Məhkəmə qərarları › İş №2-1(118)-1324/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1324/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1324/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı 01 avqust 1988-ci il tarixdə anadan olmuşdur. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və 2010-cu ildə bu hərbi təhsil müəssisəsini leytenant rübəsində uğurla bitirmişdir. Bundan sonrakı 1 il ərzində Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçdikdən sonra xidmətini davam etdirmək üçün düşmən Ermənistan sialhlı bölmələri ilə keçmiş təmas xəttində yerləşən Ağdam rayonu ərazisində N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyinat almışdır. 2013-cü ildə bölük komandiri kursuna yazılıb oranı bitirdikdən sonra bölük komandiri vəzifəsinə keçirilərək xidmətini davam etdirmişdir. 2016-cı ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyinat almış və ona qarşı cinayət əməlləri və hazırkı iddiaya səbəb olmuş pozuntular baş verənə qədər, yəni 2017-ci ilin may ayına qədər bu hərbi hissədə xidmətdə olmuşdur. İddiaçı xidmət dövründə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları, o cümlədən 08 oktyabr 2015-ci il tarxdə baş leytenant rütbəsi ilə təltif olunmuşdur. İddiaçı 08 may 2017-ci il tarixdə hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 13 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. 06 sentyabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 13 yanvar 2018-ci ilə qədər uzadılmışdır. 22 sentyabr 2017-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. 25 sentyabr 2017-ci il tarixdə bu cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan əvvəlki cinayət işinə birləşdirilməklə bir icraatda istintaq davam etdirilmişdir. 22 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə davam edən iş üzrə ibtidai istintaq 18 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. İddiaçı təyin edilmiş 11 (on bir) aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. İddiaçı 20 may 2017-ci il tarixdən 17 may 2018-ci il tarixə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr iddiaçıya elan edilsə də onun surəti nə həmin tarixdə, nə də ondan sonrakı tarixlərdə iddiaçıya təqdim edilmişdir. Əmr faktiki olaraq İddiaçı əsassız sorğu-sual edilməsi və cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnmiş tabeçiliyində olan hərbi qulluqçulara zor tətbiq etməsi ilə əsaslandırılmış, İddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan və üzləşdiyi əsassız ittihamlar və işgəncələrdən bezdiyindən hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmri həmin dövrdə, yəni 2018-ci ilin mayında qəbul etməkdən başqa seçim imkanı mövcud deyildi. Həm İddiaçı, həm digər zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin çoxsaylı müraciət və etirazlarından sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra İddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə İddiaçı məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Rəhim Hüseynliyə həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də 331.2, 331.3 və 341.1-ci (329.2.1 və 341.1-ci maddələrə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da İddiaçı xidməyə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı İddiaçı 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o 12 oktyabr 2022-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 17 may 2018-ci ildən əmrin ləğv ediləcəyi tarixə qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. Göndərilmiş ərizəyə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən xx.xx.2022-ci il tarixli, 4/5223 saylı məktub daxil olmuşdur. Məktubda bildirilir ki, vətəndaş İddiaçı müraciəti aidiyyəti üzrə baxılması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisinə göndərilmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 8/4534 saylı məktubda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktybar 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı və pul təminatının digər növləri, yalnız onlar hərbi xidmətdə olduqları dövr ərzində ödənilir.” Hərbi xidmətdən tərxis olunduğunuz üçün pul təminatının ödənilməsi mümkün deyildir. Qeyd edilən məktublardan başqa cavabdeh Müdafiə Nazirliyindən başqa heç bir cavab məktubu daxil olmamış, iddiaçı tərəfindən ünvanlanmış ərizədə göstərilən tələblər üzrə heç bir addım atılmamışdır. Bununla da faktiki olaraq cavabdeh tərəfindən İddiaçı ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və ondan irəli gələn digər hərəkətlərin edilməsindən imtina edilmişdir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassızdır, cavabdehin üzərinə əmrin ləğv edilməsi, işə bərpa edilməyi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ona ödənilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı Şücayət oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqn mübahisənin məhkəmədənkənar həlli ilə bağlı vaxt istəmiş, laki xidmətə bərpa yeri barədə razılıq olmadığına görə mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, İddiaçı 08 may 2017-ci il tarixdə hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi və 331.2, 331.3 və 341.1-ci maddələri ilə ittiham olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. İddiaçı təyin edilmiş 11 (on bir) aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsini istəyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 16 may 2023-cü il tarixli 3-25-11/2-2224/2023 saylı məktubunda inzibati işin məhkəmədənkənar həlli məqsədilə tərəflərindən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə məktub göndərildiyi, qeyd olunanları nəzərə alaraq iddiaçı barəsində müvafiq qərar qəbul edilənədək məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdirlər. Lakin xidmətə bərpa yeri ilə əlaqədar mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı İddiaçı Şücayət oğlunun barəsində istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarın surəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 25 may 2023-cü il tarixli 0129 saylı məktubu ilə iddiaçının şəxsi işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də 331.2, 331.3 və 341.1-ci (329.2.1 və 341.1-ci maddələrə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi qulluqçuların statusu” haqqında Qanuna əsasən : Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 26.1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Maddə 26.2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən:

70. Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir.

158. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. “Əmək Pensiyaları haqqında” Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir. “İnzibati icraat haqqında” Qanuna əsasən: 17.1. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin yuxarıda qeyd edilən hallarını və hərbi qulluqçuların pozulmuş hüquqlarını qoruyan yuxarıda qeyd edilmiş hüquq normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrə səbəb olmuş əsaslar aradan qalxdığına görə mübahisələndirilən əmr ləğv edilməklə, iddiaçının qanunvericiliyin qeyd edilmiş normalarına uyğun olaraq pozulmuş hüquqları bəpra edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması (“xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılan dövrdən xidmətə bərpa edilən dövrə qədər olan müddətin sosial sığorta stajına hesablanması üçün zəruri hərəkətlərin edilməsi, sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi, və.s) və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması (“xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılan dövrdən xidmətə bərpa edilən dövrə qədər olan müddətin sosial sığorta stajına hesablanması üçün zəruri hərəkətlərin edilməsi, sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi və.s) və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar