Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1322/2022 20.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “ona xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta Texniki peşə məktəbində təhsil aldığı dövrün əmək stajına hesablanaraq ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi və pensiyaçı kimi işlədiyi dövrdə topladığım sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünməklə əmək pensiyasının üzərinə əlavə edib 284.72 manat indeksləşdirilərək işdən çıxan tarixdən xx.xx.2017-ci ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “ona xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Qusar rayonunun Kalunxur kəndində anadan olmuşdur. Ona xx.xx.2014-cü ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuş və xx.xx.2021-ci il tarixə kimi həmin pensiyanı almışdır. Lakin ona xx.xx.2014-cü ildə pensiya təyin olunarkən xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajına hesablanmamış və nəticədə ona az pensiya məbləği hesablanmışdır. Ona görə də o pensiyanın yenidən hesablanıb artırılması məqsədilə cavabdehə müraciət etmişdir. Onun təxmini hesablamalarına görə pensiyası 9 manat artmalı idi, yəni aldığı 320,68 manatın üstünə gələrək 329,68 manat almalı idi. Lakin pensiyası artmaq əvəzinə cavabdeh əksinə xx.xx.2021-ci il tarixdən pensiyasını 21 manat azaldaraq 299,91 manata endirmiş üstəlik onu borclu çıxarmışdır. Guya ona indiyə kimi 43,13 manat artıq pensiya ödənilmişdir. Halbuki xx.xx.2014-cü ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunarkən xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajına hesablanmamış və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəsini rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtinası əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini və təhsil almasını təsdiq edən sənədləri, hərbi biletini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1-ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıya, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, mənə xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajıma hesablanaraq təhsil aldığı dövr ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bundan başqa, qanuna əsasən, pensiyaçı kimi işlədiyi dövrdə topladığı sığorta kapitalı-3147,63 manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-144 aya bölünməklə-3147,653/144=21,86 manat əmək pensiyasının üzərinə əlavə edib-262,86+21,86=284,72 manat indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən yox, işdən çıxan tarixdən-xx.xx.2017-ci ildən ödənilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahatlar verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2014cü il tarixindən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” (bundan sonra - ƏPQ) qanuna uyğun olaraq 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “ƏPQ”-nun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “ƏPQ”-nun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətii iə məşğul olan fizki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi “ƏPQ”da ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək faəliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və həmin məktubda qeyd olunmuşdur ki, pensiyaçı kimi işlədiyi dövrdə sığorta kapitalının 3147,63 manat olması, habelə xx.xx.2020-xx.xx.2021-ci il tarixlər arasındakı dövr ərzində 43.13 manat pul vəsaitinin ödənildiyinin müəyyən edildiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalının olduğu və ona ümumilikdə 80,39 manat məbləğində artıq ödəmənin olduğu və iddiaçıya xx.xx.2014-cü il tarixində 178,44 manat məbləğində pensiya məbləği ödənilməli olduğu, lakin 178.00 manat ödənildiyi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmədən ona xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı hesab edir ki, ona təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2014-cü il tarixindən 178,44 manat hesablanmalı olduğu halda az hesablanmışdır. Məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması ilə bağlı cavabdeh inzibati orqana sorğu göndərilmiş, cavabdehin 19 avqust 2022-ci il tarixli məktubu ilə iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalının olduğu və ona ümumilikdə 80,39 manat məbləğində artıq ödəmənin olduğu və iddiaçıya xx.xx.2014-cü il tarixində 178,44 manat məbləğində pensiya məbləği ödənilməli olduğu, lakin 178.00 manat ödənildiyi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışda həmin dövrlərdə iddiaçıya 178 manat məbləğində pensiya ödənildiyi müəyyən edilmir. Əksin 2015-2016-cı illər ərzində iddiaçıya 174,35 manat məbləğində pensiya ödənildiyi müəyyən edilir. Məhkəmə tərəfindən qeyd olunan anlaşılmazlıqların və ziddiyyətlərin aradan qaldırılması məqsədilə cavabdeh orqana sorğu göndərilməsinə baxmayaraq, məhkəmənin həmin məktubuna cavabdeh tərəfindən hər hansı bir cavab verilməmiş və qeyd olunan ziddiyyətlərə aydınlıq gətirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də qeyd olunan dövrlərdə iddiaçıya 178 manat məbləğində pensiya ödənildiyini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının pensiyasının yenidən hesablanması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı işləyməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyasının hesablanmış məbləği ilə razı deyildir. Hazırda iddiaçı ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını istəyir. İddiaçı cavabdeh inzibati orqanın apardığı hesablama ilə razılaşmır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub -şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Göründüyü kimi, qanunvericiliyin həmin norması bütün işləyən əmək pensiyaçılarına münasibətdə istisnasız olaraq əmək pensiyalarının yenidən hesablanması şərtlərini və qaydasını müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra işlədiyi müəyyən olunduğundan hazırkı norma iddiaçıya şamil edilməli və onun pensiyasının məbləği yenidən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1322/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1322/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver