Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1322/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh orqana müracitə etsə də, cavabdeh orqan ərizənin icrasından imtina etmişdir. İmtinada xüsusi səbəb qismində diaqnoz – əlillik əlaməti təyin etməməsi, ümumi xəstəlik olaraq isə müalicənin davam etdirilməsi barədə qərar qəbul edildiyi göstərilmişdir. İddiaçı cavabdeh orqanın imtinası ilə razı olmadığını və qeyd olunan halları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək müayinədən keçmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizm funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. Daha sonra məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadla iddiaçıda mövcud olan xəstəliklərin və qüsurların müəyyən edilməsi üçün məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və tərtib edilmiş xx.xx.2025-ci il tarixli 717 saylı ekspert rəyi təqdim edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə- psixiatrik ekspertizasının ekspert rəyində İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” aşkar edildiyi, bu halın iddiaçının kəllə-beyin travması alması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) və hazırki psixiatrik müayinənin nəticələri ilə təsdiq edildiyi bildirilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 02 iyul 2025-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçıda Nevroloji baxış zamanı kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər refleksləri D>S canlı çağrılmış, sağ aşağı ətrafda tonus bir qədər yüksəlmiş, əzələ gücü sağ yuxarı ətrafda 4,5 bal, sağ aşağı ətrafda isə 4 bal kimi qiymətləndirilmiş, patoloji reflekslərdən yuxarı və aşağı ətrafda Babinski, Bare Marinesko- Rodoviç və Hoffman sınaqları mənfi, klonus müşahidə edilməmişdir. Vətəndaş psixiatrik xəstəxanaya müraciət etmə səbəbini açıqlayacaq əsaslı şikayət bildirməmiş, insult keçirməsinə dair tibbi müalicə sənədi təqdim etmiş, hazırda xəstəliyin dinamikasında yaxşılaşma müşahidə olunmuşdur. Psixi statusunda zahirən mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuş, intellektual mnestik funksiyaları yaşam tərzinə uyğun olmuş, imtiyazlı qrup dərmanları qəbul etdiyini bildirmiş, psixiatrik xəstəxanalara müraciət etmə səbəbini əsaslandıra bilməmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi “Baş beyinin involyutiv-atrofik dəyişiklikləri. Baş beynin hər iki yarımkürəsində xroniki dövr işemik və postişemik fokal qliotik ocaqlar (hipertonik ensefalopatiya əlamətləri” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 14575 nömrəli çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2024-xx.xx.2024-cü il tarixli 027 nömrəli Çıxarışında diaqnoz “Beyin infarktının nəticələri. Sağ tərəfli hemiparez, 4 bal. Kranial KT-nin nəticəsi belə qeyd edilmişdir: Hər iki beyin yarımkürəsində periventrikulyar dərin ağ maddədə xronik işemik mikroanqiopatik sahələr izlənilir. Sol hemisferdə periventrikulyar dərin ağ maddədə xroniki dövr işemik insult üçün xarakterik ensefalopatiya sahəsi qeyd olunur” kimi qeyd edilmiş, müalicə potensialının tükənmədiyi nəzərə alınmışdır. Müalicə potensialının tükənmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarına iddiaçıya aid olan Sumqayıt Tibb Mərkəzi X4 1 nömrəli şəhər xəstəxanasından daxil olmuş epikriz, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş ambulator çıxarış, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 daxil olmuş tibb vərəqəsi də əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 oktyabr 2023-cü il tarixli, 276 nömrəli qərarında iddiaçının xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı ona təyin edilmiş yaralanma və travmaların hərbi travma olub Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir. İş materiallarında mövcud olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 daxil olmuş Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 5161 nömrəli Rəyində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq iddiaçının psixiatr müayinəsindən keçdiyi və nəticədə “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi FO7.0 (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) diaqnozu təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə dəvət edilərək müayinədən keçmiş və iddiaçıya ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizm funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırılmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən göründüyü kimi cavabdeh tərəfindən elektron sistem vasitəsilə verilmiş məlumatda əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5. Tətbiq edilən hüquq Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3.1. Şəxsinorqanizminin funksiyalarının pozulması faizi, səbəbivə müddəti müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir.Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bənd: Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd: Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd: Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2baş beynin zədələnməsi, disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-F06 üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 postensefalit sindromu-F07.1 postkontuzion sindrom-F07.2 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 33.1-ci maddə: Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddə: Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddə: Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
6. Məhkəmənin mövqeyi
İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 4387 nömrəli arxiv arayışında göründüyü üzrə Mərkəzi Hərbi Poliklinakısının Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.1992-ci il tarixdə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 oktyabr 2023-cü il tarixli, 276 nömrəli qərarında iddiaçının xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş yaralanma və travmaların hərbi travma olub Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir. Məhkəmə icraatı gedişində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadla İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə dəvət edilərək müayinədən keçmiş və iddiaçıya ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizm funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmənin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad əsasında İddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində cavabdeh orqanın nümayəndələrinin iştirakı olmadan məhkəmə-psixiatrik ekspertizası keçirilməsi qərara alınmış və keçirilmiş ekspertiza nəticəsində xx.xx.2025-ci il tarixli, 717 saylı ekspert rəyi tərtib edilmişdir. Ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” aşkar edilmiş, bu hal iddiaçının kəllə-beyin travması alması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) və hazırki psixiatrik müayinənin nəticələri ilə sübut edilmişdir. Əlavə olaraq, iddiaçının zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsız olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsə əlillik təyin edilməsi şəxsin sağlamlıq vəziyyətində mövcud olan faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun gəlinmiş nəticəyə dair aktın qəbul edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edilmiş məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi və nəticəsi (ekspert rəyi) İddiaçı barəsində onun sağlamlıq vəziyyətinə uyğun əlilliyin təyin edilməsi üçün sözügedən aktın hüquqi əsasını təşkil edir. Göründüyü üzrə əlilliyin təyin olunması iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçıda əks olunmuş xəstəliklərin mövcudluğu onun barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s.), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Yəni, qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəf iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıda mövcud xəstəliklərin qanunvericilikdə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi üçün ona əlillik statusunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “əlilliyinin müəyyən edilməsi” öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev