Məhkəmə qərarları › İş №2-1(118)-1308/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1308/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1308/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı regional ərazi filialına qarşı cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının hesablanması öhdəliyin qoyulmasına dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının hesablanması öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, 15 yanvar 1956-cı il tarixdə Qusar rayonun Əvəcuq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 04 dekabr 1973-cü il tarixindən başlamaqla 03 dekabr 1999-cu il tarixinədək müxtəlif müəssisə və idarələrdə işləmişdir. Onun ümumilikdə həmin illər üzrə 25 il 5 ay sığorta stajı vardır. 15 yanvar 2021-ci il tarixdə onun 65 yaşı tamam olmuş və yaşa görə pensiya hüququ yaranmışdır. O yaşa görə pensiya təyin olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi idarəsinə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar o 25 il 5 aylıq sığorta stajını təsdiq edən əmək kitabçası, iş yeri və əmək haqqı barəsində arayışları cavabdehə təqdim elmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi idarəsi onun müraciətinə 04 may 2021-ci il tarixli **********5 saylı məktubla cavab verərək ona yaşa görə pensiya təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasın onun 04 dekabr 1973-cü ildən 14 may 1974-cü ilədək Qusar rayonunun sabiq K.Marks adına sovxozunda fəhlə işlədiyi dövr üçün sığorta stajının (işə qəbul və işdən çıxma əmrlərinin) əmək kitabçasına qeyd edilməməsi ilə, habelə 26 avqust 1986-cı il tarixdən 03 dekabr 1999-cu il tarixədək Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər aparılsa da, Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsinin əmrlər kitabının və şəxsi hesab kitablarının arxivə təhvil verilmədiyindən onun həmin idarədə işləməsi haqqında hər hansı bir məlumatın olmaması ilə əsaslandırmışdır. Cavabdeh ona bildirmişdir ki, həmin səbəblərdən onun 04 dekabr 1973-cü ildən 14 may 1974-cü ilədək Qusar rayonunun sabiq K.Marks adına sovxozunda fəhlə işlədiyi dövrün və 26 avqust 1986-cı il tarixdən 03 dekabr 1999-cu il tarixinədək Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işlədiyi dövrün iş stajına daxil edilməsi mümkün deyildir. O, cavabdehin imtinasına etiraz olaraq bildirir ki, onun 04 dekabr 1973-cü ildən 14 may 1974-cü ilədhk Qusar rayonunun sabiq K.Marks adına sovxozunda fəhlə işlədiyi dövr üçün sığorta stajı (işə qəbul və işdən çıxma əmrləri) əmək kitabçasına qeyd edilməsə də o, cavabdehə həmin dövr üçün iş stajı və əmək haqqı barəsində Qusar rayon Dövlət Arxivinin verdiyi 27 aprel 2021-ci il tarixli 123 saylı arayışını təqdim etmişdir. 26 avqust 1986-cı il tarixdən 03 dekabr 1999-cu il tarixinədək Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işlədiyi dövrün sığorta stajı əmək kitabçasında qeyd edilmişdir. Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsi tərəfindən əmrlər kitabının və şəxsi hesab kitablarının arxivə təhvil verilməməsi onu həmin dövr üçün sığorta stajından məhrum edə bilməz, (Çünki həmin sənədlərin arxivə təhvil verilməməsi onun məsuliyyətinə aid məsələ deyildir. Bundan əlavə o, cavabdehə Qusar rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsində işləməsi, həmin dövrə aid əmək haqqı barəsində arayışları təqdim etmişdir. Onun cavabdehə təqdim etdiyi həmin sənədlər nəzərə alınmaqla cavabdeh tərəfindən ona yaşa görə pensiya təyin olunmalıdır. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu, 04.12.1973-cü il tarixdən 03.12.1999-cu il tarixədək müxtəlif müəssisə və idarələrdə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bu səbəblə də, İddiaçı işlədiyi illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 iİ sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Onun kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İşin mübahisələndirilməyən halı iddiaçının 31.05.1974 - 16.06.1976-cı illərdə hərbi xidmətdə olduğu dövrdür. İlk növbədə qeyd etmək istərdik ki, 06.09.2020-ci il tarixli 309/40 nömrəli arxiv arayışına əsasən iddiaçının 1977 - 1978, 1980 - 1981, 1984 - 1991-ci illərdə Əhaliyə Məişət Xidməti İstehsalat Birliyində işləməsi və əmək haqqı alması barədə qeydlər mövcuddur. Arxiv arayışındakı qeydlərdə 1989-cu ilin sentyabr ayının əmək haqqı cədvəllərində Bayramov soyadında qaralama olduğu qeyd edilmişdir. X4 Xidməti Kombinatının 1979, 1982 və 1983-cü illərin əməkhaqqı cədvəlləri rayon arxivinə təhvil verilməmişdir. Eyni zamanda Qusar rayon X3 Məişət Xidməti İstehsalat İdarəsinin əmrlər və şəxsi hesab kitabları təhvil verilməmişdir. Bu məqam da, iddiaçının həmin müəssisədə işləməsi faktını şübhə altına alır. Bundan əlavə İddiaçı 04.12.1973 - 14.05.1974-cü illərdə Qusar rayonu sabiq K.Marks adına sovxozda işlədiyini iddia edir. Lakin həmin illər əmək kitabçasında qeyd edilmədiyindən sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qusar rayon Dövlət Arxivinin 27.04.2021-ci il tarixli 123 nömrəli arayışına əsasən iddiaçının Qusar rayonu sabiq K.Marks adına sovxozda işləməsi ilə əlaqədar əməkhaqqı cədvəlləri qeyd edilmişdir. Buradan görünür ki, 1973-cü ilin dekabr ayında, 1974-cü ilin yanvar - aprel aylarında iddiaçıya əməkhaqqı ödənildiyi göstərilmişdir. Qalan aylar üzrə əməkhaqqı ödəmələri qeyd edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 07956981 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 15.01.1956-cı il tarixdə Qusar rayonu Əvəcuq kəndində anadan olmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 123 saylı 27.04.2021-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı K.Marks adına sovxozun 04.12.1973-cü il tarixli əmri ilə 04.12.1973-cü ildən sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilməsi, 14 may 1974-cü ildən fəhləlikdən azad edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 123 saylı 27.04.2021-ci il tarixli arxiv arayışında İddiaçı K.Marks adına sovxozda işlədiyi dövrlərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli 309/40 saylı arxiv çıxarışından görünür ki, İddiaçı 21 noyabr 1977-ci ildən (149 nömrəli əmrə əsasən) 03.06.1991-ci il tarixədək (44 nömrəli əmrə əsasən) Qusar rayonu X4 Xidməti Kombinatında işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli 309/40 saylı arxiv arayışında İddiaçı Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövrlərdə aylar üzrə aldığı əmək haqqlarının miqdarı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 04 may 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı 15.01.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edir. Eyni zamanda iddiaçının 1977- 1978-ci illər, 1980-1981-ci illər, 1984-1991-ci illərdə Əhaliyə Məişət Xidməti İstehsalat Birliyində işlədiyi dövrləri əmək kitabçasında qeyd olunmaması səbəbindən sosial sığorta stajı kimi nəzərə almır. İddiaçının əmək kitabçasında qeyd olunan dövrlərlə bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Cavabdehlə iddiaçı arasında ona məxsus əmək kitabçasında qeyd olunan iş stajı ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Beləliklə qeyd olunan iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, onun arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar