Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1306/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması və natura şəklində qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 18 mart 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı şəhərində yerləşən 1,5 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 16 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 0,67 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 16 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 0,33 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinin 27 iyun 2024-cü il tarixli, 5-75/2-380/2024 nömrəli məktubundan görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı yolunun kənarında yerləşən ərazidə yaşıllıq zolağı salınması zamanı İddiaçı məxsus torpaq sahələrinin müəyyən hissəsinə ağac əkilmişdir. Sərxarı Osmanov ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət təqdim etmiş, icra hakimiyyətindən onə yaşıllıq zolağına daxil edilmiş torpaq sahəsinin əvəzlənməsi təklif olunmuşdur.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhərində və Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus 2,5 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini nəzərə alaraq həmin torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməklə boşaldılması və natura şəklində iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycanın tanınmış şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 2019-cu ilin dekabr ayında cavabdeh tərəfindən keçirilən tədbir zamanı Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı yolunun sağ tərəfində yerləşən ərazidə yaşıllaşdırma işləri aparılıb ağaclar əkilərkən iddiaçıya məxsus 2,5 ha ölçüdə torpaq sahələri zəbt edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələri üzərində yaşıllaşdırma işləri apararkən cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmişdir. Zəbt edilmiş torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməklə boşaldılması və natura şəklində özünə qaytarılması barədə 29 mart 2023-cü il və 20 dekabr 2023-cü il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, lakin müraciətləri cavabdeh tərəfindən alınsa da, problemi bu günə kimi həll edilməmişdir. Ona görə də cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
9. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, məhkəmənin hazırlıq iclası təyin edilmiş, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
İddia tələbinə qarşı etiazın dəlilləri
10. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən Bakı-Şamaxı yolunun kənarında yerləşən ərazidə yaşıllıq zolağının salınması zamanı iddiaçıya məxsus torpaq sahələrinin müəyyən hissəsinə ağac əkilmişdir. Cavabdeh iddiaçıya yaşıllıq zolağına daxil edilmiş torpaq sahəsinin əvəzlənməsini təklif etməkdədir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, 2019-cu il tarixdə Şamaxı rayonunda keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığı əsasında yaşıllaşdırma qurumu tərəfindən yaşıl ağacların əkilməsi həyata keçirilmişdir. Cavabdeh orqan iddiaçıya yaşıllıq zolağına daxil edilmiş torpaq sahəsinin əvəzlənməsini təklif etmiş, lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Mövcud vəziyyətdə ağacların çıxarılması və torpaq sahəsinin natura formasında, əvvəlki vəziyyətində geri qaytarılmasın mümkün deyildir, çünki ağacların yerindən çıxarılması üçün, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət daxil olur, daha sonra yalnız müvafiq Nazirlik və onun səlahiyyətli qurumu icazə verdikdən sonra həmin quruyan ağacın çıxarılması baş tutur. Qeyd etmişdir ki, sahənin boşaldılması cavabdeh orqanın səlahiyyətlərinə aid deyildir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərini müdafiə etmiş, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İzahat verərək həmçinin bildirmişdir ki, zəbt edilmiş torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməklə boşaldılmasını və natura şəklində özümə qaytrarılması barədə 29 mart 2023cü il və 20 dekabr 2023-cü il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, lakin müvafiq ərizələr cavabdeh orqan tərəfindən qəbul edilsə də, bu günə kimi məsələ həll olunmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
20. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
21. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
22. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
23. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
24. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
25. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
26. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
27. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)
30. İddiaçının hazırkı iddia tələbi onun mülkiyyətində olan 2,5 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini nəzərə alaraq, əvvəlki vəziyyətə gətirilməklə boşaldılması və natura şəklində iddiaçıya qaytarılmasından ibarətdir. Həmçinin iddia ərizəsindən müəyyən edilir ki, əsas mübahisə halı qeyd edilmiş torpaq sahəsində yaşıllaşdırma işləri aparılıb ağacların əkilməsi ilə əlaqədardır. Hazırda da iddiaçı əkilmiş ağacların çıxarılmasını və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarımasını tələb edir.
31. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qaldırılmış iddia tələbinin icrası hazırkı halda iddiaçı tərəfindən qoyulmuş cavabdeh orqan tərəfindən mümkün deyildir.
32. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Cavabdehin səlahiyyətli nümayəndəsi izahatında da bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi mövcud olmadığda, cavabdeh orqan tərəfindən ağaclarının çıxarılması mümkün deyildir.
33. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən və iddiaçının verdiyi izahatından müəyyən edilir ki, tərəfindən müvafiq inzibati orqana müraciət edilməmiş, yaşıllıqların götürülməsi üçün rəy verilməmişdir. Odur ki, hazırkı halda yaşıllıqların götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi mövcud olmadığı üçün məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə münasibətdə iddia tələbi mümkün hesab edilə bilməz.
34. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardım edilərək izah edilir ki, ilk öncə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunaraq, yaşıllıqların götürülməsinə dair rəy alınmalı, müvafiq rəy verildiyi təqdirdə iddiaçı tərəfindən hazırkı tələb ilə cavabdeh orqana müraciət edilə bilər.
35. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
36. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı şəhərində və Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus 2,5 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini nəzərə alaraq həmin torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməklə boşaldılması və natura şəklində iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova