Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1323/2023 11.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı “Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında cavabdeh Abşeron rayonu Görədil bələdiyyə sədrinin 17 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Əliyev Cavid Hicran oğluna otrpaq sahəsinin satılması haqqında cavabdeh Abşeron rayonu Görədil bələdiyyə sədrinin 17 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X2 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarından 2 qız övladları dünyaya gəlmişdir. Həyat yoldaşı X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı sağlığında Abşeron rayonu Görədil bələdiyyənin 17 sentyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 0.006 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən torpaq sahəsinə dair torpaq sahəsinin A seriyalı, 195417 nömrəli planı və ölçüsü (X5 kitabında 12501 nömrə ilə uçota alınıb) tərtib edilmişdir. Yuxarıda qeyd edilən kimi həyat yoldaşı X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O və 2 azyaşlı övladı mərhum həyat yoldaşının hüquqi varisləridir və mərhum həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 8 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Həyat yoldaşının vəfatından sonra təkbaşına qaldıqları üçün və maddi imkanıları çətin olduğuna görə o, həmin torpaq sahəsində hər hansı bir tikinti işləri apara bilməmişdir. Bir müddət öncə ona məlum olmuşdur ki, Abşeron rayon Göradil Bələdiyyəsi tərəfindən mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinin bir hissəsi Əliyev Cavid Hicran oğlu və onun həyat yoldaşı X3 tərəfindən, digər hissəsi isə X4 adlı şəxs tərəfindən ayrı-ayrılıqda zəbt olunmuş və həmin torpaq sahəsində qanunsuz hasarlama və tikinti işləri aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, mərhum həyat yoldaşı X1 ayrılmış torpaq sahəsi, ya da onun bir hissəsi Abşeron rayon Görədil Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 №-li qərarı ilə Əliyev Cavid Hicran oğluna satılmışdır. Tərəfindən Abşeron rayon Görədil bələdiyyəsinə müraciət olunaraq vətəndaş Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında Abşeron rayon Görədil bələdiyyəsinin 17 nömrəli, 30 noyabr 2007-ci il tarixli sərəncamının və buna əsas və aidiyyatı olan bütün sənədlərin (ərizə və ona əlavə olunan sənədlərin, torpaq sayəsinin ayrılmasına dair qərarın, yerqurluşu planından çıxarışın, alqı-satqıya dair aktın, torpağın nəzərdə tutulmuş satış qiymətinin ödənilməsinə dair qəbzin, ayrılmış torpaq sahəsinin koordinat döngə nöqtələrinin və s.) surətinin verilməsi xahiş edilmişdir. Abşeron rayon Görədil bələdiyyəsi tərəfindən 049№-li, xx.xx.2022-ci il tarixli (məktub xx.xx.2022-ci il tarixdə rəsmi təqdim olunubdur) cavab məktubu ilə Abşeron rayon Arxiv idarəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Abşeron rayon Dövlət arxivinə etdiyi çox saylı müraciətlərdən sonra nəhayət ki, Abşeron rayon Dövlət arxivi tərəfindən H340 №-li, xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayonu Görədil Bələdiyyə sədrinin 30 novabr 2007-ci il tarixli, 17 №-li tarixli qərarı və ödəniş qəbzinin surəti əldə olunmuşdur. Abşeron rayon Dövlət arxivi tərəfindən H340 №-li, xx.xx.2022-ci İl tarixli məktubu və həmin məktuba əlavə olunan Abşeron rayonu Görədil Bələdiyyə sədrinin 30 noyabr 2007-ci il tarixli, 17 №-li tarixli qərarı və ödəniş qəbzindən göründüyü kimi Əliyev Cavid Hicran oğluna torpaq sahəsi 30 noyabr 2007-ci il tarixli qərarla, yəni 17 sentyabr 2007-cİ il tarixində mərhum həyat yoldaşıma torpaq sahəsi ayrılandan sonra verilmişdir ki, sonradan ona ayrılan torpaq sahəsinin yenidən başqa şəxsə verilməsi tamamən qanunsuzdur. İddiaçı müvafiq hüquqi yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının mərhum həyat yoldaşına Abşeron rayonu Görədil bələdiyyənin 17 sentyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 0.006 ha torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı öldükdən sonra iddiaçıya məlum olmuşdur ki, bələdiyyə tərəfindən mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinin bir hissəsi Əliyev Cavid Hicran oğlu və onun həyat yoldaşı X3 tərəfindən, digər hissəsi isə X4 adlı şəxs tərəfindən ayrı-ayrılıqda zəbt olunmuşdur. Həmin torpaq sahəsində qanunsuz hasarlama və tikinti işləri aparılmış və mübahisəli torpaq sahəsi cavabdeh orqanın 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə Əliyev Cavid Hicran oğluna satılmışdır. İddiaçı cavabdeh orqanın sözügedən 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarının ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı, həyat yoldaşının vəfatından sonra sonunucunun istifadəsində və sahibliyində olan torpaq sahəsi ilə bağlı hüquqlarını məhdudlaşdıran qərarın ləğv edilməsini istəyir. Lakin o, hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən, mərhum həyat yoldaşının qanuni vərəsəsi olması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. İstinad olunan normalardan göründüyü kimi hüquq sahibi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, onun vərəsələri inzibati orqana müraciət etmək hüququ əldə etmiş olur. Bu halda qanunun tələbinə görə mərhumun qanun və ya vəsiyyət üzrə vərəsələri vəfat etmiş şəxsin adına daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasına ərizə ilə inzibati orqana müraciət etmək hüquqlarına malik olmuşlar. İş materiallarından isə iddiaçının həyat yoldaşının qanun və ya vəsiyyət üzrə vərəsəsi olması müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı “Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında cavabdeh Abşeron rayonu Görədil bələdiyyə sədrinin 17 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1323/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1323/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver