barədə məlumat verilməmişdir, sms vasitəsi ilə müayinənin nəticəsi barədə məlumat verilmişdir. Həmin cavabda deyilmişdir ki, 15 aprel 2024-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1 qrafasına əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Lakin iddiaçı həkim komissiyasının gəldiyi nəticə ilə razılaşmır. Sonuncu dəfə 15 aprel 2024-cü il tarixdə də Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi müayinədən keçərkən, yenə də Azərbaycan Respublikası Nazirlər kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1-ci qrafasına əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilməklə möhlət hüququ verilmişdir. Belə ki, iddiaçının ilk dəfə hərbi Xidmətin Laçın Rayon Bölməsinə çağırıldığı vaxtdan beş ilə yaxın, hərbi həkim komissiyasında müayinələrdən ilk dəfə keçdiyi vaxtdan 3 ildən çox vaxt keçmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 76, Azərbaycan Respublikası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 1, 2, 12, 15, 18, 20, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.2, 33.1, 33.2, 35.1, 73.1-ci maddələrinə istinad edilmişdir.

16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəli”nin “Qan dövranı Xəstəlikləri” sisteminin 46-cı maddəsinin (müvafiq dəyişiklikdən sonra Əsasnamənin həmin maddəsi 43-cü maddə adlanır) “B” bəndinin İ qrafasına (Babasil İİ-İİİ dərəcəli) əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilməyi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 15 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

17. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

19. Məhkəmənin 30 may 2025-ci il tarixli, 2-1(118)-1305/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tapşırılmışdır.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin oktyabr çağırışına cəlb edilərək Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş, oradan daxil olmuş müayinə aktında ona “kombinə olunmuş babasil” diaqnozu təyin edilmiş və Laçın rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 61-ci maddəsinə əsasən, 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır. İddiaçıya verilmiş möhlətin bitməsi ilə bağlı 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar həmin ilin fevral ayında Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş və oradan daxil olmuş müayinə aktında ona “kombinə olunmuş babasil” diaqnozu təyin edilmişdir. Lakin vətəndaş Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmaq üçün gəlməmiş və nəticədə baxılması mümkün olmamışdır. Yalnız 2020-ci ilin oktyabr çağırışı zamanı iddiaçı Xidmətin Laçın rayon bölməsinə gəlmiş, göndəriş əsasında Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş və oradan daxil olmuş müayinə aktında ona “kombinə olunmuş babasil” diaqnozu təyin edilmişdir. İddiaçı Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilmiş və Əsasnamənin Xəstəliklər cədvəlinin 61-ci maddəsinə əsasən 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır. 2021-ci ilin aprel ayında verilmiş möhlətin bitməsi ilə bağlı komissiyadan keçirilməsi zərurəti ilə əlaqədar iddiaçı Xidmətin Laçın rayon bölməsinə dəvət olunmuş, lakin gəlməmişdir. 2021-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək şəxs Xidmətin Laçın rayon bölməsinə gəlməmiş və onun tibbi müayinəsinin keçirilməsi mümkün olmamışdır. Bununla bağlı Xidmətin Laçın rayon bölməsi tərəfindən müvafiq tədbirlər görülmüş, aidiyyəti hüquq mühafizə orqanlarına müraciətlər olunmuşdur. Yalnız 2024-cü ilin aprel ayında iddiaçının Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilməsi mümkün olmuş və nəticədə Əsasnamənin Xəstəliklər cədvəlinin 48-ci maddəsinə əsasən 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. İddiaçıya 3 dəfə çağırışa möhlət (hər dəfə 6 ay olmaqla) verilmişdir. 2021-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək şəxs Xidmətin Laçın rayon bölməsinə gəlməmişdir. Şəxs qaçıb gizləndiyi və ya digər səbəblərdən şəxsin olduğu yerin müəyyən edilməsi mümkün olmadıqda qanunvericiliklə müəyyən olunmuş müddət axımı dayanmış hesab olunur. Beləliklə, şəxsin gəlmədiyinə və gəlmədiyi üçün onun tibbi müayinəsinin keçirilməsinin mümkün olmadığına əsaslanaraq bildirilir ki, qanunvericiliklə nəzərdə tutulmuş 3 il müddət tamam olmamışdır. Odur ki, hazırkı vəziyyətdə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilməsi mümkün deyildir. Həmçinin qeyd edilməsi zəruridir ki, Qanunun 20.1-ci maddəsindən də göründüyü kimi, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Şəxsə verilmiş çağırışa möhlət onun müalicə olunması məqsədilə verilir və şəxs bu dövr ərzində müalicə (əməliyyat) olunmamış, bununla da müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınmağa cəhd göstərmişdir. Bundan əlavə, iddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır.

22. Etirazın maddi hüquqi əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 20.1, 20.2, 20.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.8, 2.17, 8.1.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1, 35.3, 54.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq müayinənin nəticəsindən sonra verilmiş 15 aprel 2025-ci il tarixli qərarla razılaşmadığını, tələbinin dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək, ehtiyata keçirilmə barədə qərar qəbul edilməsi ilə bağlı olduğunu, xəstəliyinin bəhs edilən “Ç” kateqoriyasına aid olmadığını, xəstəliyinə uyğun şəhadətləndirilmənin düzgün aparılmadığını, öncəliklə həzm sistemi ilə bağlı xəstəliklər olaraq qeyd olunduğunu, lakin xəstəliyinin qan dövranı xəstəliklərinə aid olduğunu, xəstəliyinin 43-cü maddə də, “B” yazılan hissədə 1-ci qrafikin “C” bəndində göstərildiyini, orada konkret altı aylıq möhlətin nəzərdə tutulmadığını, yanlışlıqla “Ç” bəndinin verildiyini, hazıradək müxtəlif yerlərdə müayinə və yoxlanışdan keçdiyini, xəstəliyinin ikinci və üçüncü dərəcə ilə qiymətləndirildiyini, cavabdeh tərəfindən inzibati icraatın düzgün aparılmadığını, əvvəlcədən səhv maddə ilə möhlət verildiyini, dəfələrlə hərbi həkim komissiyasında yoxlanışdan keçdiyini, sağlamlıq vəziyyəti ağır olduğunu, təkrar olaraq müayinələrdən keçmək istəmədiyini, ikinci və üçüncü dərəcəli xəstəlikdən əziyyət çəkdiyinin bildirildiyini, xəstəliyinin diaqnozu və ağırlıq dərəcəsinin aydın şəkildə göstərildiyini, lakin həkim xəstəliyin bağırsaqda yerləşməsi səbəbindən yanlış maddəsini seçmiş qan-damar xəstəliyi kimi deyil, həzm sistemi xəstəliyi kimi qiymətləndirmənin apardığını, xəstəliyi üzrə möhlət hüququ ilə bağlı qanunvericilikdə hər hansı müddəanın mövcud olmadığını, hərbi xidmətə aparılmalı və ya üç illik ehtiyata keçirildiyini bildirmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların barələrində müvafiq kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildiyini, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğun elektron formada yoxlanıldığını, hərbi həkim komissiyasının qəbul etdiyi rəyin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndikdə və dəyişdirilmədikdə şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə sistem üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərildiyini, hazırkı halda rəyin inzibati akt olmadığı üçün onun mübahisələndirilməsinin mümkün olmadığını, mərkəzi hərbi komissiyasının rəyi və rayon komissiyasının qərarının dəyişdirilmədiyini, hazıradək ekspertiza mərkəzi tərəfindən hazırkı iş istisna olmaqla hər zaman vətəndaşların müayinəsi aparılaraq, müvafiq rəyin təqdim edildiyini, iddiaçıya 6 aylıq möhlətin verildiyini, lakin bir il altı aydır ki, iddiaçının hərbi xidmətdən yayındığını, dəfələrlə polisə məktub göndərildiyini, Laçın rayon bölməsi tərəfindən iddiaçının dəvət olunduğunu, lakin məktublara və müraciətlərə cavab vermədiyini, 2021-ci ilin aprel ayından, 2024-cü ilin aprel ayınadək iddiaçının Xidmətin Laçın rayon bölməsinə gəlmədiyini, qaçıb gizləndiyi və ya digər səbəblərdən şəxsin olduğu yerin müəyyən edilməsinin mümkün olmadıqda qanunvericiliklə müəyyən olunmuş müddət axımının dayanmış hesab olunduğunu, onun tibbi müayinəsinin keçirilməsinin mümkün olmadığına əsaslanaraq, qanunvericiliklə nəzərdə tutulmuş 3 il müddətin tamam olmadığını, hazırkı vəziyyətdə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verildiyini, verilmiş çağırışa möhlət onun müalicə olunması məqsədilə verildiyini, iddiaçının bu dövr ərzində müalicə yaxud əməliyyat olunmadığı üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınmağa cəhd göstərdiyini qeyd etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

26. Belə ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

27. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

29. Bundan əlavə, cavabdeh tərəfindən etirazda göstərilən iddianın düzgün cavabdehə qarşı qaldırılmadığı ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(102)-2827/2025 nömrəli qərardadına əsasən “məhkəmə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinin ayrıca hüquqi şəxs olub-olmadığını aydınlaşdırmalı, Xidmətin yerli bölmələrinin onun strukturunun bir hissəsi olaraq ümumən Xidmətə aid edilmiş səlahiyyətlərin icrasında iştirak etdiyini nəzərə almaqla iddianın düzgün cavabdeh kimi Xidmətə qarşı qaldırılması məsələsini müzakirə etməlidir.” Belə ki, məhkəmə, qeyd edilən kassasiya instansiyası məhkəməsinin mövqeyinə və iş üzrə müəyyən edilmiş hallara, əsaslanaraq hesab edir ki, hazırkı iddia düzgün olaraq cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırılmış, bununla da cavabdehin iddiaya cavab verməli olması mümkünlük şərtini ödəmişdir.

İddianın ərazi aidiyyəti:

30. Cavabdeh orqan etirazında iddiaçının hərbi qeydiyyatının Xidmətin Laçın rayon bölməsində olduğunu, qərarın həmin bölmə tərəfindən qəbul edildiyini və Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən həmin qərarın təsdiqləndiyini nəzərə alaraq bildirmişdir ki, hazırkı iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır.

31. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(102)- 2827/2025 nömrəli “ərazi aidiyyətinin müəyyən edilməsi” barədə qərardadına əsasən “19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 20. Beləliklə, qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir. 21. İddiaçı şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən Laçın rayonunda qeydiyyatda olsa da, Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında müvəqqəti qeydiyyata alınmışdır. 22. Hazırkı iş üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 4 ünvanında yerləşir.23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə kompensasiya tələbinə dair iddia olduğundan və cavabdehin yerləşdiyi ünvan, yəni Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.”

33. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Laçın rayonundan məcburi köçkündür və ünvan 6 ünvanında müvəqqəti məskunlaşmışdır (AA seriyalı, 275510 nömrəli “Məcburi köçkün vəsiqəsi”, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq bölməsinin 12 mart 2025-ci il tarixli, 011386 nömrəli arayışı).

34. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

35. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğu üçün iddia tələbi iddiaçının yaşayış yeri üzrə baxılmalıdır. İddiaçının yaşayış yeri Sumqayıt şəhərində olduğuna görə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyətinə aiddir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

36. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

37. İddiaçı tələbini onunla əsaslandırır ki, onda mövcud olan xəstəlik cavabdeh tərəfindən səhv olaraq həzm sistemi xəstəliyi kimi müəyyən edilmiş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”si ilə nəzərdə tutulmuş “Ç” kateqoriyasına aid edilərək hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Lakin xəstəliyi qan dövranı xəstəliklərinə aid olduğu üçün o, “C” kateqoriyası üzrə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməlidir.

38. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçıya müvafiq müayinələr nəticəsində hər dəfə 6 ay olmaqla 3 dəfə çağırışa möhlət verilmiş, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu ilə nəzərdə tutulmuş 3 il müddət tamam olmamışdır. Odur ki, hazırkı vəziyyətdə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilməsi mümkün deyildir.

39. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 20.3. Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X5) üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və “B”, “C”, “Ç” və “D” kateqoriyalarından birinə dəyişdirilmədikdə “A” kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair VEİS-də elektron sənəd formasında formalaşdırılan müvafiq rəy komissiya üzvlərinin elektron imzası ilə təsdiq edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. (-) 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar.

41. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı 2019-cu ilin oktyabr çağırışına cəlb edilərək Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş, oradan daxil olmuş müayinə aktında ona “kombinə olunmuş babasil” diaqnozu təyin edilmiş və Laçın rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sində olan “Kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmaları” xəstəliyi əsasında 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır.

42. İddiaçıya verilmiş möhlətin bitməsi ilə bağlı 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar həmin ilin fevral ayında Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş və oradan daxil olmuş müayinə aktında ona “kombinə olunmuş babasil” diaqnozu təyin edilmişdir. Lakin vətəndaş Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmaq üçün gəlməmiş və nəticədə baxılması mümkün olmamışdır.

43. 2020-ci ilin oktyabr çağırışı zamanı iddiaçı Xidmətin Laçın rayon bölməsinə gəlmiş, göndəriş əsasında Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş və oradan daxil olmuş müayinə aktında ona “kombinə olunmuş babasil” diaqnozu təyin edilmişdir. İddiaçı Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilmiş və yuxarıda qeyd edilən xəstəlik əsasında 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır.

44. 2021-ci ilin aprel ayında verilmiş möhlətin bitməsi ilə bağlı komissiyadan keçirilməsi zərurəti ilə əlaqədar iddiaçı Xidmətin Laçın rayon bölməsinə dəvət olunmuş, lakin gəlməmişdir. 2021-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək şəxs Xidmətin Laçın rayon bölməsinə gəlməmiş və onun tibbi müayinəsinin keçirilməsi mümkün olmamışdır. Bununla bağlı Xidmətin Laçın rayon bölməsi tərəfindən müvafiq tədbirlər görülmüş, aidiyyəti hüquq mühafizə orqanlarına müraciətlər olunmuşdur.

45. İddiaçıya hər dəfə 6 ay olmaqla 3 dəfə çağırışa möhlət verilmiş, 2021-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək iddiaçı Xidmətin Laçın rayon bölməsinə gəlməmiş, olduğu yerin müəyyən edilməsi mümkün olmadığı üçün qanunvericiliklə müəyyən olunmuş müddət axımı dayanmış hesab olunmuşdur.

46. Yalnız 2024-cü ilin aprel ayında iddiaçının Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilməsi mümkün olmuş və nəticədə eyni xəstəlik əsasında 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır.

47. Beləliklə də, məhkəmə cavabdeh tərəfindən təqdim edilən etiraz dəlili ilə razılaşaraq bildirir ki, iddiaçının gəlmədiyinə və gəlmədiyi üçün onun tibbi müayinəsinin keçirilməsinin mümkün olmadığına görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu ilə nəzərdə tutulmuş, sağlamlıq vəziyyətindən asılı olaraq ya müddətli həqiqi hərbi xidmətə çağırılması, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılması, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə dair müvafiq qərar verilməsi üçün 3 il müddət tamam olmamış, bu səbəbdən hazırkı vəziyyətdə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilməsi mümkün deyildir.

48. Məhkəmə iddiaçı tərəfin müvafiq xəstəliyin düzgün müəyyən edilməməsinə dair iddia dəlili ilə əlaqədar bildirir ki, iddiaçının 2019-cu il tarixdə müvafiq xəstəliyi müəyyən edilərək, onun hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsinə dair Mərkəzi hərbi həkim komissiyasının qərarı mübahisələndirilməmiş, hazıradək qüvvədədir (əksini sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir).

49. Eyni zamanda, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertiza təyin edilmiş, lakin iş materiallarında tibbi sənəd və çağırış zamanı Səfərbərlik Xidmətindən iddiaçının adına “X10”ı olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən iş icrasız geri qaytarılmışdır.

50. Daha sonra iddiaçıya dair müvafiq sağlamlıq vəziyyətinin müayinə edilməsi aktlarının və tibbi şəhadətləndirilmə vərəqələrin iş materiallarına əlavə edilməsinə baxmayaraq, iddiaçı tərəf ekspertizanın təyin edilməsinə etiraz etmiş, həmçinin ilk ekspertizanın keçirilməsi məqsədilə təyin edilmiş müayinədən keçməkdən imtina etmişdir. Bununla da iddiaçının hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, ona münasibətdə qəbul edilmiş qərarın xəstəliyinə uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə tərəfindən mümkün olmamışdır.

51. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

52. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

53. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd edilənləri işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, hazırkı iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

NƏTİCƏVİ HİSSƏ

54. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar