Məhkəmə qərarları › İş №2-1(118)-1321/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1321/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1321/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23/6 nömrəli qərarı və ünvan 3i ərazisində yerləşən 874 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə ünvan 3i ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin (başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşən hissəsi istisna olmaqla) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı və Abşero rayonu, Masazır kəndi ərazisində yerləşən 874 kv m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3ində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə iddiaçıya ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. O, cavabdeh idarəyə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı dəfələrlə, sonuncu dəfə isə 31.05 2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-Ə-0186-8/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməlidir. Belə ki, Abşeron rayon Xırdalan qəsəbə X6 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qaran Xırdalan südçülük sovxozunun direktorunun hər bir işçiyə, o cümlədən iddiçıaya 0,10 ha torpaq sahəsi ayrılması barədə 23 mart 1989-cu il tarixli əmri təsdiq edilməsi, torpaq sahəsinin naturada bölgüsünün aparılması və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə olmuşdur. Torpaq sahəsinin ayrılması Abşeron rayon Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsi tərəfindən təsdiq edilməmiş olsa idi, o zaman torpaq sahəsinin bölgüsünün aparılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, aparılan araşdırma zamanı ünvan 3i ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı Abşeron rayon Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə ayrıldığı bəyan edilsə də, təqdim edilmiş qərarla həyətyanı torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verildiyi, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Daha sonra cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, ünvan 3ində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı Talib oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 18 aprel 2022-ci il, 29 noyabr 2022-ci il, 27 fevral 2023-cü il və 31 may 2023-cü il tarixli müraciətləri olmuş, həmin müraciətlərin icrasından imtina barədə bildiriş məktublarında etiraz ərizəsində qeyd edilmiş əsaslardan əlavə sözügedən torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Təkrar araşdırma zamanı mübahisəli torpaq sahəsi ilə başqa şəxslərin adına olan hər-hansı torpaq sahəsi ilə üst-üstə düşmə halının mövcud olmadığı aşkar edilmiş, bu səbəbdən etiraz ərizəsində üst-üstə düşmə halı etirazın əsası kimi qeyd edilməmişdir. Təkrar araşdırma zamanı torpaq sahəsinin 0,0126 ha (126 m2) hissəsinin yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan: -Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1990-cı il tarixli 23/6 saylı qərarından çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli, 111 №-li qərarı ilə fərdi ev tikmək üçün sovxozda işləyən Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına sovxozun direktorunun 23 mart 1989-cu il tarixli, 25 №-li və 28 noyabr 1989-cu il tarixli, 108a №-li əmri ilə hər bir işçiyə Masazır kəndindən 0,10 ha və Bakı quşçuluq fabriki sahəsindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Xırdalan südçülük sovxozunun əmək kollektivi şurası, ilk həmkarlar ittifaqı təşkilatı, müdiriyyətin 20 mart 1989cu il tarixli 2 №-li və 26 noyabr 1989-cu il tarixli 9 №-li qərarı, sovxoz direktorunun 23 mart 1989-cu il tarixli, 25 №-li və 28 noyabr 1989-cu il tarixli, 108a №-li əmri ilə adları qeyd olunan vətəndaşların torpaq sahələrinin naturada bölgüsü RİK-nin memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikmək məqsədəuyğun hesab edilmişdir. Vətəndaşların adlı siyahısında İddiaçı adı qeyd edilmişdir. -Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayonu Masazır bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin 23/6 saylı, xx.xx.1990-cı il tarixli qərarı ilə vətəndaş İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Masazır bələdiyyəsi etiraz etmir. - Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı ünvan 3i ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən 125 kv m hissəsi yolun mühafizə zolağına düşdüyü üçün həmin torpaq sahəsinin 875 kv m olmasına 125 kv m hissənin azalmasına heç bir etiraz etmir,razıdır. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Xırdalan XDS İK-nin 23/6 saylı sərəncamı xx.xx.1990-cı il tarixli qərarında İddiaçı aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Xırdalan XDS İK-nin xx.xx.1990-cı il tarixli, 23/6 saylı qərarında İddiaçı aşkar edilməmişdir. Qərarın verilməsinə əsas olan Abşeron rayon Xırdalan südçülük sovxozunun 108 saylı əmri (108 a saylı mövcud deyil) xx.xx.1989-cu il tarixli deyil, xx.xx.1985-ci il tarixlidir və sözügedən əmr vətəndaşlara torpaq sahəsi ayrılması barədə deyildir. Abşeron rayon Xırdalan südçülük sovxozunun 25 saylı, xx.xx.1989-cu il tarixli əmri aşkar edilməmişdir. - İddiaçı ayrılmış torpaq sahəsinə dair dair tərtib edilmişxx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin qərb hissəsindən keçən avtomobil yolunun hərəkət istiqamətinin mərkəzi ilə arasındakı məsafə 7,35 metrlə 8,53 metr arasında dəyişir. Ümumi daş hasar daxilindədir. Yerquruluşu planında göstərilən koordinatlar naturaya uyğundur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 01 yanvar 1971-ci il tarixdə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, ünvan 3ində yerləşən 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayon Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə iddiaçının adına ayrılmış 0,10 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi iddiaçıya təhvil verilmiş, faktiki olaraq istifadəsi və sahibliyindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Oxşar işlər üzrə məhkəmə praktikasından müəyyən edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli 111 nömrəli Qərarı ilə fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar Yevlax rayon Mingəçevir qəsəbəsi və Abşeron rayon Masazır kəndinin ərazisinin genişləndirilməsi və s.qərara alınmışdır. Həmin Qərara əlavə edilmiş siyahıdan görünür ki, Abşeron rayon Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına (150 ailə) fərdi yaşayış evinin tikintisi üçün ayrılması ilə əlaqədar Abşeron rayon İcraiyyə Komitəsinə 15.0 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Xıralan qəsəbə XDS İK-nin 30 mart 1990-cı il tarixli 23/6 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli, 111 №-li qərarı ilə fərdi ev tikmək üçün sovxozda işləyən Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına sovxozun direktorunun 23 mart 1989-cu il tarixli, 25 №-li və 28 noyabr 1989-cu il tarixli, 108a №-li əmri ilə hər bir işçiyə Masazır kəndindən 0,10 ha və Bakı quşçuluq fabriki sahəsindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrində Azərbaycan SSR-də kənd yeri tövsiyyə olunan layihə üzrə fərdi ev tikməyə icazə verilməsi barədə 27 mart 1990-cı il tarixli 66 və 67 №-li məktubla qəsəbə XDS İcraiyyə Komitəsindən xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazda aparılan araşdırma zamanı ünvan 3i ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı Abşeron rayon Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə ayrıldığı bəyan edilsə də, təqdim edilmiş qərarla həyətyanı torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verildiyi, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunduğunu qeyd etmişdir. Daha sonra etiraza əlavə təqdim edərək bildirmişdir ki, ünvan 3ində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı Talib oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 18 aprel 2022-ci il, 29 noyabr 2022-ci il, 27 fevral 2023-cü il və 31 may 2023-cü il tarixli müraciətləri olmuş, həmin müraciətlərin icrasından imtina barədə bildiriş məktublarında etiraz ərizəsində qeyd edilmiş əsaslardan əlavə sözügedən torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Təkrar araşdırma zamanı mübahisəli torpaq sahəsi ilə başqa şəxslərin adına olan hər-hansı torpaq sahəsi ilə üst-üstə düşmə halının mövcud olmadığı aşkar edilmiş, bu səbəbdən etiraz ərizəsində üst-üstə düşmə halı etirazın əsası kimi qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, təkrar araşdırma zamanı torpaq sahəsinin 0,0126 ha (126 m2) hissəsinin yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Oxşar işlər üzrə məhkəmənin verdiyi sorğularla müəyyən edilmişdir ki, Xırdalan südçülük sovxozunun 1989-cu ilə dair sənədlərin saxlanıldığı kitablar arasında Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda olan kitab 68 nömrəli əmrdən üzlüksüz olaraq başlayır. Məhkəmə hesab edir ki, toplanan sənədlərin məcmusu İddiaçı torpaq sahəsinin Xırdalan südçülük sovxozunun 23 mart 1989-cu il tarixli, 25 №-li və 28 noyabr 1989-cu il tarixli, 108a №-li əmri ilə ayrıldığını təsdiq edir. Həmin əmrin arxivdə aşkar edilməməsi vətəndaşın məsuliyyətinə aid olmamaqla ümumiyyətlə həmin dövrə aid arxiv kitabının olmaması, daha doğrusu həmin kitabın bir hissəsinin məhv edilməsi ilə bağlıdır ki, cavabdehin bu səbəbdən iddiaçıya imtina cavabı verməsi əsassızdır. Xıralan qəsəbə XDS İK-nin 30 mart 1990-cı il tarixli 23/6 saylı qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla mübahisəsi gedən torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Azərbayan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli 2(102)-2282/2023 sayl qərarında göstərilmişdir ki, “Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Bu mənada, hazırki işin halları baxımından aydındır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. Çünki həmin qərar məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Qeyd edilən qərarda isə yuxarıda da göstərildiyi kimi ehtiyacı olan vətəndaşların məskunlaşdırılması ilə bağlı məsələlər, o cümlədən fərdi yaşayış evlərinin tikintisini təmin etmək üçün onlara torpaq sahələrinin ayrılması məsələsinin həll edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, işdəki sənədlərin məcmusu, o cümlədən inzibati aktın məqsəd ünsürü nəzərə alındıqda Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənəddir”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı və ünvan 3i ərazisində yerləşən 874 kv m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan qəsəbə X5 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı və ünvan 3i ərazisində yerləşən 874 kv m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar