Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1314/2021 05.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon Gilah-Oba Bələdiyyəsinə qarşı “14.06.1998-ci il tarixdə vəfat etmiş atası X2 adına Qusar rayonun Gilah-oba kəndi ərazisində 1,5 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 rayonun Gilahoba kəndində anadan olmuş və 14.06.1998-ci il tarixdə həmin kənddə vəfat etmişdir. O, ölən günədək daimi olaraq orada yaşamış və daimi pasport qeydiyyatında olmuşdur. Respublikanın ərazisində 1996-cı ildən başlayaraq Aqrar İslahatlar aparıldığı zaman mərhum atası Mahmud Qusar rayonun Gilah kəndində yaşamışdır, onun adıda Gilah-oba kəndində torpaqdan pay almaq olan subyektlərin siyahısına salınmış, lakin atası 14.06.1998-ci il tarixdə vəfat etdikdən sonra onun adı siyahıdan çıxarılaraq ona pay torpaq sahəsi verilməmişdir. Atasının vəfat etdiyi günədək daimi Qusar rayonun Gilah-oba kəndində yaşaması İcra Nümayəndəsininin verdiyi arayışı ilə tam təsdiq olunur. Bununlada mərhum atasının «Torpaq İslahatı haqqmda» Azərbaycan Respublikasının 12-ci maddəsi ilə qorunan hüquqları pozulmuşdur. Həmin maddənin 2-ci bəndinə görə həmin qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər özələşdirilən torpaqlardm pay almaq hüquqlarına malikdir. Həmin Qanun 02.08.1996-cı il tarixdə qanuni güvvəyə minmiş həmin vaxt mərhum atası Qusar rayonun Gilah kəndində kəndində daimi yaşayırdı. Torpaq İslahatı zamanı atasına pay torpaq sahəsinin verilməməsi nəticəsində hüququ pozulmuşdur. Aqrar İslahatlar qurtardıqdan sonra aqrar islahat komissiyaları ləğv edilmiş və vətəndaşlara paylanmayan torpaq sahələri yerli bələdiyyələrin mülkiyyətlərinə keçmişdir. İslahat zamanı Qusar rayonunun Gilah-oba kəndi ərazisində pay torpaq sahəsi almaq hüququ olan subyektlərin hər birinə 1,5 ha torpaq sahəsi verilmişdir. Onun atası da bu həcmdə torpaq sahəsi verilməli idi. Atasına torpaq sahəsinin verilməməsinin nəticəsində onun hüquqları da pozulur. Bələ ki, atasına torpaq sahəsi verildiyi halda hazırda həmin torpaq sahəsi vərəsəlik üzrə ona keçməli idi. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Aqrar İslahatı zamanı atasının hüququ pozulduğundan ona çatası 1,5 ha torpaq sahəsi yerli bələdiyyə olan cavabdehin mülkiyyətinə verilmişdir. Atasının pozulmuş hüququnun bərpası üçün cavabdeh təşkilatlara müraciət etsə də ona imtina cavabları verilmişdir. Ona görə də hazırki idiida ərizələri ilə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinə dəqiqləşdirmə vermiş iddiaçı, cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəısıııə 27.04.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 03.05.2021-ci il tarixli **********70 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12 1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Qusar rayon Aqrar İslahat Komissiyasının 11.12.1997-ci il tarixli 17/4 saylı qərarı ilə təsdiq olunmuş Gilah oba kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 71-ci sırada mərhum X2 və dörd nəfər ailə üzvülərinin adı qeyd edilmişdir. Lakin, araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayon Aqrar İslahat Komissiyasının 12.05.2000-ci il tarixli 6/3 saylı qərarı ilə iddiaçıya və üç nəfər ailə üzvülərinin adına hazırlanmış JN-0054 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında M.Gərayevin adı qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********70 saylı, 03 may 2021-ci il nömrəli imtina məktubu, **********96 saylı, 23 iyun 2021-ci il nömrəli etirazı, arayışlar, Qusar rayon Aqrar İslahat Komissiyasının 28.10.1999-cu il tarixli 12/1 nömrəli qərarın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mərhum atasının adına mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçının atasının adına 1997-ci ildə torpaq ayrılmasına baxmayaraq, sonradan o 1998-ci ildə vəfat etdiyindən və Aqrar İslahat Komissiyasının tərtib etdiyi yeni siyahıdan mərhumun adı çıxardırıldığından mərhumun adına hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11.12.1997-ci il tarixli 17/4 saylı qərarı ilə təsdiq olunmuş Gilah oba kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 71-ci sırada iddiaçının mərhum atası X2 və dörd nəfər ailə üzvülərinin adı qeyd edilmişdir. Lakin, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1999-cu il tarixli 12/1 saylı qərarına əsasən 9 nəfərin həmin siyahıdan çıxarılması haqqında qərar qəbul edilmiş və hazırki, iddia tələbi üzrə iddiaçının atasının da adı həmin siyahıdan çıxarılmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan hüquqları dövlət qeydiyyatına alarkən təqdim edilmiş hüquqmüəyyənedici sənədləri düzgün olub-olmamasına məsuliyyət daşıyır. Hesab olunur ki, hüquqi qüvvəsini itirmiş Qusar rayon Aqrar İslahat Komissiyasının 11.12.1997-ci il tarixli 17/4 saylı qərarı əsasında mərhum X3 adına Qusar rayonunun, Gilahoba kəndində yerləşən 1,5 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyil. Həmçinin o da nəzərə alınmalıdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11.12.1997-ci il tarixli 17/4 saylı qərarı kənd sakinlərinə torpaq sahəsinin ayrılması ilə deyil, kənd sakinlərinin torpaq pay sahələri alması hüququ ilə əlaqədardır. Bu səbəbdən də cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin edilməməsində haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsirdən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “14.06.1998-ci il tarixdə vəfat etmiş atası X2 adına Qusar rayonun Gilah-oba kəndi ərazisində 1,5 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “14.06.1998-ci il tarixdə vəfat etmiş atası X2 adına Qusar rayonun Gilah-oba kəndi ərazisində 1,5 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1314/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1314/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver