Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-132/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus AO seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
2. 202206015 nömrəli cinayət işi üzrə 7 mart 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərar ilə iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.
3. İddiaçı məxsus “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalların vəsiqələri.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 21 oktyabr 2022-ci il tarixli, 1/S-9548 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikasının müdafiə nazirinə və Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisinə ünvanladığı ərizələrə (yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün təkrar olaraq bildirilmişdir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ərizə komanda üzrə məruzə edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 17 mart 2023-cü il tarixli, 1/1393 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: 5.1. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 5.2. N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün N nömrəli hərbi hissənin komandirinin “Təqdimat”ın əsaslandırılması hissəsindən görünür ki: “Gizir İddiaçı 19 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmayıb. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, tutduğu vəzifəsini layiqincə yerinə yetirmir. Təşəbbüskardırlığı zəifdir. Şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir. İradəsi, dözümlülük və etibarlıq səviyyəsi qənaətbəxş deyil, vəzifəsini tam yerinə yetirməməsi bir gizir kimi məsuliyyətinin dərk etməməsindən irəli gəlir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Qanunları və rəhbəredici sənədlərin tələblərini bilir. Tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmir. Gizir İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmir. Bir gizir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışmır. Yuxarıda göstərilənləri nəzərə alaraq gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm”. 5.3. 27 aprel 2017-ci il tarixli 1-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmət etmək istədiyini bildirmişdir. 5.4. 27 iyun 2017-ci il tarixli 2-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmətin davam etdirilməsini xahiş etmişdir. 5.5. 27 iyun 2017-ci il tarixli İddiaçı dair N nömrəli hərbi hissənin 1812-ci taborunun komandiri tərəfindən tərtib edilmiş “Xidməti xasiyyətnamə”dən görünür ki: “X2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində ona həvalə edilmiş vəzifələri və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirə bilməmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız bir gizir kimi göstərir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, vəzifəsini layiqincə yerinə yetirilməsi üçün əlindən gələni etmir. Təşəbbüskar deyil. Kollektivdə və yoldaşları arasında hörmətə malik deyil. İradəsizdir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Komandır və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmir. Bir gizir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır. Öz üzərində qətiyyən çalışmır. Ona bildirilən iradlardan nəticə cixarmamışdır. Hərbi geyim formasına diqqət göstərmir və səliqə səhmanına daimi olaraq riayət etməyə çalışmır”. 5.6. İddiaçı dair “Xidməti vərəqə”.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin 24 may 2023-cü il tarixli, 3-43-38/2-365/2023 nömrəli məktubu ilə İddiaçı şəxsi işindən çıxarışların təsdiq edilmiş surəti qoşma şəklində göndərilmişdir: 6.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı dair SQ seriyalı, ******* nömrəli “Xidmət Dəftərçəsi”. 6.2. İddiaçı “Tərcümeyi-hal”ı. 6.3. İddiaçı dair 0575 nömrəli “Attestasiya vərəqəsi”.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xidməti uyğunsuzluğa görə” görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizirlik kursuna başlamış, kursu bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət etmişdir. 2017-ci ilin may ayına qədər xidmətdə olmuş, qeyd edilən tarixdə hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində tamamilə əsassız və qanunsuz olaraq saxlanmış, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsində 2017-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçıya qarşı edilmiş bu qanunsuzluğa baxmayaraq, 2020-ci il 24 oktyabr tarixdə səfərbərliklə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində iştirak etmişdir. Nəticədə 5 noyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixlərdə Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, həmin rayonun işğaldan azad edilməsi üçün hərbi xidmət fəaliyyəti göstərmişdir. Nəticədə Vətən müharibəsində iştirakla bağlı müvafiq medallarla təltif olunmuşdur. Həmin dövrdə, yəni 2017-ci ilin may-iyul aylarında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında razı olmasa da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə elə bir vəziyyət yaranmışdır ki, harasa müraciət edib haqqı tələb etmək imkanı sadəcə mövcud deyildir. Qanunsuz olaraq saxlanılmış, sonradan sərbəst buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçıya şikayət etməməyi üçün hədə-qorxu gəlinmiş, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdur. Bundan başqa, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı məsələni məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçıya qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət həm iddiaçının, həm də digər zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaq Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da ifadə vermiş, ona məlum olan hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmağı ilə bağlı məlumat vermişdir. Nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin 7 mart 2022-ci il tarixli qərarı ilə qanunsuz saxlanıldığı və ağılasığmaz işgəncələrə məruz qaldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu qərar iddiaçıya Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 2022-ci ilin iyul ayında təqdim olunmuşdur. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan dərhal sonra iddiaçı cavabdehə 2022-ci ilin iyul ayında ərizə ilə müraciət edərək, 11 iyul 2017-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının xidməti uyğunsuzluqla ehtiyata buraxılmağının səbəbini göstərə bilməmişdir. 2017-ci ilin iyul ayında da bu əmr iddiaçıya elan edilməmiş, onun mahiyyəti indiyə qədər aydın deyildir. Əmrin sadəcə sorğu-suala cəlb edilməyilə bağlı olduğunu bildirib, ehtiyata buraxmışdılar. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassızdır. İddiaçı həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə, həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti ləkələnmişdir. 2017-ci ilin may-iyun ayları ərzində qanunsuz saxlanılmış qeyri-insani rəftara və ağır işgəncələrə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçı da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. 2017-ci ildə əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı, işgəncələrə məruz qalmağı iddiaçının iş fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmış, səhhətində ciddi problemlər yaranmışdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.3, 53, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11, 24, 58.1, 67, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162, 165-ci maddələrinə, “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nın 1, 9-cu bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.2, 32.1, 70-ci maddələrinə istinad olunmuşdur.
10. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında 11 iyul 2017-ci il tarixli, 0223gm saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 20 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. Belə ki, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 11 iyul 2017-ci il tarixli müvafiq əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin iddiaçı inzibati orqanın 11 iyul 2017-ci il tarixli əmrini 5 il sonra mübahisələndirmişdir. Bununla da iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir.
15. Etirazın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377- 1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3, 2.3-cü bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 35.1, 37.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq hazırda əmək fəaliyyəti ilə məşğul olmadığını, gələcəkdə hərbiçi kimi fəaliyyətini davam etdirmək istədiyini bildirmiş, Nəsimi Rayon Məhkəməsində kompesasiya məsələsinin müzakirə olunduğunu və onun xeyrinə məhkəmə aktı çıxarılaraq, 7000 manat kompensasiyanın ödənilməsinin müəyyən edildiyini qeyd etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
25. Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
27. Məhkəmənin 15 aprel 2025-ci il tarixli, 2-1(118)-132/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
Tətbiq edilən hüquq
28. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; (-) Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. (-)
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. (-) İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
29. Azərbaycan Respublikası Silahlı X1:
Hərbi intizamın pozulmasına görə cəzalar
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. (-) Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır.
Gizirlərə və miçmanlara verilən intizam cəzaları
61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; (-) ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. (-) İntizam cəzalarının verilmə qaydası
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. (-)
93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-) 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (-) 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. (-)
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
31. İPM-in müvafiq müddəalarına əsasən:
58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
33. İddiaçı tərəfin mövqeyinə görə, o, 2010-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizirlik kursuna başlamış, kursu bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət etmişdir. 2017-ci ilin may ayına qədər xidmətdə olmuş, qeyd edilən tarixdə hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində tamamilə əsassız və qanunsuz olaraq saxlanmış, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Qanunsuz olaraq saxlanılmış, sonradan sərbəst buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi, iddiaçıya şikayət etməməyi üçün hədə-qorxu gəlinmiş, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdur. Bundan başqa, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı məsələni məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçıya qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməli idi. Nəticədə həm iddiaçının, həm də digər zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaq Qrupu yaradılmışdır. Baş Prokurorluğun İstintaq İdarəsinin 7 mart 2022-ci il tarixli qərarı ilə qanunsuz saxlanıldığı və ağılasığmaz işgəncələrə məruz qaldığı üçün iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan dərhal sonra iddiaçı cavabdehə 2022-ci ilin iyul ayında ərizə ilə müraciət edərək, 11 iyul 2017-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab edir.
34. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qusar rayon hərbi komissarlığı tərəfindən 9 oktyabr 2006-cı il tarixdə hərbi xidmətə çağırılmış, 9 aprel 2008ci il tarixdə Daxili İşlər Nazirliyinin 20 mart 2008-ci il tarixli, 148 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin rəisinin 6 oktyabr 2010cu il tarixli, 278 nömrəli əmrinə əsasən kursant, 7 mart 2011-ci il tarixdən N nömrəli hərbi hissədə atəş şəhərciyinin rəisi, 4 iyul 2011-ci il tarixdən N nömrəli hərbi hissədə tankodrom rəisi – avtodrom rəisi, 6 yanvar 2014-cü il tarixdən N nömrəli hərbi hissədə 7043-cü motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, 19 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissədə 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini vəzifələrində həqiqi hərbi xidmət keçmiş, 23 may 2016-cı il tarixdə xidmət müddəti 7 mart 2021-ci il tarixədək uzadılmış, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
35. Eyni zamanda müəyyən edilir ki, iddiaçı ********* nömrəli cinayət işi üzrə 7 mart 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərar ilə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
36. Beləliklə, hazırda aydınlaşdırılmalı məsələ cavabdeh iddiaçının həqiqi hərbi xidmətə uyğun olmaması nəticəsinə gələn zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirib-keçirməməsindən ibarətdir.
37. Yuxarıda sadalanmış normaların məzmunundan aydın olur ki, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
38. Eyni zamanda, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. İnzibati orqan diskresion səlahiyyətinə əsaslanaraq inzibati akt qəbul edəcəyi halda, inzibati aktını qanunun güddüyü məqsəd çərçivəsində əsaslandırmalı və hüquqi aktlarla müəyyən olunmuş hüdudlar daxilində hərəkət etməlidir.
39. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərinə əsasən müvafiq akt qəbul edərək, həmin aktı kifayət qədər əsaslandırmalıdır. Hazırkı mübahisə predmeti olan cavabdehin əmrin verilməsinə əsas olmuş N nömrəli hərbi hissənin komandirinin təqdimatı (§5.2) iddiaçının “xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmadığı, tutduğu vəzifəsini layiqincə yerinə yetirmədiyi və s.” yalnız sözlə ifadə olunan nöqsanlar olmasını və hər hansı bir sübut və ya dəlillə təsdiq edilməmişdir.
40. İddiaçı barəsində olan təqdimatda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi üçün əsas olmuş təqdimatı hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirə bilməz.
41. Belə ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın verilməsini şərtləndirən faktiki əsasları inzibati aktında və məhkəmə icraatında iddiaya qarşı münasibətində bildirməmişdir.
42. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya qarşı tətbiq edilmiş cəza tədbiri çox sərt olmaqla yanaşı, həm də əsassızdır və daha yüngül cəza tədbirinin tətbiq edilməsi düzgün və ədalətli ola bilərdi.
43. İş materiallarına əlavə edilmiş iddiaçının xidməti vərəqəsindən görünür ki, barəsində qeyd edilən nöqsanlar (verilən tapşırığın vaxtında icra etməməsi, geyim formasının səligəsiz olduğu, göstərilən çatışmamazlığın aradan qaldırılmaması və s.) müvafiq olaraq cəzalandırılmış, hər biri üçün şiddətli töhmət, xəbərdarlıq, töhmət kimi cəza növləri tətbiq edilmişdir.
44. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1”nin 88-ci maddəsindən göründüyü kimi, eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək qadağan olunmuşdur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(102)-249/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və qanunçuluğun təmin edilməsi məqsədləri, habelə konstitusion əhəmiyyət daşıyan digər məqsədlər üçün qanunverici hüquqi məsuliyyətin bu və ya digər növünü müəyyən edərkən universal xarakter daşıyan və mahiyyətinə görə konstitusion hüquq qaydasının əsaslarına aid olan prinsipləri rəhbər tutmağa borcludur. Belə prinsiplərdən biri də Roma hüququndan gələn və hamılıqla qəbul olunmuş “Non bis in idem” (eyni bir xətaya görə iki dəfə) prinsipidir. Həmin prinsipin mahiyyəti baxımından, eyni bir xətaya görə iki tənbeh tədbiri tətbiq oluna bilməz və bir tənbeh tədbiri yetərli sayılmalıdır.
33. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt da eyni xətaya görə ikiqat tənbeh tədbirinin tətbiqindən şəxsin müdafiəsinə təminat verir. Odur ki, eyni xətaya (hüquqazidd əmələ) görə təkrar hüquqi məsuliyyətə cəlbetmənin yolverilməzliyi baxımından qeyd olunan prinsip xüsusi əhəmiyyət kəsb edir.
34. Həmin prinsipin tətbiqi sferası cinayət və inzibati xəta hüququ ilə məhdudlaşdırıla bilməz və eyni qaydada digər məsuliyyət tədbirlərinin, o cümlədən intizam tənbehi tədbirinin tətbiqi zamanı da nəzərə alınmalıdır. Bu mənada “Non bis in idem” prinsipi hazırkı mübahisəyə münasibətdə də tətbiq edilməlidir.”
46. Məhkəmə həmçinin qeyd etmək zəruri hesab edir ki, iddiaçının 2010-cu ildən mövcud olan həqiqi hərbi xidmət dövrü ərzində yuxarıda göstərilmiş və cəzalandırılmış nöqsanlar 31 oktyabr 2016-cı il tarixdən 19 may 2017-ci il tarixədək olan dövr üçün qeyd edilmişdir (iddiaçının istinad etdiyi müvafiq hadisələr ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanındığı dövr). Həmçinin, iddiaçı ehtiyata buraxıldığından sonra 24 oktyabr 2020-ci il tarixdə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində, Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medallar ilə təltif olunmuşdur.
47. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halları ətraflı araşdıraraq, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən əmr qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir.
48. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmri iddiaçıya aid olan hissədə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
49. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında 11 iyul 2017-ci il tarixli, 0223gm saylı əmri İddiaçı aid olan hissədə ləğv edilsin. İddiaçı işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova