Məhkəmə qərarları › İş №2-1(118)-1321/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1321/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1321/2021 12.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 2 saylı regional ərazi filialına qarşı “cavabdehin imtinasının etibarsız hesab edilməsi və Qusar rayon Dövlət arxivinin arxiv arayışları ilə təsdiqlənən 01.03.1996-cı ildən 01.09.1998-ci ilə kimi Qusar rayonun Hil-Oba X2 işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 15 avqust 1955-ci ildə Qusar rayonunun Hil kəndində anadan olmuşdur, hazırda həmin kənddə ailəsi birlikdə yaşayır. Əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 02.02.1976-cı ildə onun adına əmək kitabçası tərtib edilmişdir. Şərh olunan əmək kitabçasında 13.01.1976-cı ildən 11.03.1996-cı ilə kimi əmək fəaliyyəti əks olunmuşdur. İddiaçı 11.03.1996-cı il tarixli 29 saylı əmrə əsasən Hil-oba təsərrüfatının ayrılması ilə əlaqədar sovxozun “Lenin adına sovxoz” baytar feldşer işindən azad olunmuşdur. 01.03.1996-cı il tarixli 2 saylı əmrə əsasən Hil-oba birgə kəndli təsərrüfatına baytar həkimi təyin olunmuş, həmin vəzifədə 1998-ci ilin oktyabr ayına kimi işləmişdir. Hil-oba kəndli təsərrüfatı 1998-ci il tarixdə ləğv edilmiş, bu barədə 01 sentyabr 1998-ci il tarixli 28 saylı əmr verilmiş, həmin əmrdə heyvandarlıq sahəsində çalışan fəhlələrin işdən azad edilməsi göstərilmiş, lakin əmrdə mütəxəssislər qeyd olunmamışdır. Bu səbəbdən də Hil-oba X2 işlədiyi dövr əmək kitabçasında yazılmamışdır. Lakin Hil-oba Birgə kəndli təsərrüfatının 1996-1999-cu illərin şəxsi hesab kitablarında adına son əmək haqqının ödənilməsi 1998-ci ilin oktyabr ayında qeyd edilmişdir. Göstərilən illər üzrə əmək fəaliyyəti Qusar rayonu Dövlət Arxivinin 19.08.2019-cu il tarixli, 288 saylı Arxiv arayışı, həmçinin, həmin arxivin 11 may 2020-ci il tarixli 114 saylı arxiv arayışı ilə təsdiqlənir. İddiaçı cavabdeh təşkilata pensiya təyinatı üçün ərizə vermiş, cavabdeh isə 04.05.2021-ci il tarixli **********6 saylı məktubu ilə 01.03.1996-cı ildən 01.10.1998-ci ilə kimi Qusar rayonunun Hil-oba X2 işləyidiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrü iş stajına daxil etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək onun 01.09.1970-ci ildən 25.05.1973-cü ilə kimi Quba 103 nömrəli X6 Məktəbində “baytar-feldşer” ixtisası üzrə təhsil aldığı dövrü, 01.11.1973-cü il tarixdən 11.12.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövrü və 01.03.1996-cı ildən 01.09.1998-ci ilə kimi Qusar rayonun Hil- Oba X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 15.08.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olub, onun yaşa görə əmək pensiyası almaq hüququ 15.08.2020-ci ildə yaranmışdır. Cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən İddiaçı əmək kitabçasında qeyd olunan 13.01.1976-cı il tarixdən 11.03.1996- cı il tarixədək Qusar rayon Hil-oba X2 işlədiyi illər onun sosial sığorta stajına əlavə edilsə də, iddiaçının əmək kitabçasında qeyd olunmayan lakin Qusar rayon Dövlət Arxivinin 114 saylı arxiv arayışı ilə təsdiq olunan 1996-cı ildən 1998-ci ilin oktyabr ayınadək Qusar rayonu Lenin adına sovxozu və Hil-oba X2 işlədiyini iddia etdiyi illəri və 01.09.1970-ci ildən 25.07.1973-cü ilədək təhsil aldığı, 01.11.1973-cü ildən 11.12.1975-ci ilədək həqiqi hərbi xidmətdə olduğu illər onun sosial sosial sığorta stajına əlavə olunmamışdır. Cavabdeh inzibati orqanın vətəndaş barəsində qəbul etdiyi inzibati akt əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Bu qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Qusar rayon Dövlət Arxivinin 19.08.2019cu il tarixli, 288 nömrəli, 11.05.2020-ci il tarixli 114 nömrəli arxiv çıxarışı, iddiaçıya məxsus 02.02.1976-cı il tarixdə qeydə alınmış əmək kitabçasının surəti, Quxuroba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 310 nömrəli, 17.05.2021-ci il tarixli arayışı, cavabdehin 04.04.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslı iddiadır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 01.09.1970-ci ildən 25.05.1973-cü ilə kimi Quba 103 nömrəli X6 Məktəbində “baytar-feldşer” ixtisası üzrə təhsil aldığı dövrü, 01.11.1973-cü il tarixdən 11.12.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövrü və 01.03.1996-cı ildən 01.09.1998-ci ilə kimi Qusar rayonun Hil-Oba X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh inzibati oraqandan xahiş etmiş, lakin cavabdeh iddiaçının Hil-oba X2 işlədiyini iddia etdiyi illəri əmək kitabçasında qeyd olunmadığına görə onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə- İxtisas Təhsili Müəssisəsi X5 104 saylı, 06.05.2021-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də 1970-ci ildə Quba 103 №-li X6 məktəbinə “Baytar-feldşer” ixtisası üzrə qəbul olunmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir. Təhsil müəssisəsi tərəfindən İddiaçı verilmiş 084927 nömrəli diplomda soyadı texniki səhv olaraq İbrahimxəlilov kimi qeyd olunmuşdur. Onun NЖ №23954 saylı doğum haqqında şəhadətnaməsini, AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsi əsas tutaraq İbrahimxəlilov yox, İbrəmxəlilov kimi oxunmalıdır. Bundan əlavə iddiaçıya məxsus hərbi biletin surətinin 16-cı səhifəsindən müəyyən olunur ki, iddiaçının soyadı, adı, atasının adı İddiaçı düzgün sayılsın. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 01.09.1970-cı il tarixdən 25.05.1973-cü illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində və texnikumda təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya qeyd olunan qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumi iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək stajı ümumilikdə 25 ildən çox təşkil edir. (təhsil, hərbi xidmət və işlədiyi illər). Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayından sonrakı dövrlərə görə kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan yaşa görə əmək pensiyası hüququnu 15.08.2020-ci il tarixindən əldə etmiş olur. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 2 saylı regional ərazi filialına qarşı onun 01.09.1970-ci ildən 25.05.1973-cü ilə kimi Quba 103 nömrəli X6 Məktəbində “baytar-feldşer” ixtisası üzrə təhsil aldığı dövrü, 01.11.1973-cü il tarixdən 11.12.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövrü və 01.03.1996-cı ildən 01.09.1998-ci ilə kimi Qusar rayonun Hil-Oba X2 işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 15.08.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01.09.1970-ci ildən 25.05.1973-cü ilə kimi Quba 103 nömrəli X6 Məktəbində “baytar-feldşer” ixtisası üzrə təhsil aldığı dövrü, 01.11.1973-cü il tarixdən 11.12.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövrü və 01.03.1996-cı ildən 01.09.1998-ci ilə kimi Qusar rayonun Hil-Oba X2 işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 15.08.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar