Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1314/2024 24.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 57 yaşından iki nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə, ona hüququnun yarandığı vaxtdan güzəştli əsaslarla əmək pensiyaslnln təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya 57 yaşından iki nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur, hazırda 64 yaşı vardır. Onun ümumi əmək stajı 25 ildən artıqdır ki, bunun da 12 il 6 ayındən də artıq bir hissəsi zərərli iş sahəsi hesab olunur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh onun haqlı müraciətimi təmin elməmiş və ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda onun 2006-cı ilədək topladığı ümumi əmək stajının 25 ildən az olduğunu bildirmişdir. O, cavabdehin bu imtinası ilə razı deyil, belə ki, o, xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixə kimi, yəni 8 il 6 ay 05 gün «Gəncə Asfalt» ATSC-də işləmiş, lakin cavabdeh bu barədə onun əmək kitabında qeydin olmasına baxmayaraq, təqdim olunan arayışa şübhə ilə yanaşmışdır. Halbuki bu arayış həmin şirkət tərəfindən verilmiş və əmək kitabçasına da qeydə salınmışdır. Həmin müəssisənin sənədləri saxlanılan arxiv binası yandığı və arxivə təhvil verilmədiyi üçün o, bu arayışın təsdiq olunmuş surətini təqdim edə bilməmiş və cavabdeh də bu arayışda qeyd olunan əmək stajını nəzərə almayaraq, guya onun stajının az olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. O, cavabdehin pensiya təyinindən imtinasını əsassız hesab edir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən idiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa gorə əmək pensiyası hüququ vardır. C.X3 təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçası araşdırılarkən qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasında C.Changirovun xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Gəncə Asfalt” ATSC-də işlədiyi qeyd olunub. Lakin əmək kitabçasının 8-ci səhifəsinin 9-cu qeydi həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edilib. İddiaçının adıçəkilən müssəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün inzibati orqan tərəfindən aidiyyatı üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sənədlərin X5 Filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli 1 nömrəli iddiaçıya dair arayışında onun xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1996xx.xx.1997-ci il tarixləri arasındakı dövlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 4 ay 24 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2020-ci il üzrə 3 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmlalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq, iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15093,85 manat təşkil edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası; AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surəti; HЗ № ******* saylı hərbi bilet; 6563 saylı, xx.xx.1978-ci il tarixli attestat; AZ-İ № 029787 saylı, xx.xx.2020-ci il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”; “Socar” Etile-Polietilen zavodu tərəfindən verilmiş 06 saylı, xx.xx.2023-cü il tarixli arayış; "xxxx" tərəfindən tərtib edilmiş 01 saylı, 10 yanvar 2023cü il tarixli arayış, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinanın əsası kimi iddiaçının zəruri ümumi iş stajına və pensiya kapitalına malik olmamasını qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş 6563 saylı, xx.xx.1978-ci il tarixli attestatdan görünür ki, iddiaçı 01 sentyabr 1977-ci il tarixindən 01 iyun 1978-ci il tarixinədək təhsil almışdır. İş materiallarında olan HЗ № ******* saylı hərbi biletdən müəyyən edilir ki, o, 11 noyabr 1978-ci il tarixindən 29 dekabr 1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur və qeyd olunan illərin onun ümumi iş stajına daxil edilməsi halı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı 27 fevral 1981-ci il tarixindən 10 iyun 1997-ci il tarixədək, həmçinin 15 iyun 1997-ci il tarixindən 20 dekabr 2005-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, 01 mart 1995-ci i tarixindən 01 mart 1996-cı il tarixinədək, 01 aprel 1996-cı il tarixindən 01 iyun 1996-cı il tarixinədək, 01 iyul 1996-cı il tarixindən 10 iyun 1997-ci il tarixinədək ödənişsiz əmək məzuniyyətində olmuşdur. Qeyd olunan hallar Socar” Etile-Polietilen zavodu tərəfindən verilmiş 06 saylı, 06 yanvar 2023-cü il tarixli və "xxxx" tərəfindən tərtib edilmiş 01 saylı, 10 yanvar 2023-cü il tarixli arayışlarla da təsdiq olunur. Həmçinin adıçəkilən arayışlarla müəyyən edilir ki, iddiaçı 27 fevral 1981-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun birinci növbə sulfanol istehsalatında nəzarət ölçü cihazları və avtomatika üzrə çilingir peşəsində işləmişdir, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı syahı üzrə - karbohidrogenlər, onların birləşmələri – güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. O, 10 avqust 1981-ci il tarixindən 10 iyun 1997-ci il tarixinədək Azərbaycan Boruyayma Zavodunun X7 (Boruyayma-2) sexində təmirçi çilingər peşəsində işləmiş, işlədiyi müddətdə 01 mart 1995-ci i tarixindən 01 mart 1996-cı il tarixinədək, 01 aprel 1996-cı il tarixindən 01 iyun 1996-cı il tarixinədək, 01 iyul 1996-cı il tarixindən 10 iyun 1997-ci il tarixinədək ödənişsiz əmək məzuniyyətində olmuşdur, göstərilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarının 2 nömrəli siyahısının 3-cü metallurgiya istehsalatı bölməsinin 4-cü boru istehsalı və sinkləmə sexləri bəndinin (a) fəhlələr bəndinin “təmirçi çilingər” – 2040400a-18559 kodu ilə eynilik təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə xx.xx.2016-cı il tarixdən, yəni 57 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ona xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajına da malikdir. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya 57 yaşının tamam olduğu xx.xx.2016cı il tarixindən təyin edilməlidir. İddiaçıya əmək pensiyasının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddəada müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana pensiya təyin edilməsi ilə bağlı 13 fevral 2023-cü il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının hesablanması, onun müraciət etdiyi tarixdən üç il əvvəl, yəni 13 fevral 2020-ci ildən müəyyən edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 19 dekabr 2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 13 fevral 2020-ci tarixindən əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 19 dekabr 2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 13 fevral 2020-ci tarixindən əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva