Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1312/2022 21.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı cavabdehin 02 mart 2022-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi və doğum akt qeydində adının “Ruslan”dan “Arzuman”a, soyadının “Bayramov”dan “Qarayev”ə dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı cavabdehin 02 mart 2022-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi və doğum akt qeydində adının “Ruslan”dan “Arzuman”a, soyadının “Bayramov”dan “Qarayev”ə dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur və doğum haqqında akt qeydində adı Arzuman, soyadı Qarayev, ata adı isə İbrahim qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq 2019cu ildə Abşeron rayonu Qeydiyyat şöbəsinə müraciət edərək adının “Arzuman”-dan “Ruslan”a, soyadının “Qarayev”dən “Bayramov”a dəyişdirilməsini xahiş etmişdir. Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən müraciəti əsaslı qəbul edilərək adının “Arzuman’dan "Ruslan”a, soyadının “Qarayev”dən “Bayramov”a dəyişdirilməsinə razılıq verilmiş və bu barədə ona “adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında şəhadətnamə verilmişdir. Lakin bir neçə sənədlərində (hərbi bilet və digər) adının əvvəlki kimi qalması, həmçinin də ətrafındakı şəxslərin onu Arzuman kimi tanıması dəfələrlə çətin vəziyyətlərlə üzləşməsinə səbəb olmuşdur. Buna görə də, cavabdehə müraciət edərək doğum akt qeydində adının “Ruslan”-dan “Arzuman”a, soyadının “Bayramov”dan “Qarayev”ə dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir, lakin cavabdeh 2022-ci il 02 mart tarixli məktubla imtina etmişdir. Həmçinin də, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində olan adın, soyadın ata adının növbəti dəfə dəyişdirilməsi üçün əsasların olmadığı və bu səbəbdən də ərizənin icrası mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki müraciəti adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsi yox, əvvəlki ada və soyada qayıtma barədə idi. Göründüyü kimi cavabdeh orqan qaydaları yanlış təfsir etmişdir. Mötərizə içində qeyd olunan “ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla" cümləsində qanunverici adın, soyadın və ata adının dəyişdirilməsi ilə əvvəlki ada qayıtmanı fərqləndirmişdir. Bu hala əsasən hesab edir ki, müraciəti təmin olunmalı idi. Həmçinin qeyd edir ki, 17 yanvar 2015-ci il tarixdə Tünzalə Arif qızı ilə rəsmi nikaha daxil olmuşdur və bu nikah müvafiq qeydiyyat şöbəsində akt qeydlərində 25 nömrə ilə qeydiyyata alınmışdır. Həmin nikahdan 27 sentyabr 2014-cü il təvəllüdlü Elay və 12 may 2020-ci il təvəllüdlü Adəm adlarında övladları var. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqam ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də o, nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, AZ-İV 262552 saylı doğum haqqında şəhadətnamənin, AZ İİ 322040 saylı nikah haqqında şəhadətnamənin, notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Ruslan” , soyadı “Bayramov”, ata adı “İbrahim” kimi qeyd edilmişdir. - İddiaçıya məxsus AO ******* hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə iddiaçının adı “Arzuman”, soyadı “Qarayev”, ata adı “İbrahim” kimi qeyd edilmişdir. - AZ-İ 024192 saylı, 17 aprel 2019-cu il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X2 adı “Arzuman”dan “Ruslan”a, soyadı “Qarayev”dən “Bayramov”a dəyişdirilmişdir. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1989-cu ildə doğulmuş X1 və adının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə Arzuman Qarayevin soyadı və adı İddiaçı dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının və adının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının və adının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının və adının dəyişdirilməsinin ailə həyatında, bir neçə sənədlərində (hərbi bilet və digər) adının əvvəlki kimi qalması, həmçinin də ətrafındakı şəxslərin onu Arzuman kimi tanıması səbəbindən dəfələrlə çətin vəziyyətlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, soyadın və adın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə çətinliklərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç bir sübuta söykənməyən arqumentləridir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın hərəkətləri qanunidir, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı cavabdehin 02 mart 2022-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi, doğum akt qeydində adının “Ruslan”dan “Arzuman”a, soyadının “Bayramov”dan “Qarayev”ə dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin 02 mart 2022-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi, doğum akt qeydində adının “Ruslan”dan “Arzuman”a, soyadının “Bayramov”dan “Qarayev”ə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1312/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1312/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver