Məhkəmə qərarları › İş №2-1(118)-1322/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1322/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1322/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən silinmiş 759912,56 manat vergi və ona hesablanmış 379956,14 manat maliyyə sanksiyası, cəmi 1139868,7 manatın cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən silinmiş 759912,56 manat vergi və ona hesablanmış 379956,14 manat maliyyə sanksiyası, cəmi 1139868,7 manatın cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının direktoru X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasın təxirə salınması məqsədəmüvafiq hesab etmədi. Cavabdeh inzibati orqanın nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İlk növbədə qeyd etməyi zəruri hesab edilir ki, iddia növünə münasibətdə hazırkı iddia öhdəliyin icrası haqqında olduğuna görə iddiaçı tərəfindən ərazi aidiyyəti üzrə düzgün müraciət olunmamışdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda (8.1.1-8.3.1-1-ci maddələrdə göstərilənlərdən başqa) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin maddənin tələbi baxımından hazırki iddia (öhdəliyin icrası haqqında iddia) üzrə mübahisəyə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 48.2ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən işin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (8.1.4). Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115-dir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli sərəncamı ilə 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələri də ləğv edilmiş, yeni Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmişdir. Eyni zamanda həmin sərəncamla verilmiş tapşırıqların icrası ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Həmin qərarın əlavəsinin 15.7-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Hazırkı iddianın öhdəliyin icrası növündə baxılan iddialara aid olduğu nəzərə alınaraq məhkəmə hesab edir ki, cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti əsaslıdır və təmin edilməlidir. Belə olan halda, iddiaçının iddia tələbinə cavabdehin olduğu yerin məhkəməsində, yəni Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən silinmiş 759912,56 manat vergi və ona hesablanmış 379956,14 manat maliyyə sanksiyası, cəmi 1139868,7 manatın cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2-1(118)-1322/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar